• 17 Yanvar 2021
logo
FRANSA BÖLGƏDƏ ERMƏNI SEPARATIZMINI YENIDƏN CANLANDIRMAQ NIYYƏTINDƏDIR

FRANSA BÖLGƏDƏ ERMƏNI SEPARATIZMINI YENIDƏN CANLANDIRMAQ NIYYƏTINDƏDIR

Fransa “off side”da qalmışdı, indi artıq “qırmızı kart” aldı. 44 günlük müharibə dövründə əsl simasını büruzə verərək tərəfli münasibət göstərən və Ermənistanı şiddətlə müdafiə edən Fransa Senatında 25.11.2020-ci il tarixində “Dağlıq Qarabağ Respublikası”nın tanınmasının “zərurilini” bildirən qətnamə qəbul edib.
İndi başa düşmək olmur ki, Fransa nə istəyir?

Bunu QHT sədri, beynəlxalq məsələlər üzrə ekspert Emin Əliyev mediaya açıqlamasında bildirib.

Ekspert deyib ki, çox paradoksal vəziyyət yaranıb. Fransa münaqişənin həllində vasitəçilik edir. Bu status neytrallığı tələb edir: "Münaqişə 10.11.2020-ci il tarixli məlum bəyanatla yekunlaşıb və sülh müqaviləsinin mətni üzərində iş gedir. Əslində münaqişə tamamlanıbsa bu Fransanın marağında olmalı deyildimi?! Bəs necə oldu ki, birdən-birə Fransa belə bir qətnamənin qəbul olunmasına razı oldu?
Doğrudur, bu qətnamə heç nəyi dəyişməyəcək və ona səs verənlərin və imza atanların hansı dövləti təmsil etməsindən, kim olmasından asılı olmayaraq o sənəd bir kağız parçasıdır. Lakin maraqlı məsələ Fransanın bu addımı atma səbəbidir".

Xatirimizdədir ki, pandemiyanın ilkin dövründə dünya liderləri bir ağızdan deyirdilər ki, dünya bundan sonra heç bir zaman əvvəlki kimi olmayacaq: "Biz tədricən dünyanın dəyişdiyinin şahidi olmaqdayıq. Qafqazda ciddi dəyişikliklər baş verir. Regionda stabilliyin olmaması üçün hər zaman çalışan “sülh quşları” artıq bölgədən “uçurdulur”. Bölgəyə daha yaxın olan Türkiyə və Rusiya burada əlavə oyunçuları görmək istəmir və buna mane olmaq asan olmayacaq. Fransa bu cür oyunla bölgədə nüfuz qazanacağını düşünürmü?
Burada bir məqama toxunmalıyıq. Fransa artıq uzun zamandır ki, Türkiyə Respublikasının siyasi maraq dairələrinin genişlənməsindən və regional güc kimi möhkəmləniv qlobal gücə çevrilməsindən ciddi şəkildə narahat olmağa başlamışdır. Liviya, Livan və Aralıq dənizində aldığı ağır siyasi məğlubiyyətlər onu daha da aqressivləşdirmişdir. Fransa prezidenti Emmanuel Makron antiislam və antitürk ritorikası ilə ölkə daxilində müəyyən reytinq əldə etmək və qarşıdakı seçkilərdə uğur qazanmaq istəyir. Qafqaz bölgəsində də o mövqelərini məhz Türkiyə Respublikasına uduzur".

E.Əliyev bildirib ki, 25 noyabr tarixində verilmiş qətnamənin Azərbaycan və Türkiyə üçün zərrə qədər təsiri olmayacaq və bunu Prezidentin köməkçisi Hikmət Hacıyev və Xarici İşlər Nazirliyi də öz bəyənatlarında bildirdilər. Amma bu bəyənatın ən təhlükəli tərəfi budur ki, bu qətnamə bölgədə erməni separatizminin yenidən canlanmasına, özlərini “arxalı köpək” kimi aparmağa başlayacaq və əldə edilmiş razılaşmaları pozmağa meyil göstərəcəkdir: "Bu qətnamə birmənalı şəkildə bölgədə yenidən münaqişə zonası yaratmağa xidmət edir. Onsuz da Fransanın 44 günlük müharibə dövründə siyasi davranışları onu Minsk qrupunun həmsədri olmaq hüququnun üzərindən qalın bir xətt çəkdi. Hətta daha dərinə gedərək onu demək lazımdır ki, Minsk qrupu özünün “tarixi missiya”sını başa vurmuşdur.
Fransanın bu qətnaməsi ilə bağlı yəqin ki, Azərbaycan və Türkiyə tərəfi ciddi addımlar atacaqdır. Fransa rəhbərliyi isə yəqin ki, rasional düşünərək bölgədə güclü dövlətlərlə münasibətlərin korlanmasına imkan verməyəcəkdir".