• 19 Mart 2024
logo
UNESCO Qarabağın mədəni və dini irsinin mühafizəsində iştirak edəcək

UNESCO Qarabağın mədəni və dini irsinin mühafizəsində iştirak edəcək

UNESCO Qarabağın mədəni və dini irsinin mühafizəsində iştirak edəcək.

Bu barədə Trend-ə təşkilatdan bildiriblər.

Qeyd olunub ki, hazırda UNESCO ekspertlərinin regiona qiymətləndirmə missiyasının təşkil olunması üzərində iş gedir: “Noyabrın 18-də UNESCO-nun baş direktoru Odri Azule Ermənistan və Azərbaycan nümayəndələrini qəbul edib. Baş direktor BMT baş katibinin Dağlıq Qarabağ münaqişə zonasında döyüş əməliyyatlarının tam dayandırılması ilə bağlı razılaşmanı alqışladığı bəyanatını xatırladıb”.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov UNESCO və İSESCO-nun baş direktorlarına müraciət edib.

Müraciətdə 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan və bu günlərdə işğaldan azad edilən Azərbaycan ərazilərində mədəni irsə dəymiş ziyanın müəyyənləşdirlməsi ilə bağlı ilkin monitorinqin aparıldığı diqqətə çatdırılıb.
Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda Azərbaycanın tarixi, mədəni və dini abidələrinə vurulmuş ziyanla bağlı ilkin monitorinqin nəticələri qeyd olunub.

Bildirilib ki, tarixi və mədəni irsin dağıdılması müvafiq beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması və bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Müraciətdə qeyd olunur ki, Azərbaycanda tarixən mövcud olmuş multikultural və tolerant cəmiyyətin inkişaf etdirilməsi bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri dinc, yanaşı yaşayır və Azərbaycanın ümumi tərəqqisinə öz töhfələrini verirlər. Çoxsaylı müsəlman icması ilə yanaşı, xristian və yəhudi dini icmaları da cəmiyyətimizin fəal hissəsidir və bu dinlərə məxsus abidələr, ibadət yerləri mənşəyindən asılı olmayaraq Azərbaycan dövləti tərəfindən mühafizə olunur, təmir və bərpa edilir.

Sonda işğaldan azad olunmuş ərazilərdə davam edən monitorinqin nəticələrinin hər iki təşkilatın rəhbərlərinə mütəmadi olaraq təqdim ediləcəyi bildirilib.