• 6 Mart 2021
logo
Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız Böyük Qələbəmizin davamıdır - Pərvin Kərimzadə

Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız Böyük Qələbəmizin davamıdır - Pərvin Kərimzadə

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü Qələbə ilə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını aldı, güclü erməni ordusu” mifini darmadağın etdi. Qısa müddət ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi. Bu Qələbə işğalçı Ermənistanın respublikamıza qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yenidən anlatdı. Bu zəfər onu da göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərbdə də liderdir. Məhz buna görə də xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi hərbi zəfərinin növbəti qələbəsi Azərbaycan Ordusunun bölmələrinin noyabrın 25-də Kəlbəcər rayonuna daxil olması ilə davam edir. Dövlətimizin başçısı İlham Əliyev hər zaman torpaqlarımızın 20 faizini işğal altında saxlayan, xalqımıza qarşı etnik təmizləmə aparan, Xocalı soyqırımını törədən faşist-quldur dəstələrinə, qonşularına qarşı ərazi iddiaları ilə azğınlaşan separatçı rejimə xəbərdarlıq edirdi, Azərbaycanın işğalla heç vaxt barışmayacağını, öz ərazi bütövlüyünü bərpa edəcəyini deyirdi. Dövlət Başçısımız dəfələrlə dünya birliyinə, işğalçı Ermənistana havadarlıq edən dövlətlərə, beynəlxalq təşkilatlara Azərbaycanın mövcud vəziyyətlə heç vaxt razılaşmayacağı mesajını çatdırırdı: “İşğalçı ölkə qısa müddətdə danışıqlar prosesinə maraqlı olmalıdır. Əks təqdirdə düşmən üçün Aprel dərsi, Günnüt zəfəri təkrarlana bilər”.

Hələ 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun sarsıdıcı zərbəsi ilə düşmən vahimələnmiş halda Dağlıq Qarabağda işğal altında saxladığı ərazilərdəki mövqeləri tərk edərək qaçdı. Əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına Lələtəpə yüksəkliyi və onunla birlikdə 2 min hektar ərazimiz geri qaytarıldı. Elə o gündən Böyük Qələbəyə gedən yolun sonu görünməyə başladı, Cəbrayılın Cocuq Mərcanlı kəndinin həyatı əvvəlki axarına qayıtdı, yurd-yuvalarından didərgin düşən insanların intizarına son qoyuldu, onlar doğma el-obalarına döndülər. Cocuq Mərcanlı “Böyük Qayıdış”ın rəmzinə çevrildi. Elə o gündən düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad ediləcəyinə inam, ümid gerçəkləşdi.

Ağdam rayonundan sonra Qarabağın qala qapısı sayılan Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız böyük qələbələrin diplomatik yolla davamı, xalq-iqtidar birliyinin dünyaya nümayişi oldu. Əslində, Bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək boşaltmalı idi. 1993-cü ildə Kəlbəcəri işğal edərkən əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt verən işğalçı Ermənistan tərəfi rayonun təhvil verilməsi üçün əlavə 10 gün vaxt istədi. Azərbaycan dövləti öz humanist xarakterini bu dəfə də nümayiş etdirdi. Güclü Azərbaycan qarşısında diz çökən erməni vandallarının acizanə xahişini nəzərə alaraq, bu müddəti noyabrın 25-dək uzadılmasına razılıq verildi. Bu qərarı qəbul edərkən həm də Kəlbəcər rayonunun coğrafi baxımdan böyük bir ərazini əhatə etməsini, relyefin mürəkkəbliyini, hava şəraitinin ağırlaşmasını və rayondan çıxış üçün cəmi bir yolun olduğu da nəzərə alındı. Azərbaycanın humanizminin qarşısında düşmən yenə də çirkin niyyətindən, vandalizm aktları törətməkdən çəkinmədi, Azərbaycanın tarixi torpaqlarına sahib çıxdıqlarını zənn edərək təbii sərvətlərimizi talan edən ermənilər Kəlbəcərdə ağacları kəsdilər, evlərə, meşələrə od vurdular, əsl ekoloji terror törətdilər. Özü də bu barbarlıq dünya ictimaiyyətinin gözü qarşısında baş verdi. Bax budur, işğalçı Ermanistan hakimiyyətinin əsl iç üzü. Qüdrətli Azərbaycan eyni zamanda regionu erməni fazimzindən xilas etdi.

Ümid edirik, dünya birliyi də, beynəlxalq təşkilatlar da, işğalçı Ermənistana havadarlıq edənlər də, bəzi Qərb liderləri də erməni vandallarının ekoloji terruna, maddi mənəvi abidələrimizin dağıdılmasına, dini abidələrinin viran qoyulmasına səssiz qalmayacaqlar.