• 16 Yanvar 2021
logo
Onlara mismar, bizə isə Vətən qalacaq!

Onlara mismar, bizə isə Vətən qalacaq!

İndi sülhdən danışmaq dəbdə deyil, bilirəm. Əslində mövzunun populyarlıq dərəcəsindən asılı olmayaraq, yeri gəldi-gəlmədi sülh barədə danışmağı mən də sevmirəm. Amma başa düşürəm ki, bütün müharibələr sülhlə sonuclanır. Bunun başqa alternativi yoxdur. Əbədi müharibə, əbədi qarşıdurma olmur.
30 ilə yaxın məğlub atəşkəsin, aşağılayıcı “nə hərb, nə sülh” qeyri-müəyyənliyinin yükünü daşıyan bir toplumun təmsilçisi kimi, şərəfli əsgər və zabitlərimizin müqəddəs qanı, müzəffər Ordumuzun rəşadəti, Ali Baş Komandanımızın iti zəkası və cəsarəti bahasına əldə etdiyimiz Böyük Qələbənin gətirdiyi üstünlüklərin sağa-sola xərclənməsinin də tərəfdarı deyiləm.
Biz indi Qalib və Məğrur sülhün gerçək sahibləriyik…
Hər dəfə sülh haqqında danışılanda, yaxud düşmən ölkənin və toplumun təmsilçilərinə münasibətdə humanizm nümayiş etdiriləndə, bu, uzun illərdən bəri ədalətsiz məğlubiyyətin ağrı-acısını yaşayan həmvətənlərimizi tamamilə təbii olaraq narahat edir. 100 ildən artıq bir zaman kəsiyinin açdığı yaralar qan verir.
Hər kəsin düşüncəsini qarmaqarışıq və birbaşa cavabları aydın olan suallar alt-üst edir:
Sual: Görəsən, ermənilər bitib-tükənməyən xəyanətlərindən, vəhşiliklərindən, iyrənc əməllərindən əl çəkəcəklər?
Cavab: Çəkməyəcəklər!
Sual: Erməni faşizmini, ultrairqçi ariizm ideologiyasını, “Böyük Ermənistan” xülyasını, qondarma soyqırım yalanını yaşam tərzinə, fəaliyyət növünə, qazanc mənbəyinə, alver predmetinə çevirən erməni diasporu və lobbisi, bu cinayətkar şəbəkə ilə iç-içə olan qərb siyasətçiləri Qalib Sülhün diqtə etdiyi şərtlərlə barışacaqlarmı?
Cavab: Barışmayacaqlar!
Sual: Erməni anaları öz övladlarını türkə, azərbaycanlıya, bütövlükdə isə torpaqlarına, mədəniyyətlərinə göz qoyduqları bütün xalqlara nifrət üzərində tərbiyə etməkdən, kin və aqressiya körükləməkdən vaz keçəcəklərmi?
Cavab: Keçməyəcəklər!
Suallar uzun, ziddiyyətli, cavablar isə qısa və birmənalıdır. Sualları yaradan ermənilərin bitib-tükənməyən iştahları, xəyanətləri, cavabları formalaşdıran isə bu xəyanətlərin gətirdiyi faciələrdən min bir əzabla sıyrılıb keçənlərin yaşantılarıdır.
Bu səbəbdən də biz ermənilərin və onlarla eyni siyasi, mədəni, hərbi əxlaqsızlığı daşıyanların nə zamansa dəyişəcəklərinə ümid bəsləməməliyik.
Onları sülhə məcbur etdiyimiz kimi əl çəkməyə, barışmağa, vaz keçməyə də məcbur etməliyik. Dəmir yumruğumuz əbədiyyətə qədər başlarının üzərinə “Domokl qılıncı” kimi asılmalıdır. Amma heç bir halda dağıdıcı, yırtıcı erməni təfəkkürünü, yaşam tərzini mənimsəməməli, daşıdığımız yüksək insani dəyərlərdən hansısa topluma, xalqa görə üz çevirməməliyik. Bizə 30 ildən sonra torpaqlarımıza yenidən sahiblənməyin, hərb tarixinə qızıl hərflərlə yazılacaq misilsiz qəhrəmanlıqlar nümayiş etdirməyin qürurunu yaşadan da məhz yaradıcı təfəkkürümüz, bəşəri dəyərlərə sadiqliyimiz, ƏSL İNSAN olduğumuzu unutmamağımızdır! Biz BÖYÜK MİLLƏTİK, BÖYÜK XALQIQ, qəbilə, tayfa deyilik!
Bu baxımdan, əsgər və zabitlərimizin divardakı mismarı belə çıxarıb aparmaq üçün təkrar-təkrar geriyə dönən ermənilərə yardım etdiklərini görəndə, qətiyyən təəccüblənmədim. Onlara mismar, bizə isə Vətən qalacaq!

Elçin Mirzəbəyli