• 24 Noyabr 2020
logo
Paşinyan “atlarının 80 faizini döngədə dəyişmək” fikrinə düşüb - baş nazir xilas üçün vurnuxur...

Paşinyan “atlarının 80 faizini döngədə dəyişmək” fikrinə düşüb - baş nazir xilas üçün vurnuxur...

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət üzvlərinin, demək olar ki, 80 faizini istefaya göndərmək niyyətindədir. Bu barədə Ermənistan mediası öz mənbələrinə istinadən yazıb. Nəşr bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Paşinyan Nazirlər Kabinetinin tamamilə yenidən qurulması niyyətində çox qərarlıdır. Hakim partiya son günlərdə vəzifələrini tərk edənlərin yerinə yeni kadrlar axtarır.

Xüsusilə əmək və sosial işlər naziri Zarui Batoyan, təhsil, elm, mədəniyyət və idman naziri Arayik Harutyunyan, səhiyyə naziri Arsen Torosyan, iqtisadiyyat naziri Tigran Xaçatryan, müdafiə naziri David Tonoyan və müavinlərinin vəzifələrindən azad ediləcəyi bildirilir. Ölkə rəhbərliyi hesab edir ki, Nazirlər Kabineti üzvləri Qarabağ müharibəsi dövründə fəaliyyətsiz idilər və buna görə də istefa verməlidirlər. Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan, onun müavini Şavarş Köçəryan və fövqəladə hallar naziri Feliks Tsolakyan artıq vəzifələrindən azad edilib.

Paşinyanın aparacağı kadr islahatı onu düşdüyü vəziyyətdən xilas edə bilərmi?

  • “Paşinyan bundan sonrakı dönəmdə də hakimiyyətdə qalmağı bacaracaq”

Cumhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın belə islahata gedəcəyi şübhə doğurmur: “Mən Rusiya və Ermənistan mediasında yazılanların əksini düşünürəm. Hesab edirəm ki, Paşinyan bundan sonrakı dönəmdə də hakimiyyətdə qalmağı bacaracaq. Məhz buna görə də o, yeni dönəmə daha sağlam komanda ilə getmək istəyir. Bütün bu siyasətin kökündə Rusiyadan get-gedə ayrılıb, Qərblə daha yaxınlaşmaq siyasəti durur. Komanda “saflaşandan” sonra Ermənistan Gürcüstan yolunu tutacaq və maksimum Qərbyönümlü siyasət aparacaq. İlkin etapda çaılışacaqlar Rusiyanın hərbi bazaları Ermənistandan çıxarılsın. Təbiidir ki, Rusiya da bütün bunlara seyrçi qalmayacaq. Rusiya ilə Qərb arasında Ermənistan uğrunda son döyüş gedəcək. Bu məsələdə Paşinyan Qərb ölkələri və erməni diasporunun birmənalı dəstəyinə arxalanır. Paşinyan özünə daha etibarlı komanda yığmaqla müharibənin məğlubiyyətini öz üzərlərindən əvvəlki hakimiyyətlərin üzərinə atmaq istəyir. Paşinyan bunu müharibənin əvvəlində də etmək istəyirdi. Parlamentə müraciət etdi ki, nə məsləhət görürlərsə, onu da etsin. Azərbaycan olaraq biz bu prosesləri diqqətə saxlayıb, ciddi yanaşmalıyıq. Bu proseslərin məntiqi nəticəsi bizim xeyrimizə işləyə bilər. Ermənistan qoşunları işğal altındakı rayonları tam boşaldandan sonra tamamilə yeni dönəm başlayacaq və mübarizə diplomatik müstəviyə sıçrayacaq. Bu kontekstdə bizə Rusiya ilə Ermənistanın münasibətlərinin kəskinləşməsi tam sərf edir. Biz bu qarşıdurmadan maksimum yararlana bilərik. Bunun da nəticəsində yarımçıq qalan bəzi işlərimizin də tamamlanmasına nail olarıq”.

Müsahibimiz bildirdi ki, Paşinyanın kadr islahatına getməsinin kökündə duran amil məhz dediyimiz mərhələyə hazırlıqla bağlıdır: “Paşinyan üçün asan olmasa da, Fransa və ABŞ kimi ölkələrin dəstəyilə o, hakimiyyətini qorumağı bacaracaq”.

Məhəmmədəli QƏRİBLİ