• 28 Noyabr 2020
logo
Paris merinin erməni sevgisi

Paris merinin erməni sevgisi

“Böyük bacı”nın paytaxtı “kiçik bacı”nın “nigahdankənar övladını tanımağa” hazırlaşır

26 ərzində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Ermənistanın və erməni diasporunun maraqlarını qoruyan Fransa Azərbaycan torpaqlarının işğaldan azad edilməsi faktı ilə heç cür barışa bilmir.

Ermənistanın hərbi təxribatına qarşı Azərbaycanın başlatdığı əks-hücum, sülhə məcburetmə əməliyyatlarının ilk günlərindən başlayaraq, rəsmi Bakının ünvanına ağlasığmaz ittihamlar səsləndirən, Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə verdiyi səsi, atdığı imzanı görməzdən gələrək işğalçıya açıq-aşkar dəstək verən Fransa, bununla da bir dövlət olaraq imzasına, üzərinə götürdüyü öhdəliklərə hörmət bəsləmədiyini, məsuliyyətsizliyini nümayiş etdirdi.

Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları bəyanatla rəsmi Yerevan məğlubiyyətini etiraf etsə də, reallıqla barışsa da, işğalçının “böyük bacısı” mövcud vəziyyətlə, problemin birdəfəlik həlli ilə barışmaq istəmir. Bu səbəbdən də təxribatlarını, qıcıqlandırıcı addımlarını, klassik erməni nağılları üzərində qurulan yalan və böhtanlarını davam etdirir. İndi də ermənilərin sadiq dostu və siyasi nökəri, Paris meri Ann İdalqo əl-ayağa düşüb. Əldə etdiyimiz məlumatlara görə, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır. Daha öncə işarə etdiyim kimi, “fətva”nın Fransa hökuməti tərəfindən verildiyi qətiyyən şübhə doğurmur. Paris meri Ann İdalqo açıq ermənipərəst mövqeyi ilə seçilən siyasətçilərdəndir.

Bu ilin mart ayında Fransada keçirilən bələdiyyə seçkilərinin birinci turunda respublikaçı rəqibi Rəşidə Datiyə qalib gələ bilməyən Ann İdalqo ikinci tur ərəfəsində yerli mediaya müsahibəsində ermənilərin dəstəyini qazanmaq üçün Azərbaycanın və Türkiyənin ünvanına ağlasığmaz ittihamlarla çıxış etmişdi.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını dəstəkləyən Ann İdalqo həmin müsahibəsində ölkəmizin beynəlxalq müstəvidə tanınmış ərazilərinin “erməni torpaqlarının bir hissəsi” olduğunu bildirmiş, işğala məruz qalan Azərbaycanı isə “daim təhdid edən silahlanmış qonşu” adlandırmışdı. Ann İdalqo sözügedən müsahibədə ermənilərə vəd verməyi də unutmamışdı və qeyd etmişdi ki, işğalçıların dəstəklənməsi onun beynəlxalq müstəvidəki fəaliyyətinin əsas hissəsini təşkil edəcək.

Bütün bunları nəzərə alıb, Fransa merinin erməni diasporu qarşısında bu il keçirilən seçkilərin ikinci turunda – 28 iyun öncəsi götürdüyü öhdəlikləri yerinə yetirdiyini söyləmək olardı. Amma faktlar Ann İdalqonun Ermənistanla və erməni diasporu ilə münasibətlərinin daha dərinə getdiyindən xəbər verir.

Paris merinin 2015-2018-ci illərdə Parisin meri Anna İdalqo Ermənistan prezidenti Serj Sarqsyanla 4 dəfə görüşdüyünü, Ermənistanda yaradılmış TUMO Center for Creative Technologies mərkəzinin Paris bölməsinin açılışında iştirak etdiyini və hərtərəfli dəstək göstərdiyini, TUMO-nun Xankəndidə qanunsuz fəaliyyət götərən ofisində olduğunu, Fransa ermənilərinin təşkil etdiyi bütün tədbirlərdə iştirak etdiyini, qondarma erməni soyqırımı ilə bağlı tvitlər paylaşdığını, qondarma soyqırımın 100 illiyində “gözüyaşlı” çıxış etdiyini, Fransız ermənilərinin təşkilatı CCAF-ın rəhbəri Ara Toronyanın qızı Anuş Toronyanı özünə müavin götürdüyünü də nəzərə alsaq, mənzərə bütün incəlikləri ilə göz önünə sərgilənir.

İndisə qondarma rejimin “tanınması” ilə bağlı gözlənilən qərarın necə və kimlərin dəstəyi ilə qəbul ediləcəyini yəqinləşdirmək üçün Paris meriyası ilə bağlı bəzi məqamlara nəzər salaq:

Paris həm şəhər, həm də departamentdir. Parisin meri eyni zamanda Paris Şurasına rəhbərlik edir. Digər inzibati vahidlərdən fərqli olaraq, paytaxt şəhər tam inzibati azadlığa malik deyil. Paris Fransada polisin merə deyil, prezident tərəfindən təyin olunan polis prefektinə tabe olduğu yeganə şəhərdir. Paris Şurası 163 nəfərdən ibarətdir. Şəhər merini və onun 40 müavinini şura seçir. Fransa prezidenti Emmanuel Makronun yaratdığı və rəhbərlik etditi “İrəli Fransa” partiyası isə Şurada geniş şəkildə təmsil olunur.Yəni bu o deməkdir ki, əgər Paris meriyası qondarma rejimin tanınması ilə bağlı qərar qəbul etmək niyyətini gerçəkləşdirmək istəyəcəksə, o zaman məsələni Şuranın müzakirəsinə çıxaracaq. Burada isə Makronun rəhbərlik etdiyi “İrəli Fransa” partiyasının dəstəyini almadan belə bir qərarın qəbul edilməsi mümkün deyil. Yəni bütün hallarda prosesin arxasında şəxsən Emmanuel Makronun dayandığı bird aha hər kəsə bəlli olacaq.

İndisə Paris meriyasının qondarma rejimin tanınması ilə bağlı qəbul edilməsi gözlənilən qərarının “perspektivi” barədə bəzi məqamları incələyək:

Öncə qeyd edim ki, Fransada bələdiyyələrin belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur və əgər Paris meriyası ölkə qanunvericiliyini, rəsmi Parisin qoşulduğu beynəlxalq sənədləri nəzərə almadan, hüquqi əsasları olmayan siyasi avantüraya əl atarsa, o zaman bunun fəsadları çox ağır olacaq. Əvvala, istənilən Fransa məhkəməsi Paris meriyasının qərarının ləğv etməyə məcburdur. Nə üçün? Ona görə ki, belə qərarlar ilk növbədə Fransa qanunvericiliyi, xüsusilə də ölkə Konstitusiyasının 73-cü maddəsi ilə ziddiyyət təşkil edir. Sözügedən maddəyə əsasən, Fransanın inzibati-ərazi subyektləri xarici siyasətlə bağlı məsələlərdə müstəqil qərar qəbul etmək səlahiyyətinə malik deyillər.

Fransa məhkəmələri də məhz bu konstitusion normanı nəzərə alaraq, daha öncə Fransa şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan xeyli sayda qanunsuz “müqavilə”ni ləğv ediblər... Eyni perspektiv Paris meriyasının qəbul ediləcəyi ehtimal olunan qərarını da gözləyir.

Əgər belə bir hadisə baş verərsə, o zaman Paris meriyası ilə yanaşı Emmanuel Makronun partiyası da özünü dünyanın gözü qarşısında növbəti dəfə rüsvay edəcək.

Elçin Mirzəbəyli