• 19 Mart 2024
logo
Leyla Abdullayeva: “Ordumuz əks-həmlə əməliyyatını humanitar hüququn norma və prinsiplərinə uyğun həyata keçirir”

Leyla Abdullayeva: “Ordumuz əks-həmlə əməliyyatını humanitar hüququn norma və prinsiplərinə uyğun həyata keçirir”

“Azərbaycan Ermənistanın hərbi təcavüzünə cavab olaraq özünü müdafiə hüququ əsasında öz mülki vətəndaşlarını müdafiə etmək məqsədilə və beynəlxalq humanitar hüquqa uyğun şəkildə əks-həmlə və cavab tədbirlərini həyata keçirir”.

Bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu günədək dəfələrlə bütün beynəlxalq müstəvilərdə bəyan edib ki, məhz Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasəti, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni olaraq Ermənistan silahlı qüvvələrinin mövcudluğu və Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın həyata keçirdiyi qanunsuz fəaliyyətlər nəinki Azərbaycana, eyni zamanda bütün bölgəyə ciddi təhdidi təşkil edir: “Mövcud cəzasızlıq mühitində olan Ermənistan öz təcavüzkar fəaliyyətini davam etdirərək 27 sentyabrda yeni bir işğala, yeni aqresiyyaya əl atdı. Ermənistanın 27 sentyabr tarixindən bəri həyata keçirdiyi yeni təcavüz tədbirləri bilavasitə beynəlxalq hüququnun fundamental norma və prinsiplərini, eləcə də beynəlxalq humanitar hüquq və bu hüquq çərçivəsində Ermənistanın üzərinə götürdüyü öhdəliklərinin, həmçinin 1949-cu il Cenevrə Konvensiyaların və onun əlavə protokollarının kobud şəkildə pozulmasıdır”.

XİN rəsmisi qeyd edib ki, Ermənistanın yeni təcavüz aktı çərçivəsində Azərbaycan mülki əhalisinə qarşı çoxsaylı cinayətlər törədilib: “Bu cinayətlər müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi tövsiyə olunmalıdır. Azərbaycanın qüdrətli Ordusu qarşısında acizliyini görən Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki şəxslərini, cəbhədən xeyli uzaqda yerləşən şəhərlərimizi yaşayış məntəqələri, dinc əhalini hədəfə alıb və istifadəsi qadağan olunmuş silahlardan istifadə edib. Nəticədə Azərbaycan mülki şəxsləri arasında ciddi itkilər baş verib. Azərbaycan Ordusu əks-həmlə əməliyyatını məhz humanitar hüququn mövcud norma və prinsiplərinə uyğun həyata keçirir”.