• 20 Aprel 2024
logo
Dağlıq Qarabağa həyat qayıdacaq!

Dağlıq Qarabağa həyat qayıdacaq!

Azərbaycanın erməni ordusunun təxribatlarına cavab olaraq başlatdığı əks-hücum əməliyyatları uğurla davam edir. Döyüş meydanı ilə yanaşı informasiya meydanı, informasiya savaşında da uğurlar qazanmaq lazımdır. Artıq ilk gündən bunu ən yaxşı formada ölkə başçısı edir. Vətən müharibəsi başlayandan bu günə qədər Ali Baş Komandan İlham Əliyev dünyanın media nəhənglərinə müsahibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoyur. Bununla da münaqişənin mahiyyətindən indiyə qədər məlumatı olmayan milyonlarla insan əsl həqiqətlərlə tanış olur.
Buna misal kimi ən son nümunəni Prezidentin Rusiyanın “İnterfaks” agentliyinə verdiyi müsahibəni göstərmək olar.

Ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. Artıq uzun illər işğal altında qalmış tarixi ərazilərimizin xeyli hissəsi bir ay ərzində azad olundu. Bir aya belə bir ağır və məsul işin uğurla yerinə yetirilməsi Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri olmasını göstərdi. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.

Döyüş meydanında məğlubiyyətlərini sıralayan Paşinyan hakimiyyəti siyasi müstəvidə də qeyri-konstruktiv yanaşma nümayiş etdirir, böhranla üz-üzə qalır. Baxmayaraq ki, Azərbaycan hələ də döyüşlərin dayandırıla biləcəyini bəyan edir, qarşı tərəf qoşunları işğal etdikləri ərazilərdən çıxarmaq haqqında düşünmür. Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirdiyini sübut edib.
Həqiqətən də son bir ayda əldə edilmiş bir neçə atəşkəsi razılaşmasını kobud şəkildə pozan Ermənistana etibar etmək çətindir. Bu gün ən yüksək səviyyədə bir neçə dəfə bəyan etmişik ki, Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Lakin, atəşkəsi üç dəfə pozan rəsmi İrəvan öz təxribatlarını dayanmadan davam edir. Çünki onlar müharibənin davam etməsində işğal faktının isə qalmasında maraqlıdırlar. Müharibə davam etdikcə erməni hərbçiləri hədəfi kimi mülki əhalini seçəcək. Qeyd olunan amil sadəcə təxribat deyil, hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması ən ağır terror aktı sayılmalıdır. Bərdə və Gəncə hadisələri artıq dünyanın gördüyü ağır hərbi cinayətlər, terrorlar idi...
Heç bir qadağan olunmuş raket və bomba ölkənin birinci şəxsinin icazəsi olmadan döyüş vəziyyətinə gətirilmir və atılmır. Demək ki, bu hadisələr Paşinyanın birbaşa razılığı ilə olur. Rəsmi İrəvan hərbi cinayətkarlığı dəstəklədiyini artıq bir neçə dəfə göstərdi. Dinc şəhərlərə kasetli bombalarla, raketlərlə hücumlar hərbi cinayətdir. Bunu beynəlxalq təşkilatlar da qınamalıdırlar. Ermənilərin bu cür ağır hərbi cinayətləri nəticəsində artıq 70-ə yaxın dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Bax budur, erməni faşizminin siması, erməni hərbi cinayətkarların regiona dünyaya vəd etdiyi təhlükələr...

Bu gün nəinki regionumuz dünya ölkələri kimin kim olduğunu aşkar gördü. Azərbaycan hərbi obyektləri hədəf seçdiyi halda Ermənistan sırf dinc sakinlər arasında ağır itkilər olsun deyə şəhərlərin mərkəzi hissələrini vurur. Təbii ki, onlar ağalarına daim arxayın olublar deyə hərbi cinayətlərini də rahat davam etdirməyi düşünürlər. Rəsmi İrəvan bütün dövrlərdə başqa ölkələrin arxasında gizlənməyə nail olub. Onların problemlərini daim başqa ölkələr həll edir. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var.
Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Bu gün artıq region ölkələri də gördülər ki, atılan qadağan olunmuş bombalardan düzgün istifadə edilmədiyi halda həmin dövlətlərdə də ağır qırğınlar yarana bilər...
Ümumiyyətlə bu bir reallıqdır ki, artıq Paşinyanın siyasəti Ermənistanın suverenliyinə təhlükələr yaradır. Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiyanın təşkil etməsi, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürülməsi və sair açıq təxribatlar Ermənistan üçün yeni təhlükələrin yaradılmasına xidmət edirdi. Artıq bu anormal siyasətin nəticəsi olaraq müharibə Ermənistanın sərhədinə çatıb. Əvvəllər Qarabağ Ermənistandır deyib ədalı görkəm alan səbatsız baş nazir indi telefonun yanından çəkilməyərək dünyaya imdad diləyir, hər yerə zəng açıb döyüşlərin dayandırılmasına yardım edilməsini xahiş edir...

Yaxın zamanlarda Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdacaq

Təbii ki, döyüşlər dayanmayacaq. Ta ki axırıncı kənd, sonuncu qarış torpaq işğaldan azad olunmayana qədər ordumuzu durmayacaq. Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmalıdır. Ölkə başçısının da dediyi kimi azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar və qayıdacaqlar da! Azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar. Bu reallaşacaq.
Artıq bu istiqamətdə müəyyən işlər də gedir, hətta işğaldan azad edilən ərazilərə dəymiş ziyanın hesablanması üçün komendaturalar yaradılacağı ilə bağlı işlər də görülür. Hər şey inventarlaşdırılacaq, vurulmuş ziyan qiymətləndiriləcək və sonra vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaqdır. Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən Azərbaycanı dayandıra biləcək maddi maneə yoxdur.
Bu gün Azərbaycan döyüş apara-apara öz tolerantlıq ənənələrinə də sadiqliyini göstərir. Biz Dağlıq Qarabağın erməni əhalisi, dinc sakinləri ilə deyil, hərbi cinayətkar dəstələr, ordu ilə savaşırıq. Ona görə də bu ərazilərin erməni sakinləri Qarabağın azərbaycanlı əhalisi birgə yaşamalıdır. Tarixən iş elə gətirib ki, artıq 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır. Ermənilərin Şərqi Anadoludan və İrandan köçürülməsi tarixini hər kəs bilir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalıdırlar və qayıdacaqlar da. Beləcə insanlarımız gələcəkdə mehriban qonşuluq şəraitində erməni əhalisi də həmin torpaqda yaşamalıdır.

Bu gün bizim haqq davamızı dayandırmağa çalışan qüvvələr də var. Bu bir reallıqdır ki, Minsk qrupu özünü doğrultmadı. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Münaqişəni nizamlamaq üçün formal məsələlərdən qaçmaq lazımdır. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır.
Beynəlxalq birlik Ermənistana qarşı sanksiyalar da tətbiq edə bilərdi. Təəssüf ki bunu görmədik. Həmsədr ölkələr Ermənistana qarşı siyasi təzyiqlər belə göstərmədilr. Bu gün də həmsədr ölkələr təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər.

Münaqişənin həlli regionun sürətli inkişafına səbəb olacaq

Artıq görünən odur ki, münaqişə öz gücümüz hesabına həll edilir, torpaqlarımız bərpa olur. Bundan sonra ərazisi tam bərpa olunmuş Azərbaycan regionun inkişafında daha çox, daha böyük rol oyanayacaq. Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Əgər müharibənin son anına qədər neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək. Bu gün bu da reallıqdır ki, regionun inkişafı üçün müsbət əməkdaşlıq formatı yaradılıb. Bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir.
Türkiyə və Rusiyadan söz açmışkən. Türkiyə və Rusiyanın yaxınlaşması strateji əhəmiyyət kəsb edir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir. Türkiyə ilə Rusiyanın səylərinin birləşdirməsi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirəcəkdir. Münaqişənin nizamlanmasında Türkiyənin rolu olmalıdır. Türkiyə qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir. Türkiyə həm də tamamilə müstəqil xarici siyasət yürüdür;

Bu gün bölgəyə sülhməramlıların gəlməsindən də ara-sıra söhbət açılır. Regiona sülhməramlıların göndərilməsi nizamlamanın sonuncu mərhələsi ola bilər. İşğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda sülhməramlıların göndərilməsi məsələsi aktuallaşa bilər. Erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaqdır.
Bu gün davam edən döyüşlərin fonunda Azərbaycan münaqişənin beynəlmiləlləşməsinin tərəfdarı deyil. Ermənistan münaqişənin beynəlmiləlləşdirə biləcək təxribatlar edir və bu onun arzusudur. Region ölkələri Rusiya, Türkiyə, İran və Gürcüstan, - təbii ki, Azərbaycanın bu ölkələrlə etimada əsaslanan sıx tarixi, mədəni, siyasi münasibətləri var, - təcavüzkarın dəyirmanına su tökən hər hansı hərəkətlərdən çəkinəcəklər. Artıq Ermənistan qonşu ölkələrindən umduğu sıx yardımları da görməyib və bu məyusluq ən yüksək səviyyədə İrəvanda hiss edilir...
Qısası bu gün Ali Baş Komandanın da vurğuladığı kimi Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaq!. Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz. Artıq bizim torpaqlarda bir erməni dövləti yaradılıb və bu tarixi yanlışlıq ikinci dəfə təkrarlana bilməz. Müzəffər Azərbaycan Ordusu beynəlxalq konvensiyalara, hüquq və qanunlara uyğun olaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edir və son zəfər marşımız, müharibənin son dayanacağı işğalda olan ən son nöqtədə çalınacaq!

Vüqar Əliyev
Xəzər Rayonu Gənclər və İdman İdarəsinin rəisi