• 29 Noyabr 2020
logo
Gürcü tarixçilər: “Ermənistan dinc əhalini bombalayaraq beynəlxalq hüququ bir daha pozur”

Gürcü tarixçilər: “Ermənistan dinc əhalini bombalayaraq beynəlxalq hüququ bir daha pozur”

“Ermənistanın Azərbaycanın şəhərlərini bombalayaraq mülki əhalini qətlə yetirməsi olduqca faciəvidir”.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, tarixçi Zurab Papaskiri deyib.

O bildirib ki, Azərbaycanın əks-hücum əməliyyatının yeganə məqsədi öz ərazi bütövlüyünü bərpa etməkdir və Ermənistandan fərqli olaraq Azərbaycan bu əməliyyatları beynəlxalq hüquqa uyğun aparır: “Təəssüf ki, bir çox hərbi əməliyyatlar zamanı mülki əhalinin həlak olması hallarını müşahidə edirik. Bu, bəzən qaçılmaz olur. Lakin unutmayaq ki, bu cür hallar əsasən hərbi əməliyyatların aparıldığı bölgədə baş verir. Ermənistanın Azərbaycanın Gəncə, Bərdə kimi hərbi əməliyyatların aparıldığı bölgədən çox uzaqda yerləşən şəhərlərini bombalamasını, dinc əhalini qətlə yetirməsini isə heç nə ilə izah etmək, bəraət qazandırmaq mümkün deyil. Bu tamamilə yolverilməz davranışdır. Ermənistanın bu cür addımlarının digər səbəbi münaqişənin miqyasını genişləndirərək işğal altında saxladığı ərazilərdən kənara yayılmasına nail olmaqdır. Bu kimə gərəkdir? Bu cür addımlar nəticədə bütün Cənubi Qafqazı əhatə edə biləcək hərbi əməliyyatların başlanmasına səbəb ola bilər”.

Professor vurğulayıb ki, müxtəlif təxribatlarla münaqişəyə üçüncü tərəflərin cəlb edilməsi cəhdləri yolverilməzdir. O qeyd edib ki, hazırkı gərginliyin digər səbəbi beynəlxalq ictimaiyyətin müxtəlif bəyanatlar səsləndirməklə kifayətlənməsi və münaqişənin sülh yolu ilə həlli istiqamətində heç bir kəsərli addım atmamasıdır: “Normal insanlar və sivil cəmiyyət bu qanlı qarşıdurmanın dayanmasının tərəfdarıdır. Bəli, biz bunu istəyirik, lakin unutmaq olmaz ki, 30 ildir beynəlxalq ictimaiyyət tərəfindən vəziyyətin düzəldilməsi, münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində heç bir kəsərli addım atılmayıb. İndi isə güclü Azərbaycan dövləti və Azərbaycan xalqı sadəcə öz ərazi bütövlüyünü bərpa etmək üçün hərəkətə keçib. Hərbi əməliyyatların başqa heç bir niyyəti yoxdur. Bura Azərbaycan ərazisidir. Və faktiki olaraq beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisi kimi də tanınır. Heç kim, hətta Ermənistan özü qondarma “Arsax”ın müstəqilliyini tanımır. Bütün bunlar isə nəticə etibarilə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən faktlardır. Ancaq ərazi bütövlüyünü sadəcə müxtəlif bəyanatlarla qorumaq mümkün deyil. Bəyanat səsləndirmək hələ hər şey demək deyil və onun müəyyən limitləri var. Azərbaycan rəhbərliyinin uzun illər bu vəziyyətə dözməsi olduqca müsbət bir haldır. Mənim bu sözlərim kimisə qan tökməyə cəsarətləndirmək məqsədi daşımır, biz bundan uzağıq, və qonşularımızın sülh içində yaşamalarını istəyirik. Ən azından ona görə ki, qonşunun evində başlayan yanğın sənin evinə də sıçraya bilər. Təbii olaraq heç kim öz evində yanğın olmasını istəmir”.

Suxumi Dövlət Universitetinin professoru, tarixçi Omar Ardaşelia isə qeyd edib ki, Ermənistan Azərbaycanın döyüş meydanından uzaqdakı şəhərlərini bombalayaraq dincə əhalini qətlə yetirməsi konvensional müharibə qaydalarına, həmçinin beynəlxalq hüquqa ziddir: “Ermənistanın Azərbaycanın şəhərlərinin davamlı olaraq bombalaması olduqca təəssüf doğuran bir haldır. Ermənistan konvensional müharibə qaydalarına uyğun davranmır, çünki mülki infrastrukturu, döyüş bölgəsindən uzaqda olan dinc əhalini atəşə tutaraq itkilərini tarazlaşdırmağa çalışır. Bundan başqa, Ermənistanın niyyəti müharibəni Azərbaycanın digər ərazilərinə sıçratmaqdır. Bu olduqca pis presedentdir və həm də Ermənistanın özü üçün ağrılı nəticələr doğura bilər. Ermənistan tərəfi anlamalıdır ki, uduzacağı müharibədə iştirak etməkdənsə, heç bir ön şərt olmadan danışıqlar masasına oturmalıdır. Azərbaycan tərəfi bəyan etdiyi kimi, hər zaman münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarı olub. Lakin Ermənistanın Azərbaycanda dinc əhalini bombalamağa davam etməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Bir daha qeyd edim ki, bütün bu hallar Ermənistanın özü üçün ağrılı nəticələr doğura bilər. Bu gün Azərbaycan hərb meydanında üstündür və böyük ehtimalla bu müharibənin taleyini həll edəcək. Ermənistan tərəfi bunu anlamalıdır. Əksinə onlar müharibə bölgəsindən çox uzaqdakı şəhərləri bombalayaraq mülki əhalini qətlə yetirirlər. Düşünürəm ki, istənilən müharibə beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun aparılmalıdır. Ermənistan rəhbərliyi həmin qaydalara riayət etməli və dinc əhalini bombalamağı dayandırmalıdır. Əgər onlar nəsə etmək istəyirlərsə, Azərbaycan Ordusu ilə savaşsınlar. Amma aydındır ki, artıq onların Azərbaycan Ordusu ilə savaşacaq gücü qalmayıb və bu səbəbdən onlar öz qəzəblərini Azərbaycanın mülki əhalisindən çıxarmaq istəyirlər”.