• 29 Noyabr 2020
logo
Politoloq: “Rusiyanın indiyə qədər nümayiş etdirdiyi mövqeni təqdir etməmək mümkün deyil”

Politoloq: “Rusiyanın indiyə qədər nümayiş etdirdiyi mövqeni təqdir etməmək mümkün deyil”

“Putinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünənki çıxışında Azərbaycan üçün bütövlükdə pozitiv məqamlar üstünlük təşkil edir”.

Bunu açıqlamasında keçmiş müşavir, politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, indiyə qədər Rusiyanın nümayiş etdirdiyi mövqeni təqdir etməmək mümkün deyil: “Rusiya proseslərə qarışmadı. Doğrudur, Ermənistanın Gorus və Mehri rayonları ərazisində öz hərbi birləşmələrini yerləşdirir, ermənilərə çoxlu sayda müntəzəm olaraq silahlar ötürür, ancaq proseslərin birbaşa iştirakçısına çevrilmir. Rusiyanın indiyə qədər münaqişəyə qarışmaması müsbət hal kimi dəyərləndirilə bilər.

Eyni zamanda Putinin dünənki çıxışı nümayiş etdirdi ki, Ermənistanın digər ölkələri üçüncü tərəf kimi münaqişəyə cəlb etmək cəhdləri tam iflasa uğrayıb. Ermənistanın provokativ, təxribatçı xarakterli çıxışları, daxili auditoriyanı aldatmağa hesablanmış ümidləri boşa çıxdı. Ermənistanın ilk olaraq Rusiyanı, daha sonra Fransanı, ABŞ-ı proseslərə qatmaq cəhdi baş tutmadı. Xüsusilə onlar Rusiyaya böyük ümidlər bəsləyirdilər. Çünki Rusiya ilə Ermənistan arasında 49 illiyə bağlanmış hərbi saziş var. Amma bu saziş Ermənistanın öz torpaqları üçün keçərlidir, Ermənistandan kənarda Azərbaycan torpaqlarında bu saziş işləmir. Putin əvvəlki çıxışlarında da bildirmişdi ki, müharibə Ermənistan ərazisində getmir. Ermənistanın Rusiyanın köməyi ilə Azərbaycanı təkləmək siyasəti fiaskoya uğradı, ermənilərin indiyə qədər güvəndiyi Rusiya balanslı siyasət yürütdüyünü ortaya qoydu. Rusiyanın mövqeyi Ermənistanın istədiyi kimi olmadığı üçün hazırda Ermənistanda və kənarda ermənilər Putini və Rusiyanı təhqir edirlər”.

Politoloq nəzərə çatdırıb ki, erməniləri müdafiə edəcək beynəlxalq hüquq normaları yoxdur: “Ermənistanı müdafiə etmək üçün nə hüquqi baza var, nə də onların bağladığı müqavilə bu işdə hüquqi baza rolunu oynaya bilər. Çünki burada işğal faktoru var. 1 milyondan çox insan etnik təmizləməyə məruz qalıb. Digər tərəfdən, bu münaqişə nəticəsində Azərbaycana külli miqdarda - minimum 350 milyard dollar ziyan dəyib. Hətta Ermənistanın təzminat ödəməyə məcbur olacağı barədə fikirlər irəli sürülür. Ermənistan siyasi rəhbərliyinin mülki əhaliyə qarşı ballistik raketlərdən istifadə etməsi halları da davam edir və bunlara görə Ermənistan siyasi rəhbərliyinə qarşı Azərbaycan Prokurorluğu sənədlər hazırlayır, bu sənədlər Haaqa tribunalına veriləcək”.

Q. Hüseynli qeyd edib ki, Putinin çıxışında ən mütərəqqi cəhət Türkiyənin də münaqişənin həlli prosesinə cəlb edilməsinin mümkünlüyünü bildirməsi oldu: “Son zamanlar İranın da fəallaşması və bu münaqişənin həlli prosesində iştirak etmək niyyəti, bu kontekstdə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi fikrini səsləndirməsi də proseslərə töhfə sayıla bilər”.

Politoloq bildirib ki, Rusiya Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə əlaqədar yaranmış yeni reallığı nəzərə almağa başlayıb: “Azərbaycanın status-kvonu aradan qaldırması, təmas xəttini dağıtması reallığı artıq hamı tərəfindən qəbul edilir. Putin dünənki çıxışında da bildirdi ki, “Azərbaycan nə deyir? Onu deyir ki, hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var”. Bu onu göstərir ki, Rusiya Azərbaycanın öz ərazilərini işğaldan azad etmək haqqını tanıyır. Putinin vurğuladığı digər məsələ Dağlıq Qarabağ ətrafındakı 7 rayonun 5+2 prinsipi ilə qaytarılmasıdır. Onun səsləndirdiyi "5+2 formatı" əvvəllər Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun tərəflərə təqdim etdiyi planda da əksini tapmışdı. Artıq Azərbaycan bu planın böyük bir qismini özü təmin etməyə nail olub”.

Q. Hüseynlinin fikrincə, Rusiya liderinin çıxışında diqqət çəkən ən mühüm məqamlardan biri isə onun Dağlıq Qarabağa hər hansı statusunun verilməsi barədə deyil, Dağlıq Qarabağda müəyyən rejimin tətbiq olunması barədə fikir bildirməsidir: “Putinin “Ermənistanla da qarşılıqlı əlaqəli şəkildə Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejim tətbiq olunması şərti ilə əvvəl 5, sonra 2 rayonun Azərbaycan qaytarılmasının mümkünlüyünü deyirik” söyləməsi onun yaranmış yeni situasiyanın fərqində olduğunu göstərir.

Doğrudur, Putinin çıxışında maraqların balanslaşdırılmasından da danışır, ancaq bu balanslaşmanın Azərbaycan ərazi bütövlüyünü pozmağa yönəlməyəcəyi aydındır. Çünki Ermənistanın maraqları həmişə ya Dağlıq Qarabağa müstəqillik statusunun verilməsi, ya da Ermənistana birləşdirilməsi olub. Bu sərsəm ideyaları isə Putin Dağlıq Qarabağın statusuna toxunmamaqla alt-üst etdi. O, Dağlıq Qarabağa hər hansı statusun verilməsi barədə deyil, Dağlıq Qarabağda müəyyən rejimin tətbiq olunması barədə fikir bildirdi. Maraqların balanslaşdırılması isə bu ola bilər ki, milli azlıq kimi ermənilərin azərbaycanlılarla birlikdə yaşaması mümkün olar. Ermənilər maksimum şərtlər irəli sürür. Ancaq bu yaxında Azərbaycan Prezidentinin də söylədiyi kimi, onlara ən uzağı mədəni muxtariyyət statusu vəd edə bilərik. Bu, çox ədalətli qərar ola bilər”.