• 19 Mart 2024
logo
"Qafqazda sadəcə Rusiyanın deyil, bir çox başqa dövlətlərin də maraqları vardır"

"Qafqazda sadəcə Rusiyanın deyil, bir çox başqa dövlətlərin də maraqları vardır"

QHT sədri, ictimai fəal Emin Əliyev Azərbaycan Ordusunun işğalçı Ermənistan ordusu üzərində ardıcıl qələbələri, haqq işi uğrunda apardığı döyüş, region ölkələrin Azərbaycana münasibəti və digər məsələlərlə bağlı sualları cavablandırıb.

Avrasiya.net həmin müsahibəni təqdim edir.

- Emin müəllim, işğaldan azad edilən kəndlərin xəritədəki yerlərinə fikir vermisinizmi? Xırda istisnaları saymasaq, elə əsasən bizə verilməsi planlaşdırılan 5 rayon istiqamətində gedirik. Buna görə də insanlarımızda haqlı olaraq belə bir qorxu yaranır ki, bu rayonları alandan sonra hər şey bitəcək və yenə ardı-arası kəsilməyən danışıqlar müddəti başlayacaq. Bu barədə nə düşünürsünüz?

- İlk baxışdan qeyd olunan amil gözə çarpsa da, burada bəzi məqamlara diqqət yetirmək lazımdır. Ölkə başçısı xarici mətbuata verdiyi müsahibələrin birində açıq şəkildə dedi ki, Şuşa azad edilməsə işimiz yarımçıq qalacaq. Şuşa isə qeyd olunan 5 rayona daxil deyil. Bu 5 rayona daxil olmayan digər rayonumuz isə Laçındır, hansı ki, hətta ermənilərin özləri də etiraf edir ki, Laçınətrafı kəndlərdə gərgin döyüşlər gedir. Daha sonra bu siyahıya Xocavəndi də əlavə etmək olar. Belə ki, Ermənistanın hələ də onlarda olduğuna “inandığı” Hadrut qəsəbəsi də qondarma “respublika”nın sərhədləri daxilindədir. Bundan başqa 27 il ərzində danışıqlar prosesində dəfələrlə səsləndirilən və Dağlıq Qarabağ ətrafı rayonların geri qaytarılması qarşılığında şərt kimi irəli sürülən qondarma rejimin müstəqil dövlət kimi tanınmasını yolunda referendum məsələsi də artıq tarixin “zibil qutusu”na atılmışdır. Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad edildikdən sonra danışıqlara başlanılsa belə bu uzun sürməyəcək. Lakin proseslərin sürəti, ölkə başçısının qətiyyətli, cəsarətli, sərt, kəskin çıxışları bu münaqişəyə birdəfəlik son qoyulmağa çalışıldığını göstərir. Ölkə başıçı açıq bəyan edərək bildirib ki, bu ərazilərdə heç bir referendum keçirilməyəcək. Referendum yoxdursa, demək ki, bu bölgə üçün heç bir status da yoxdur. Demək ki, bu bölgənin statusunu Azərbaycan Respublikasının Konstitusiyası müəyyən edəcək.

- Murov zirvəsini azad etmək daha çətin idi, nəinki ondan o tərəfə irəliləmək. Biz isə Murovu aldıq və o cəbhədə işləri dayandırdıq. Niyə Kəlbəcər istiqamətində əməliyyatlarımız davam etmədi?

- Hesab etmirəm ki, bu istiqamətdə əməliyyatlar başa çatdı və hesab etmirəm ki, əməliyyatın ən çətin hissəsi Murovdağ zirvəsinin azad edilməsi idi. Ümumiyyətlə hərbi ekspertlər torpaqlarımızın azad edilməsi istiqamətində mümkün olacaq hərbi əməliyyatlarla bağlı proqnozlar verərkən böyük əksəriyyət hallarda əməliyyatın yalnız təmas xəttinin cənub-şərq istiqamətində baş verəcəyini deyirdilər. Ordumuzun 27 sentyabr tarixində başlatdığı əks-hücum əməliyyatları isə bütün cəbhə xətti və bütün Ermənistan-Azərbaycan sərhəd xətti üzrə əməliyyat şəraitinə tam nəzarət etmək prinsipi üzərində qurulumuşdur. Ordumuz Naxçıvan Muxtar Respublikası və ölkəmizin Ermənistanla həmsərhəd olduğu şimal-qərb sərhədlərimiz boyu düşmənin döyüş əməliyyatları istiqamətində qüvvələrin toplanmasının qarşısının alınması üçün daim onları gərginlikdə saxlayaraq manevrlər edir. Bu tədbirlər eyni zamanda düşmənin qəfil olaraq sərhəd xəttimizin pozulması istiqamətində təxribatlarının da qarşısını almağa xidmət edir. Çünki uzun illər əldə etdiyimiz acı təcrübə düşmənin heç bir beynəlxalq hüquq normalarına əhəmiyyət vermədiyini bizə öyrətmişdir. Bundan başqa təmas xəttinin bütün istiqamətləri üzrə hücuma keçilməsi, Murovdağ zirvəsinin, Talış və Suqovuşan kəndlərinin, Xocavənd istiqamətindən Hadrut qəsəbəsinin, Füzuli istiqamətində baş tutmuş əks-hücum əməliyyatları düşməni çaş-baş saldı və bundan sonra onu bütün cəbhə boyu gərgilikdə saxlayaraq bir istiqamətdə qüvvələrini dislokasiya edilməsinin qarşısını aldı. Murovdağ zirvəsi istiqamətində ordumuzun hərəkətinin dayanması məsələsinə gəlincə deyə bilərəm ki, bu yüksəklikdən düşmənin qondarma “respublika”ya gedən üç əsas yoldan biri məhz Vardenis-Kəlbəcər yoludur ki, bu yol əks-hücum əməliyyatları başlayan ilk günlərdən nəzarətə götürüldü. Bu əməliyyatın əsas mahiyyəti məhz bu idi. Kəlbəcər rayonu üzərinə əsas və son hücum cənub istiqamətindən, yəni Laçın rayonu azad edildikdən sonra ediləcəkdir. Bu zaman Kəlbəcərdəki düşmən qüvvələri iki cəbhədə: şimal və cənub istiqamətində vuruşmalı olacaqdır və burada onların ciddi müqavimət göstərməsi mümkünsüzdür.

- Rusiya bilir ki, Azərbaycan heç vaxt tam rusiyayönümlü olmayacaq. Qarabağı "itirməklə" Ermənistan da Rusiyadan uzaqlaşacaq. Gürcüstan da məlumdur. Rusiya bütün Cənubi Qafqazda nüfuzunu itirməkdən qorxmurmu sizcə? Qorxursa niyə susur bu proseslərə?

- Qafqazda sadəcə Rusiyanın deyil, bir çox başqa dövlətlərin də maraqları vardır. Bunlardan ABŞ, Fransa, Birləşmiş Krallıq, İran İslam Respublikası və Türkiyəni xüsusi qeyd etmək olar. Lakin Rusiyanın bu regiona yaxın olması, Sovet imperiyasından qalmış nüfuzu onu digərlərinə nisbətən daha avantajlı edir. Rusiya hər zaman öz xarici siyasətini “hard power” üzərindən formalaşdırmışdır və Cənubi Qafqaz dövlətləri arasında Rusiya ilə bu siyasi münasibətlər üzərində rəqabət aparacaq dövlət yoxdur. Bu ilkin mənzərədir. Ermənistanda Paşinyan hakimiyyəti qurulduqdan sonra onun antirusiya siyasəti Putin hakimiyyətinin xoşuna gəlmədi. 2008-ci ildə Gürcüstanın da aqibəti göz qabağında idi. Azərbaycan isə Rusiyaya qarşı ən cəsarətli mövqeyi məhz bu əks-hücum əməliyyatlarından bir qədər öncə iki ölkə liderlərinin telefon danışıqlarında ortaya qoydu. Rusiya bölgədə nüfuz sahibi olmağa davam edəcək. Lakin onun “hard power”inin qarşısında dayana biləcək alternativ bir “power” olmalıdır ki, o burada istədiyi kimi sərhədsiz imkanların sahibi olmasın. Bizim marağımızdadır ki, bu regionda Türkiyənin nüfuzu güclənərək digər dövlətlərinkini zəiflətsin və ya tamamilə sıradan çıxarsın. Müstəqillik əldə etdikdən bu günədək regionda olan digər yuxarıda adı çəkilən dövlətlərin maraqları təmin edilsə də zərurət yarandıqda onlar bölgədən çox uzaqda olduqlarını əsas gətirərək heç bir dövlətə dəstək verməmişdirlər. Nümunə olaraq 2000-ci ildə İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən Xəzər dənizində Azərbaycan gəmisinin atəşə tutulması və 2008-ci ildə Rusiya ilə Gürcüstan arasındakı bir neçə günlük müharibəni göstərmək olar. Xəzərdə neft maraqları olan Birləşmiş Krallıq və ABŞ, Gürcüstanda strateji maraqları olan Avropa İttifaqı və ABŞ “dişsiz” bəyanatlar verərək işlərini tamamlanmış hesab etdilər. Hər iki halda Türkiyə regionda sülhün təşkilatçısı rolunu oynamağa əməli cəhd göstərmişdir. Rusiya bölgədəki nüfuz dairələrini bir neçə dövlətlə paylaşmaqdansa Suriya, İraq, Liviyada artıq bir neçə ildir ki, tərəfdaşlıq etdiyi və “dil tapdığı” Türkiyə ilə bərabər bölgəni nüfuz dairələrinə bölməyi üstün tutduğunu nümayiş etdirir. Bölgədə nüfuzunu itirən dövlətlər isə “cığallıq” edərək hay-küy salsalar da yəqin ki, nəticəsi olmayacaqdır. Bu məsələ “win-win” prinsipinə uyğundur.

- Bir qisim insanda belə bir fikir formalaşıb ki, Paşinyan Qarabağı qəsdən verir ki, Ermənistan Rusiyanın orbitindən tamamilə qopa bilsin. Buna ehtimal verirsinizmi?

- Mən də bu cür təhlillərlə tanışam və hətta mövcud vəziyyətlə bağlı ehtimal olunan variantlar barədə düşünəndə zəif ehtimal olaraq bu fikir mənim də ağlımdan keçmişdir. Lakin nəzərə alsaq ki, Ermənistanın əsas strateji sahələri Rusiya Federasiyasının mülkiyyətidir. Buna dəmir yolları nəqliyyatı, elektrik xətləri və enerji istehsalı və satışı tamamilə Rusiyanın nəzarətindədir. Bundan başqa Ermənistanın Türkiyə və İranla sərhəd xətti məhz Rusiya sərhədçiləri tərəfindən mühafizə olunur. Daha sonra Gümrüdəki 102 saylı hərbi baza Rusiyanın Ermənistanda hərbi varlığının təminatçısıdır. Bundan başqa, təxminən 2,5 milyon ermənin Rusiyada işləməsi və ölkəsinə pul göndərməsi də əlavə bir təzyiq vasitəsi kimi qeyd edilə bilər. Ermənistanda hər zaman qərbyönümlü hərəkat olmuşdur, var və bundan sonra da olacaqdır. Cənubi Qafqaz ölkələri içərisində Ermənistan kimi Rusiya tərəfindən əhatələnmiş ikinci bir dövlət yoxdur. Bütün bu səbəblər onu göstərir ki, Paşinyan hakimiyyəti ürəkdən arzu etsələr də Ermənistanın Rusiyadan canını qurtarması yaxın onilliklərdə mümkün olmayacaqdır. Eyni zamanda 27 sentyabrda başlamış əks-hücum əməliyyatları gedişatında Ermənistanın uğursuzluğa düşərək Rusiyanın ayaqlarına düşməsi onu göstərir ki, Ermənistanın Rusiyadan qopmaq “arzuları”nın yerinə yetməsi hələ ki, mümkünsüzdür.

Rusiya bizi çaşdırmaq üçün, diqqətimizi fərqli yönlərə çəkmək üçün ölkəyə dini radikalları salmış ola bilərmi?

- Dağıstan və bütün Şimali Qafqaz ərazisi Rusiyanın təhlükəsizlik baxımından ən problemli bölgəsidir. Coğrafi şəraiti, etnik və dini müxtəlifliyi regionda təhlükəsizlik məsələlərini tam nəzarətdə saxlamaq üçün ciddi çətinliklər yaradır. Buradan ölkəmizə əvvəllər də terror-təxribat qrupları keçərək müxtəlif həcmli cinayətlər həyata keçirməyə nail olublar. Lakin indiki məqamda bu halların baş verməsinə ehtimal vermirəm. Düzdür, Rusiya yaxın keçmişimizdə dəfələrlə azərbaycanlılara qarşı səhvlər buraxaraq əlaqələrimizin pozulma həddinə çatmasına “nail olub”. Təkcə 1990-cı ilin 20 yanvar hadisələri xalqımızın anti-Rusiya meyillərini xeyli gücləndirmiş və əlaqələrimizi ciddi şəkildə zədələmişdir. Bundan sonrakı illərdə də Rusiyanın münasibətlərimizin pozulmasına xidmət edən “cəhdləri” az olmayıb. Bu isə Rusiyanın “hard power” siyasi xəttinin komponentlərindəndir. Və ən böyük problem də bu idi ki, əvvəllər Azərbaycan üçün alternativ yox idi. Bizə xoş görünməyə cəhd edən Qərb bizdən çox uzaq və soyuqqanlı, bizə yaxın və isti olan Türkiyə isə zəif və Rusiyaya müqavimət göstərə bilməyəcək səviyyədə NATO və qərbdən asılı idi. Bu gün isə siyasi şərait çox dəyişib. Rusiya Azərbaycana qarşı hər hansı bir terror-təxribat fəaliyyəti və ya hər hansı hərbi müdaxilə həyata keçirmiş olarsa bu onun Azərbaycanla münasibətlərinin nəinki siyasi, hətta milli səviyyədə qırılmasına gətirib çıxarar və ona qarşı Azərbaycan əhalisinin dərin nifrətinə səbəb olar. Bu isə Rusiya üçün ən pis ssenaridir.

- Bəs İranın belə bir şey etmək ehtimalı varmı sizcə?

- İran İslam Respublikası çox sağ olsun. Bizə hərbi, siyasi, mədəni, milli, dini dostlarımızın kimlər olduğunu göstərdi. Əməliyyatlar başlayan kimi əməliyyatların dayandırılması ilə bağlı çağırış etdi. Bu çağırış ilk baxışdan humanitar və neytral bir çağırış kimi görünsə də əsl verdiyi mesaj bu idi: “Azərbaycanın öz torpaqlarını işğaldan azad etmə əməliyyatlarını dayandırsın.” Daha sonra İran gördü ki, Azərbaycanda anti-İran meyilləri güclənir, bundan başqa İranda yaşayan Azərbaycan türkləri artıq hökumətə qarşı çıxışlar edir və bu çıxışlar daha sonra yüz minlik bir etiraz aksiyasına çevrilir, məcbur ritorikasını dəyişərək Azərbaycana “qardaşlıq” mesajları ilə dolu namələr göndərdi. Lakin 10 oktyabr tarixində Moskvada baş tutmuş görüş və 4 maddəlik atəşkəs bəyanatından dərhal sonra İran prezidentinin Rusiya prezidentinə zəng etməsi onların nə dərəcədə “səmimi” olduqlarını nümayiş etdirdi. Hesab edirəm ki, Həsən Ruhani heç kəsə yox, əvvəl məhz, İlham Əliyevə zəng etməli idi. Daha sonra isə Azərbaycanın haqq mübarizəsində onu istisnasız və tərəddüdsüz dəstəkləyən Rəcəb Tayyib Ərdoğana zəng etməli idi. Onu da demək lazımdır ki, xalqımız bəlkə də dünya tarixində ilk dəfə olaraq müharibənin dayandırılmasını deyil, tam sürətlə davam etməsini tələb edirdi və 10 oktyabrda verilmiş bəyanatın şərtlərinə Ermənistan tərəfindən riayət edilməyəcəyini müdrikcəsinə anlayaraq bu münaqişənin hərb variantına üstünlük verdiyini açıq şəkildə bildirirdi. Belə də oldu. 10 oktyabr atəşkəs qərarından sonra daha iki atəşkəs qərarına Ermənistan tərəfindən riayət edilmədi. Bundan başqa İranın işğal edilmiş rayonlarımızla həmsərhəd rayonlarından Ermənistan silahlı qüvvələrinə silah-sursatın daşınması ilə bağlı xeyli sayda foto-video faktların olması onların bizə o məşhur “dostluq və qardaşlığı”nı çox aydın şəkildə nümayiş etdirdi. Bu məqamda ölkə başçısının çox maraqlı bir fikrini qeyd etmək istərdim. O bildirdi ki, artıq bu bölgədə yeni bir münasibətlər sistemi yaranır və heç bir şey əvvəlki kimi olmayacaq. Bu münasibətlər sistemində İrana rol verilməsi üçün o, gərək çox əziyyət çəksin. İranın ölkəmizdə ən çox istifadə etdiyi “kart” “siyasi məzhəbçilik” kartıdır. Bu alətdən İran Azərbaycan müstəqillik qazandıqdan sonra dəfələrlə istifadə etmişdir və bu bizim yaddaşımızdan heç bir zaman çıxmayacaq.

-Ümumiyyətlə bu qarışıq məqamda sizcə kənar ölkələrdən kömək istəməliyikmi?

- Azərbaycanın kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış sahəsində fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanları son illər olduqca peşəkarlaşıblar. Məhz bu peşəkarlığın nəticəsidir ki, Bakı dünyanın on ən təhlükəsiz şəhərlərinin sırasına daxil olub. Ölkəmizin hüquq-mühafizə orqanları xarici ölkələrin təcrübəsini öyrənməyə və tətbiq etməyə daim açıq olub. Kəşfiyyat və əks-kəşfiyyat sahəsində məlumat mübadiləsi sahəsində Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə, İran və digər dövlətlərlə qarşılıqlı əməkdaşlıqlar edir. Bu siyahıya İsraili də əlavə etmək olar. İkinci Qarabağ müharibəsində İsrailin ölkəmizə verdiyi müstəsna dəstək xalqımızı dərindən məmnun etmişdir. Düşünürəm ki, İsrail Dövlətinin Azərbaycana verdiyi dəstək sadəcə siyasi bəyanatlar və hərbi texnikanın satışı ilə məhdudlaşmır. Böyük ehtimal ki, hərbi-siyasi, kəşfiyyat məlumatları mübadiləsi davamlı olaraq həyata keçirilir. Bu da təbiidir.

- Türkiyə MİT-i necə, kömək edə bilərmi? Ümumiyyətlə sizcə köməyə ehtiyac duyulurmu?

- Türkiyənin Milli İstihbarat Təşkilatı (Milli Kəşfiyyat Təşkilatı) son illər ərazində sürətlə güclənərək regionda ciddi nüfuz qazanıb. Uzun illər öncə MİT ən yaxşı halda Türkiyə hüdudları daxilində əməliyyatlar keçirə bilirdisə, son 4-5 ildir ki, artıq ölkə hüdudlarından uzaqlarda əməliyyatlar keçirmə gücünə sahibdir. Bu sevindirici haldır. Lakin birmənalı olaraq deyə bilərəm ki, Azərbaycanda heç bir xarici ölkənin, o cümlədən, qardaş Türkiyənin istər silahlı qüvvələri, istərsə hüquq mühafizə orqanları əməkdaşları müharibəyə cəlb edilməyib. Buna heç bir ehtiyac da yoxdur. İstər MİT ilə, istərsə digər xüsusi xidmət orqanları ilə münasibətlər yalnız məlumat mübadiləsi sahəsində ola bilər və bu münasibətləri dünyanın bütün dövlətlərində müşahidə edirik. Azərbaycan öz torpaqlarını özünün hərbi qüvvələri, xüsusi xidmət orqanları, siyasi rəhbərliyi və xalqı ilə birlikdə tamamilə işğaldan azad etməyə tam qadirdir və biz bunu sübut edirik.