• 19 Mart 2024
logo
Bərdə soyqırımı kar-kor dünyanın gözünü və qulağını açması üçün növbəti çağırışdır - Vüqar Rəhimzadə

Bərdə soyqırımı kar-kor dünyanın gözünü və qulağını açması üçün növbəti çağırışdır - Vüqar Rəhimzadə

Döyüş meydanında Azərbaycan Ordusu qarşısında diz çökən qorxaq Ermənistan yenə də mülki əhalini hədəf seçdi. Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdədə dinc əhaliyə qarşı “Smerç” tipli yaylım atəşli reaktiv sistemləri ilə raket zərbələri nəticəsində 21 nəfər həlak olub, 70-dən çox mülki vətəndaş ağır yaralanıb. Ermənistan ordusu tərəfindən dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı böyük cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir. Amma aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar ya bunu dərk etmir, ya da maraqlarına cavab vermədiyi üçün hər dəfə susmağı çıxış yolu hesab edirlər. Dövlətimizin başçısı İlham Əliyevin böyük inam və qətiyyətlə bəyan etdiyi kimi, tezliklə bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs, necə olacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bu gün Azərbaycana qarşı bütün imkanları səfərbər edən dövlətlər bunu bir daha fikirləşsinlər. Azərbaycan o dövlətlərdən deyil ki, onun maraqlarını kimsə kənara qoya bilsin. Gün gələcək, həmin dövlətlər əməkdaşlıq təklifləri ilə gələcəklər. Bəs, hansı üzlə bizə baxacaqlar?

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.

V.Rəhimzadə qeyd edib ki, beynəlxalq birlik Ermənistanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmir: "İşğalçı dövlət bu terror əməllərini bilərəkdən, məqsədli şəkildə həyata keçirir. Hamının bildiyi həqiqətdir ki, kasetli bombalardan istifadə edilməsi beynəlxalq qanunla qadağan edilib. Əgər dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar münasibətlərdə hüquq probleminin yaşanmamasını düşünürlərsə, niyə terror əməllərini dövlət səviyyəsində həyata keçirən Ermənistana hələ də “gözün üstə qaşın var” demək istəmir, müharibə canisi Nikol Paşinyanın əmri əsasında həyata keçirilən cinayət əməllərinə göz yumurlar? Budurmu ədalət, budurmu beynəlxalq hüquq?".

Dövlətimizin başçısı İlham Əliyevin “Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq” fikirlərini önə çəkən baş redaktor bildirib ki, məhz ATƏT-in Minsk qrupunun həmsədrlərinin problemə ikili standartlar əsasında yanaşmasının nəticəsidir ki, münaqişənin nizamlanması ilə bağlı istər son 30 ilə yaxın müddətdə, istərsə də son bir ayda davam edən Vətən müharibəsi dövründə aparılan danışıqlar bir qayda olaraq ermənılər tərəfindən təxribatların törədilməsi ilə müşayiət olunub. Artıq hər kəsə məlumdur ki, işğalçı dövlət sülh danışıqlarında maraqlı deyil. Birbaşa Nikol Paşinyan tərəfindən verilən əmrə əsasən Bərdə şəhərinin atəşə tutulması nəticəsində törədilən soyqırımı aktının məhz oktyabrın 30-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Cenevrədə keçiriləcək görüşü ərəfəsində həyata keçirilməsi də təsadüfi deyil. Gəncənin birinci dəfə atəşə tutulması Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşündən sonraya, ikinci dəfə soyqırımına məruz qalması isə ABŞ-ın təşəbbüsü ilə bu formatda keçirilən görüş ərəfəsinə təsadüf etmişdi. Bunu hər kəs dərk etdi, amma təəssüf ki, bu reallıq münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə "çatmadı".

V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev son bir ayda xarici mətbuata bütün müsahibələrində, o cümlədən oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibəsində “öz gözlərində tiri görməyib başqasının gözündə çöp axtaran” Ermənistanın baş naziri Nikol Paşinyanın və ona havadarlıq edən dövlətlərin guya Türkiyə hərbçilərinin Azərbaycana sadəcə, kömək etmədikləri, onların hərbi fazaya fəal cəlb edildikləri ilə bağlı feyk xəbərlərinə münasibət bildirərkən bu məqamı xüsusi qeyd etmişdir ki, bu, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, münaqişəni beynəlmiləlləşdirmək və baş nazirin özünün alçaldılmış vəziyyətini ört-basdır etmək cəhdləridir. “İndi biz texnologiyalar əsrində yaşayırıq. Heç nəyi gizlətmək mümkün deyil” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, Paşinyan Gəncəyə ballistik raketləri Ermənistanın atmadığını da bildirir. Bu, sadəcə, axmaqlıqdır. Bu raketin haradan buraxılmasını, bu soyqırımı aktının icraçılarına hansı döyüş tapşırığı verilməsini Rusiya da, Amerika da, Fransa da çox gözəl bilir. Bu döyüş tapşırığının hədəfi yaşayış məhəlləsi idi. İkinci dəfə də yaşayış məhəlləsi oldu.

Baş redaktor vurğulayıb ki, Bərdə şəhəri də eyni məqsədlərlə atəşə tutulub: “Görünən budur ki, Ermənistan terror aktlarını davamlı şəkildə törədir, çoxlu sayda insan tələfatı olur, dağıntılar törədilir, sonra havadarlarının dəstəyi əsasında özünü baş verənlərdən nəinki xəbərsiz aparır, hətta həyasızcasına Azərbaycanı günahlandırır. Ermənistanın son bir ayda cəbhə bölgələrindən xeyli uzaqda olan yaşayış məntəqələrini, şəhərlərimizi raket atəşinə tutması onun yeni ərazilər uğrunda müharibə planlarının tərkib hissəsidir. İşğalçı Ermənistanı hər zaman silahlandıran dövlətlər həyata keçirilən terror siyasətinin məqsəd və məramını çox yaxşı bilirlər. Amma unudurlar ki, nümayiş etdirdikləri ikili standartlar əsasında siyasətlərinin ağır nəticələrini görən ölkələrin, o cümlədən Azərbaycanın nəzərində onlar artıq böyük dövlətlər, güc mərkəzləri kimi mövqelərini itirir, ədaləti, haqqı, ən əsası beynəlxalq hüququ ayaq altına atan Ermənistan kimi dövlətlərin yanında olmaqla kiçilirlər. BMT Təhlükəsizlik Şurasının son iclası hər bir dövlətin münasibətlərdə nə dərəcədə səmimi və ədalətli olduğunu nümayiş etdirdi".

“Ermənistanın vandalizminin və barbarlığının daha bir bariz nümunəsi olan Bərdə soyqırımı kar-kor dünyanın gözünü və qulağını açması üçün növbəti çağırış olsa da, yenə də aparıcı dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların susmaları cinayət əməlinə şərikliyə bərabərdir” söyləyən V.Rəhimzadə bir daha bildirib ki, Azərbaycan Ordusu heç vaxt dinc əhalini atəşə tutmayıb: "Azərbaycan Ordusu ermənilərin cinayət əməllərinin cavabını döyüş meydanında verir. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər düşünməsinlər ki, bu terror aktları Azərbaycanı zəiflədir, xalqımızın iradəsini sındırır, əksinə, bu cür vandalizm aktlarından sonra biz daha da güclənir, qələbə əzmimiz, döyüş ruhumuz yüksəlir. Oktyabrın 28-də Azərbaycan Ordusunun Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad etməsi Bərdədə törədilən terror aktına döyüş meydanında verilən cavabdır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".