• 25 Noyabr 2020
logo
İsrail səfiri: "Ermənistan tərəfindən mülki şəxsləri hədəf alan hərbi hücumlar ciddi təəssüf hissi doğurur"

İsrail səfiri: "Ermənistan tərəfindən mülki şəxsləri hədəf alan hərbi hücumlar ciddi təəssüf hissi doğurur"

Ombudsman Səbinə Əliyeva İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki qəbul edib.

Ombudsman Aparatından bildirilib ki, müvəkkil Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin yalnız iqtisadi-strateji baxımdan deyil, həm də ənənəvi tarixi mədəni köklərə əsaslandığını, Azərbaycan və İsrail xalqlarının daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgə yaşayış nümunəsini bütün dünyaya nümayiş etdirdiklərini bildirib.

Görüş zamanı Müvəkkil Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və hərbi təcavüzü nəticəsində kütləvi insan hüquqları pozuntuları barədə məlumat verib. Müvəkkil bu ilin 27 sentyabr tarixindən Ermənistanın yeni torpaq iddiaları ilə Azərbaycana qarşı başlatdığı hərbi təcavüzü və hərbi təxribatları nəticəsində raket hücümuna məruz qalmış mülki yaşayış məntəqələrinə faktaraşdırıcı missiya fəaliyyəti çərçivəsində baş çəkdiyini, yaralanan mülki şəxslərlə və həlak olanların yaxınları ilə görüşdüyünü bildirib. Qeyd olunub ki, araşdırmalar zamanı toplanan faktoloji materiallar əsasında hazırlanan 4 aralıq hesabat aidiyyəti beynəlxalq qurumlara göndərilib.

Müvəkkil, həmçinin bu gün günorta saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən yenidən Bərdə şəhərinin mülki əhalinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan zərbələr endirildiyini, nəticədə 20-dən çox mülki şəxsin həlak olduğunu, 60-dan çox şəxsin yaralandığını, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydiyini səfirin diqqətinə çatdırıb.

Səfir qeyd edib ki, Azərbaycan ilə İsrail arasındakı dostluq əlaqələri dərin tarixi köklərə malikdir. İki ölkə arasında iqtisadi, enerji, təhlükəsizlik və turizm sahəsindəki əlaqələr əlaqələr, eyni zamanda Azərbaycan və İsrail xalqları arasındakı qarşılıqlı münasibətlər də çox yüksək səviyyədədir. C. Dik Ermənistan tərəfindən mülki şəxsləri hədəf alan hərbi hücumların ciddi təəssüf hissi doğurduğunu və vəziyyətlə yaxından tanış olmaq məqsədilə Gəncə və Mingəçevir şəhərlərinə getdiyini, xəsarət alan və mülkləri zərər görən şəxslərlə görüşdüyünü bildirib. Səfir Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn tələblərinin pozularaq mülki şəxslərə qarşı edilən hərbi hücumların ciddi şəkildə insan hüquqları pozuntusuna yol açdığını vurğulayıb. Qeyd olunub ki, İsrail dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyinin dəyişməz olduğunu bildirib.