• 25 Noyabr 2020
logo
Hikmət Hacıyev: "Ermənistan Azərbaycana qarşı mədəni soyqırım törədir"

Hikmət Hacıyev: "Ermənistan Azərbaycana qarşı mədəni soyqırım törədir"

“Bu tədbirlərlə bağlı tapşırıq Prezident İlham Əliyevdən gəlir. I Vitse-Prezident Mehriban Əliyeva da diplomatik nümayəndəliklərimiz üçün və Azərbaycanda akkredatsiya olunmuş diplomatik heyət üçün belə bir prezentasiya təşkil edilməsini tapşırıb".

APA-nın məlumatına görə, bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, hər bir hərbi münaqişənin vacib komponentlərindən biri mədəniyyət abidələrinin qorunmasıdır: “Təəssüflə qeyd etməliyik ki, Ermənistanın Azərbaycana qarşı davam edən işğal və təcavüz siyasətinin tərkib hissəsində etnik təmizləmə siyasəti ilə bərabər, mədəni təmizləmə və mədəni terror siyasəti də həyata keçirilib. Azərbaycanın işğal olunmuş ərazilərində hazırda biz bunu qabarıq şəkildə görürük. İşğalçılığın nəticəsində niyyətli şəkildə mədəni irsin məhv edilməsi də baş verir. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə, onun həcmi və bütövlükdə həmin tədbirlərin xüsusiyyəti onu sübut edir ki, bu, həqiqətən də hərbi cinayətdir və Ermənistan Azərbaycana qarşı mədəni soyqırım törədir. Azərbaycan əhalisinə qarşı bu cür soyqırım, eyni zamanda mədəniyyətin məhv edilməsi bütövlükdə beynəlxalq ictimaiyyətin də qarşısında qəbuledilməz fakt kimi qəbul edilməlidir. Çünki bu, bizim bəşəri dəyərlərimizə də ziddir. Beynəlxalq humanitar qanun və hüquq dövlətlərin silahlı münaqişələrdə mədəni irsin qorunmasını açıq şəkildə müəyyən edib. Mədəniyyət irsi qorunmalıdır. Azərbaycanın mədəni irsinin məhv edilməsi ilə Ermənistan bir sıra beynəlxalq konvensiyanı pozub. Bu maddələr, Haaqa Konvensiyasında, Cenevrə Konvensiyasında da müəyyən olunub. Mədəni irsin məhv edilməsi, eyni zamanda insan hüquqlarının pozulması deməkdir”.