• 29 Noyabr 2020
logo
Pakistan səfiri: “Beynəlxalq ictimaiyyətin Kəşmir xalqının yanında dayanması vacibdir”

Pakistan səfiri: “Beynəlxalq ictimaiyyətin Kəşmir xalqının yanında dayanması vacibdir”

“Pakistan Cammu və Kəşmir məsələsinin sülh və BMT qətnamələri çərçivəsində həll olunmasını istəyir”.

Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Bakıda qeyd edilən “Kəşmirin qara günü” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Kəşmir probleminin sülh və beynəlxalq hüquq çərçivəsində həll olunması regionun sabitliyi və inkişafı üçün çox vacibdir.

Kəşmirlilərin haqlarının pozulmasına, repressiyalara məruz qalmasına toxunan Pakistan səfiri qeyd edib ki, bu, beynəlxalq humanitar hüququn, insan haqlarının pozulmasıdır: “Hindistan hökuməti Cammu və Kəşmir regionunda demoqrafik strukturu dəyişməyə çalışır. Çünki bu regionda yaşayanların əksəriyyəti müsəlmandır, onlar Pakistana birləşmək istəyirlər. Hindistan hökuməti demoqrafik dəyişiklik edərək bu istəyin qarşısını almağa cəhd edir”.

Hazırda dünyanın COVID-19 pandemiyasına görə qapanma və məhdudiyyətlərdən əziyyət çəkdiyini diqqətə çatdıran pakistanlı diplomat kəşmirlilərin artıq illərdir belə problemlərdən əziyyət çəkdiyini, blokadada yaşadığını vurğulayıb: “Burada insanlara legitim hüquqlarından istifadə icazə verilmir”.

B. Hayee onu da qeyd edib ki, BMT İnsan Haqları Komitəsi dəfələrlə Kəşmirdəki vəziyyətlə bağlı hesabatlar hazırlayıb: “Bu hesabatlarda qeyd olunub ki, hərbi və polis əməliyyatları mülki əhaliyə qarşı davam edir. Beynəlxalq ictimaiyyətin Kəşmir xalqının yanında dayanması vacibdir. Pakistan bu problem həll olunanadək öz diplomatik və mənəvi dəstəyini Kəşmirə davam etdirəcək”.