• 3 Dekabr 2020
logo
Deputat: "Həmsədrlərin 25 oktyabr bəyanatı işğalçı Ermənistanı xilas etməyə yönəlib"

Deputat: "Həmsədrlərin 25 oktyabr bəyanatı işğalçı Ermənistanı xilas etməyə yönəlib"

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin 25 oktyabr tarixli bəyanatı, əslində, humanitar atəşkəsdən daha çox, işğalçı Ermənistanı xilas etməyə yönəlib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, hazırda müzəffər Azərbaycan Ordusu işğal edilmiş torpaqlarımızı azad edir, qəhrəmanlıq göstərir, şəhid olur və bununla bir daha bütün dünyaya bir qarış torpağımızı da işğal altında qoymayacağımızı göstərir: “Bu, xalqımızın haqlı davasıdır, beynəlxalq hüquqla təsbit edilmiş haqqıdır, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icra olunmasıdır. Haqqın, ədalətin bərpasıdır. Ədalət olmasa, əsla sülh olmaz. Belə bir vaxtda Azərbaycana qarşı ən müxtəlif səviyyələrdə təzyiqlərin olması, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin, xüsusilə ATƏT-in Minsk Qrupunun dərhal atəşkəsə nail olmağa çalışması tərəf tutmaq deməkdir. Minsk Qrupunun missiyası ATƏT-in ona verdiyi mandata uyğun olaraq tərəfsiz olmaq və problemi sülh yolu ilə həll etməkdən ibarətdir. Ancaq bu missiyanı 28 ildir ki, yerinə yetirə bilməyən qurum indi nəinki problemin həllinə kömək etmir, tam əksinə, onun həll olunmamış qalması üçün yeni hüquqi baza yaratmağa çalışır. Əks təqdirdə, ATƏT-in Minsk Qrupunun həmsədri olan üç ölkənin eyni zamanda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü kimi bu qurumun 1993-cü ildə qəbul etdiyi qətnaməni heçə saymaq, onu yenisi ilə əvəz etmək cəhdlərini necə başa düşmək olar? TŞ-nın qəbul etmək istədiyi yeni qətnamədə işğalçı Ermənistanın Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələri heçə saymaq cəhdləri, bunun əvəzinə yeni qərar qəbul etmək niyyəti birbaşa işğalçıya və işğala bəraət qazandırmaqdır”.

Deputat nəzərə çatdırıb ki, bu, həm də 30 ildə problemin nə üçün həll edilmədiyini izah edən ən yaxşı siyasi arqumentdir: “Deməli, problemin həll olunmamış qalması həm də Minsk Qrupunun məqsədli fəaliyyətinin nəticəsidir, onlar bunu, sadəcə olaraq, həll etmək istəməyiblər. İndi isə atəşkəs əldə etmək istəyirlər. Axı sentyabr ayından indiyədək Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabrda olmaqla 2 humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən dinc əhalini gecə saatlarında ballistik raketlərdən atəşə tutmasıyla pozuldu. İndi Minsk Qrupunun həmsədrləri bu barbarlığı, hərbi cinayəti, terroru görməyiblərmiş kimi yenə də atəşkəs istəyirlər, Azərbaycana təzyiq edirlər. Üstəlik, 25 oktyabr bəyanatının mətninə humanitar atəşkəs yox birbaşa atəşkəs ifadəsi salmağa çalışırlar. Biz acı təcrübəmizdən bilirik ki, belə atəşkəs işğalçı Ermənistanı gücləndirmək, döyüş meydanında ona üstünlük yaratmaqla Azərbaycana təzyiqi artırmaq cəhdləridir. Ona görə də xarici siyasət idarəmizin, diplomatiyamızın 25 oktyabr bəyanatına məhz humanitar atəşkəs ifadəsinin salınmasına nail olması olduqca vacib idi və belə də oldu. Həmsədrlər təzyiqi də, təsiri də işğalçı Ermənistana, humanitar atəşkəsi hərbi hücum taktikasına çevirən işğalçıya etməlidir. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək, heç bir iradə bir xalqın milli iradəsindən üstün ola bilməz".