• 4 Dekabr 2020
logo
Azərbaycan Prezidenti: “Amerika vasitəçi olaraq bitərəf olmağa davam etməlidir”

Azərbaycan Prezidenti: “Amerika vasitəçi olaraq bitərəf olmağa davam etməlidir”

“Düşünürəm ki, Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik”.

Bunu Prezident İlham Əliyev ABŞ-ın “Fox News” telekanalına müsahibəsində bildirib.

Dövlət başçısının fikrincə, ABŞ-ın mövqeyi balanslaşdırılıb və bu, belə də olmalıdır: “Çünki ABŞ vasitəçidir. Prezident Trampın Türkiyə ilə bağlı tənqidi fikirlərinə gəlincə, yeri gəlmişkən, mən bunu mətbuatda görməmişəm. Lakin onun fikirləri konstruktiv olub. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Biz çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Lakin, eyni zamanda, Prezident Trampın açıq siyasəti burada - Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tərəfindən də dəstəklənir”.

Prezident düşmənçiliyə son qoymaq üçün istənilən motivasiyanın bizim tərəfimizdən dəstəkləndiyini qeyd edib: “Düşünürəm ki, bu gün Vaşinqtondakı görüşün çox yaxşı nəticəsi onda ola bilər ki, Ermənistan sülh yolu ilə həllə sadiq olsun, bizə hücum etməyi dayandırsın və qoşunları geri çəkəcəyinə dair öhdəlik götürsün”.

ABŞ-da keçiriləcək prezident seçkilərinə də toxunan Dövlət başçısı Amerika seçicilərinin səslərini Amerika üçün ən yaxşı nədir yanaşmaları və ehtimalları əsasında verəcəklərini hesab etdiyini vurğulayıb: “Düşünmürəm ki, Qarabağ münaqişəsi amerikalıların narahat olduğu bir məsələdir. Ola bilsin onların əksəriyyəti, hətta bu haqda bilmirlər. Lakin, əlbəttə ki, Amerika super gücdür, o, bu münaqişənin həllində çox mühüm söz sahibidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Amerika vasitəçi olaraq bitərəf olmağa davam etməlidir, yenə də və daha da çox hər iki tərəfi ortaq qərara yaxınlaşdırmağa çalışmalıdır. Mən deyərdim ki, Azərbaycan həmişə Amerika Birləşmiş Ştatlarının həqiqi tərəfdaşı olub. Biz beynəlxalq terrorçuluqla mübarizədə bir yerdəyik, biz Əfqanıstanda bir yerdəyik, biz hərbi qulluqçularımızı Əfqanıstanda saxlayırıq və bununla sülhməramlı əməliyyatlara öz töhfəmizi veririk. Bizim gündəliyimizdə enerji təhlükəsizliyi kimi mühüm məsələ var. Amerika Birləşmiş Ştatları Azərbaycanın enerji təchizatı marşrutlarını şaxələndirmək səylərini həmişə dəstəkləmişdir. Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə biz önəmli layihələri tamamlaya bilmişik. Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və biz həqiqətən də dostuq. Ona görə burada sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır. Azərbaycan müstəqilliyini gücləndirərək müstəqillik yolunda irəliləməyə davam edir. Biz Avropa ilə Asiya arasında nəqliyyat, enerji qovşağında yerləşirik. Bizim siyasi önəmimiz artır. Buna görə Azərbaycan Birləşmiş Ştatlar üçün, Birləşmiş Ştatlar isə Azərbaycan üçün mühüm tərəfdaşdır”.

Dövlət başçısı Amerikanın super güc olduğunu diqqətə çatdırıb: “Məsafənin heç bir fərqi yoxdur. Hesab edirəm ki, müasir, dünyəvi, dost müsəlman ölkəsi bizim dostlarımız üçün də böyük bir aktivdir. Müstəqilliyin lap ilk illərindən bəri Amerika Birləşmiş Ştatları həmişə Azərbaycanı dəstəkləmişdir. Sizə deyə bilərəm ki, bu gün bizim ikitərəfli əməkdaşlığımız bəlkə də, ən yüksək səviyyədədir. Ümid edirik ki, bu gün Vaşinqtondakı görüş Ermənistanı təcavüzü dayandırmağa, işğalı dayandırmağa inandırmaq üçün önəmli olacaqdır və sonra da torpağımıza sülh gələcəkdir”.

Prezident Amerika Birləşmiş Ştatlarında Ermənistanın çox dəstəklənməsinə aid suala cavabında bildirib ki, biz bilirik, ölkələrin daxili siyasəti var və erməni lobbi təşkilatları fəaliyyət göstərir.

“Lakin beynəlxalq münasibətlərə aid məsələlərə baxdıqda prinsiplər olmalıdır. Bu emosiyalar, hisslər, xoş məramın digər ifadəsi, - bunlar fərqlidir, - ailədə nahar yeməyində ola bilər. Lakin beynəlxalq münasibətlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri var. İşğala son qoyulmalıdır. Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri, varlı insanları Dağlıq Qarabağdakı ermənilər, onların yoxsulluq içində necə yaşaması maraqlandırmır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.