• 18 Aprel 2024
logo
Ermənistanın dinc Azərbaycan əhalisini hədəfə alması cinayətdir - Özbəkistan səfiri

Ermənistanın dinc Azərbaycan əhalisini hədəfə alması cinayətdir - Özbəkistan səfiri

Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinin hədəfə alınması qəbuledilməz və cinayətdir.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşən Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhrom Əşrəfxanov deyib.

O, Ermənistan tərəfindən Azərbaycana raketlərin atılmasından mülki əhalinin, xüsusən də uşaqların zərər görməsindən məyusluğunu ifadə edib.

B.Muradova bildirib ki, ölkəmizdə 30 ildir müharibə vəziyyəti yaşanır və hazırda Azərbaycan öz torpaqlarını geri qaytarmaq uğrunda haqlı mübarizə apararaq qısa müddət ərzində ərazilərinin xeyli hissəsini işğaldan azad edib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti bir daha şahid oldu ki, Azərbaycan doğru yoldadır və haqqını özünə qaytarır.

B.Muradova vurğulayıb ki, Özbəkistan Azərbaycanı daim dəstəkləyən və Ermənistanda diplomatik nümayəndəliyi olmayan dövlətlərdəndir. Bütün bunlar ölkələrimiz, onun rəhbərləri, eləcə də parlamentlərarası dostluq münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunun göstəricisidir.