• 4 Dekabr 2020
logo
Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır - Deputat

Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır - Deputat

Bu gün Azərbaycanın hərb müstəvisində üstünlüyü bizə imkan yaradır ki, danışıqlar prosesində öz tələblərimizi tam olaraq irəli sürək. Hazırda əksər beynəlxalq təşkilatlar sülh danışıqları, yaxud atəşkəsin bərpası məsələsini gündəmə gətirsə də mövcud durumda görünür, bu, imkansızdır. Çünki artıq biz hər danışıqlar masasında Ermənistanın qeyri konstruktiv mövqeyini görmüşük. Ona görə də budəfəki danışıqlar başqa formada olmaldır.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

“Çünki əvvəlki status-kvo artıq mövcud deyil, təmas xətti yoxdur. İndi Ermənistan rəhbərliyi daha məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ-da görüşləri olacaq. Düşünürəm ki, XİN rəhbərləri səviyyəsində hazırkı təmaslar Ermənistanın beynəlxalq hüququn tələblərini yerinə yetirməyə hazır olub-olmamasını müəyyənləşdirmək üçündür”.

Deputat onu da əlavə edib ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır:

“Ermənistanda bir neçə il öncə hakimiyyət dəyişikliyindən sonra gözlənilirdi ki, danışıqlar prosesində nəyəsə nail olmaq olar. Ancaq zamanla onların sərsəm çıxışları bütün bu danışıqlar prosesinin, beynəlxalq təşkilatların çağırışlarının üzərindən xətt çəkdi. Danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması olub.

Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır”, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deməsi, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verməsi, Azərbaycana hücumlar, danışıqların aparılmasını mənasız edir. Odur ki, artıq təcavüzkara öz yerini göstərməyin vaxtı gəlib çatıb ki, bunu da ordumuz ali baş komandanın rəhbərliyi altında həyata keçirir”.