• 4 Dekabr 2020
logo
“İşğala məruz qalan hər iki ölkənin münasibətlərində heç vaxt soyuqluq yarana bilməz”

“İşğala məruz qalan hər iki ölkənin münasibətlərində heç vaxt soyuqluq yarana bilməz”

Bunu “Xalq Cəbhəsi”nə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibədə Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq səviyyəsi ilə bağlı fikirlərinə münasibətində deyib.

Xatırladaq ki, Prezident İlham Əliyev müsahibəsində hər iki ölkə arasında əməkdaşlıq səviyyəsinin çox yüksək olduğunu deyib. Prezident qeyd edib ki, biz strateji tərəfdaşıq və bizim Gürcüstanın hazırkı hökuməti ilə mükəmməl əlaqələrimiz var. Biz bir-birimizi dəstəkləyirik, biz yaxşı qonşu və dostuq: “Baxın, biz birlikdə nə qədər layihə icra etmişik, neftin nəqli, qazın nəqli, elektrik enerjisinin nəqli, dəmir yolu bağlantısı, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və bir çox başqa layihələr. Azərbaycan, zənnimcə, Gürcüstanda Türkiyə ilə birlikdə birinci və ya ikinci ən böyük investordur. Birinci və ya ikinci ən böyük vergi ödəyicisidir”.

H.Yusubov onu da deyib ki, Gürcüstan və Azərbaycan bir-biri ilə strateji tərəfdaşdırlar. Bəzi məsələlərdə onların taleyi oxşardır, tutaq ki, Rusiya tərəfindən torpaq itkisinə məruz qalmaq kimi. Gürcüstan həm də Borçalıda 600 min nəfərə yaxın azərbaycanlının yaşaması baxımından da bizim üçün vacib ölkədir. Bir sözlə, bizim ortaqlıq və tərəfdaşlığımız vazkeçilməzdir: “Azərbaycan-Gürcüstan münasibətləri hər iki ölkə üçün daima strateji əhəmiyyət daşıyıb. Bu münasibətləri hər iki xalqın milli maraqları şərtləndirir.Gürcüstanın hazırkı hakimiyyəti Azərbaycanla strateji tərəfdaşlıq, dostluq və qonşuluq münasibətlərinə böyük önəm verir və bu münasibətlərin inkişafına maneə törədənlərin qarşısındadır”.

GAK sədrinin sözlərinə görə, iki qonşu dövlət arasında olan strateji əhəmiyyətli siyasi münasibətlər həm də çoxsaylı iqtisadi layihələrlə dəstəklənir. Bu gün Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.

Ölkələrimiz arasında çox mühüm layihələrin hazırlanması və həyata keçirilməsi siyasi və təhlükəsizlik məsələləri üzrə daha geniş əməkdaşlığa, ən sonda isə strateji əməkdaşlığa gətirib çıxarıb. Azərbaycan və Gürcüstan güclü regional tərəfdaşlar kimi həm BMT, həm də Avropa İttifaqı və ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatların hər iki ölkənin təhlükəsizliyi və müstəqilliyi üçün böyük əhəmiyyətə malik çoxtərəfli çərçivələri daxilində birgə və sıx işləyiblər. Bu əməkdaşlıq Aİ, ABŞ, həmçinin Türkiyə tərəfindən fəal şəkildə dəstəklənib.

Azərbaycanın həyata keçirdiyi bütün enerji və nəqliyyat kommunikasiya layihələri Gürcüstan üzərindən realizə olunaraq Qərbə istiqamətlənir. Azərbaycan şirkətləri qonşu ölkəyə ciddi sərmayə yatıran şirkətlər sırasında olmaqla həm də bu ölkədə ən böyük vergi ödəyiciləridir. Gürcüstandan iki ixrac neft kəməri və iki ixrac qaz kəmərimiz keçir. Perspektivdə Şərqdən-Qərbə yükdaşımalarda Azərbaycanın əhəmiyyətli paya sahib olmasını təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti qonşu ölkədən keçir.

H,Yusubov Dağlıq Qarabağ məsələsində Gürcüstanın tutduğu mövqeyə də toxunub. Bidirib ki, ortaya qoyulan mövqe budur ki, Qarabağ Azərbaycandır. Dünya türkləri üçün ilk cümlə budur ki, Qarabağ Azərbaycandır, Azərbaycan olaraq da qalacaqdır. Planetin adı dəyişənə qədər. Gürcüstanla bağlı olaraq, Şevardnadzenin vaxtında müharibənin getdiyi zamanlarda Gürcüstan hakimiyyətinin mövqeyi belə idi ki, “Bəli, Azərbaycan bizim qonşumuzdur, strateji tərəfdaşımızdır, amma ermənilər də din qardaşımızdır” və s. Müəyyən təəssübkeşlik var idi: “Bu gün maraqlısı budur ki, hakimiyyət nə isə demir, konkret addımlar atır. Nə hava, nə də quru yolu ilə Rusiyadan Ermənistana gedən silah-sursatı ərazisindən buraxır. Bundan başqa, Ermənistana neft və yanacaq məhsullarının ötürülməsi dayandırıldı. Axalkalakidə yaşayan ermənilər “humanitar yardım” adı ilə Qarabağa konteynerlərlə silah göndərmək istəyirdilər, Gürcüstan hakimiyyəti bunu blokladı. Müxtəlif şəhərlər, regionlar, kəndlərdə bizim yerli azərbaycanlılarımız kütləvi şəkildə Qarabağa dəstək aksiyaları keçirirlər. İnanın ki, bütün küçələr Gürcüstan, Azərbaycan, Türk bayraqları ilə bəzədilib və hakimiyyətdən buna heç bir əks təpki gəlmir. Əksinə onlar da insanlara qoşulub coşqu ilə bunu dəstəkləyirlər. Gürcüstan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib”.

Onu da qeyd edək ki, oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri olacaq. Seçkilərdə azərbaycanlı namizədlər də mandat uğrunda mübarizə aparacaqlar. GAK sədri bildirib ki, Azərbaycanın Qarabağ üçün apardığı haqq mübarizəsi də bir faktordur. Seçicilərin yüzdə 10-u azərbaycanlılardır: “Bundan başqa da ağıllı seçicilərin böyük əksəriyyəti bilir ki, Azərbaycan Gürcüstan üçün nə deməkdir. Məsələn, əgər Tovuz vurularsa, hansı ki, oradan Gürcüstan tarixinin ən böyük proyekti olan tranzit kəmərləri keçir. O kəmərlərə zərər verilməsi Gürcüstan iqtisadiyyatının çökməsi deməkdir. Ona görə də bizim gürcü qardaşlarımız da arzulamırlar ki, Tovuz vurulsun. Əksinə, böyük əksəriyyəti Azərbaycanın haqq işini dəstəkləyir. Onlar da istəyirlər ki, Azərbaycanın da torpaqları, onların öz torpaqları da işğaldan azad olunsun, ərazi bütövlüyü bərpa edilsin. Necə ki, Azərbaycanın ərazisnin 20%-i işğal altındadır, gürcülərin də 20% torpaqları işğal altındadır. Yəni ki, bunlar da bizim hərəkət istiqamətimiz üçün uyğun faktorlardır. İşğala məruz qalan hər iki ölkənin münasibətlərində heç vaxt soyuqluq yarana bilməz”.