• 29 Mart 2024
logo
Ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Mehriban Əliyevanın çağırışları əhəmiyyətli rol oynayır - Siyasi şərhçi

Ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Mehriban Əliyevanın çağırışları əhəmiyyətli rol oynayır - Siyasi şərhçi

Ölkəmizin haqlı mövqeyi, Azərbacanın işğal altında olan torpaqları və ərazi bütövlüyümüzün təmin olunmasının zəruriliyi, Ermənistanın işğalçılıq siyasəti, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırım və digər müharibə cinayətləri ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında, informasiya savaşında irəliləyişlərə nail olunmasında kütləvi informasiya vasitələrinin, sosial şəbəkə istifadəçilərinin, bütövlükdə həmvətənlərimizin xüsusi fəallıq nümayiş etdirmələrində Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışları, göstərdiyi şəxsi nümunələr əhəmiyyətli rol oynayır.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib: “Fikrimi əsaslandırmaq üçün Mehriban xanımın çağırışlarından bəzi iqtibasları təqdim etmək istəyirəm.

Birinci vitse-prezidentin bu ilin iyul ayında, Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində həyata keçirdiyi hərbi təxribatından, dünyanın müxtəlif ölkələrində azərbaycanlıların dinc aksiyalarına erməni diasporu üzvlərinin quldur hücumlarından sonra dünya azərbaycanlılarına müraciətində deyilir: “...Unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və quldurlara bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır”.

Qeyd edək ki, Mehriban xanımın informasiya sahəsindəki mübarizənin hüquq müstəvisində, nifrət hissi aşılamadan, yalnız faktlara istinad etməklə aparılmasının vacibliyi barədə çağırışı həm kütləvi informasiya vasitələrinin, həm sosial şəbəkə istifadəçilərinin, həm də dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin fəaliyyətində prioritet yer tutduğu üçün bu istiqamətdə effektiv irəliləyişlərə nail ola bilmişik.

Mehriban xanımın həmin günlərdə həmvətənlərimizə ünvanladığı çağırışlardan başqa bir nümunə də təqdim etmək istəyirəm: “Biz hamımız sayıq olmalı, təxribata uymamalıyıq. Gəlin hər dəfə yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq və qarşı tərəf informasiya məkanında yayımladığımız hər şeydən istifadə edə bilər. Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur”.

Mehriban xanım Əliyevanın nümunə gətirdiyim bu çağırışında, qənaətimə görə açar ifadə “Bizə zəfər lazımdır” sözləridir. Yəni hər birimiz nəticəyə işləməliyik, soyuqqanlı, təmkinli, diqqətli olmalı, birlik, ağıl və iradə nümayiş etdirməliyik.

Bu gün həmvətənlərimizin sosial şəbəkələrin bütün seqmentlərində vahid mövqe, birlik və intellekt, prinsipiallıq nümayiş etdirmələri Mehriban xanımın cağırışlarının, tövsiyyələrinin bu prosesdə nə qədər əhəmiyyətli yer tutduğunun bariz nümunəsidir.

Birinici vitse-prezident Mehriban Əliyevanın Trend İnformasiya Agentliyinə müsahibəsində onun çağırışına qoşulan hər kəsə təşəkkür etməsi, kütləvi informasiya vasitələri nümayəndələrinin işini yüksək qiymətləndirməsi hər bir KİV təmsilçisi kimi mənim üçün də qürurvericidir və təbii ki, bizi bu prosesdə daha fəal iştirak etməyə ruhlandırır.

Azərbaycan torpaqları işğaldan azad edilənədək bizlər – media nümayəndələri informasiya məkanında Ali Baş Komandanın əsgərləriyik və haqq işimiz üçün çalışmaqdan qürur duyuruq”.