• 1 Dekabr 2020
logo
Dünya Ermənistanın terror aktlarına etirazını bildirməlidir - Qafqazşünaslıq İnstitutu

Dünya Ermənistanın terror aktlarına etirazını bildirməlidir - Qafqazşünaslıq İnstitutu

Dünya birliyi Ermənistanın Gəncədə və Azərbaycanın digər ərazilərində mülki əhaliyə qarşı törətdiyi terror aktlarına göz yummamalıdır, etirazını bildirməlidir, onun beynəlxalq hüquq normalarına tabe olmasını tələb etməlidir.

Bunu Trend-ə AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini siyasi elmlər doktoru Ramilə Dadaşova deyib.

Onun sözlərinə görə, Ermənistanın terror fəaliyyəti gizli deyildir, işğal etdiyi əraziləri əldə saxlamaq və genişləndirmək üçün hakimiyyət dinc əhaliyə qarşı açıq surətdə terror vasitəsindən yararlanır. Başqa sözlə, terror yolu ilə yaradılmış Ermənistan dövləti işğalçı siyasətində də terror fəaliyyətinə üstünlük verir.

R.Dadaşova əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanı olduğu Azərbaycan Ordusunun beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorizminə qarşı əzmlə apardığı mübarizəni dünya dövlətləri, dünya birliyi bir mənalı surətdə dəstəkləməlidirlər. Lakin Ermənistanın Gəncədə törətdiyi və çox sayda insanın, eləcə də uşağın, qadının, qocanın həlak olması, yaralanması ilə nəticələnən 11 oktyabr və 17 oktyabr terror aktlarına, Xızı və Abşeron rayonlarında əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinə, Ordubada, Cənubi Qafqazın ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Yevlax rayon ərazisindən keçən hissəsinə, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən iri sənaye şəhəri Mingəçevirə raketlər atmasına beynəlxalq birlik reaksiya vermədi:

"Ermənistan XXI əsrdə mövcud olan bir dövlətdir, yoxsa gerizəkalı barbar terrorçu dövlət? Dünya siyasətini idarə etməyə çalışan ABŞ, Rusiya, Fransa kimi dövlətlər bu haqda düşünürmü? Ali qurumlarda qəbul edilən beynəlxalq hüquq sənədlərinə Ermənistan necə əməl edir? BMT terrorun beynəlxalq və milli təhlükə xarakterini nəzərə alaraq, 1990-cı illərdə bu sahədə hüquqi fəaliyyətini təkmilləşdirdi. Baş Məclisin 1994-cü ildə qəbul etdiyi “Beynəlxalq terrorizmi aradan qaldırmaq tədbirləri” adlı bəyannamədə, 1996-cı il 17 dekabr tarixli qətnamədə ekstremist xarakterli terrorizmin dövlətə və onun ərazi bütövlüyünə təhlükə yaratmasından bəhs edilir. Baş Məclisin 1970-ci il oktyabr bəyannaməsində və Təhlükəsizlik Şurasının 1998-ci il 13 avqust tarixli 1189 saylı qətnaməsində hər hansı bir dövlətin digər dövlətdə terror aktlarında iştirak etməkdən çəkinməsi əksini tapmışdır. Təhlükəsizlik Şurası 1999-cu il 19 oktyabr tarixli 1269 saylı qətnamədə beynəlxalq terrorizm aktlarını pislədi, BMT-ni və regional təşkilatları, bütün dövlətləri beynəlxalq terrorizmlə mübarizəyə, onu maliyyələşdirməməyə çağırdı".

Politoloq qeyd edib ki, Təhlükəsizlik Şurasının 2001-ci il sentyabrın 28-də qəbul etdiyi 1373 saylı qətnaməyə əsasən, BMT Nizamnaməsinin VII fəslinə müvafiq olaraq, hər bir dövlət beynəlxalq terrorçulara qarşı zəruri tədbirlər görməli, terror aktlarını maliyyələşdirmənin qarşısını almalı, terrorizmin qarşısını almaq üçün operativ informasiya mübadiləsi (terror şəbəkələri, silah satışı, kütləvi qırğın silahlarının ələ keçirilməsi barədə) aparmalıdır. 1373 saylı qətnamə əsasında BMT Təhlükəsizlik Şurasının bütün üzvlərindən ibarət Terror Əleyhinə Komitə yaradıldı. Ekspertlərdən ibarət olan bu komitə qarşısında hər bir dövlət terrorizmlə mübarizə, sərhədlərə nəzarət, terrorçuların maliyyələşməsinin qarşısını almaq barədə hesabat verməlidir. Sadalanan qərar və qətnamələrlə yanaşı BMT çərçivəsində beynəlxalq terrorizmlə mübarizə barədə 13 beynəlxalq konvensiya da qəbul edilmişdir. Savadsız, burnundan uzağı görməyən, öz xalqını məhvə sürükləyən Ermənistan hakimiyyətinin bu qərarlardan xəbəri varmı? Ermənistanın etdiyi cinayət əməllərinə belə qərarları qəbul etmiş qurumlar, o cümlədən BMT Təhlükəsizlik Şurası laqeyd qalmamalıdır. Ermənistanın bu terror siyasətini dəstəkləyən, ona silahla yardım edən dövlətlər də terrorçu dövlət kimi məsuliyyət daşıyırlar. Azərbaycan beynəlxalq terrorizmlə, hazırda Ermənistan terrorizmi ilə mübarizə aparır. Beynəlxalq hüquq müstəvisindən çıxış edərək dünya dövlətləri, xüsusən də belə hüquq normalarının qəbul edilməsində əsas rolu olan ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa Azərbaycanla bir cəbhədə olmalıdır, nəinki erməni diasporasının fitnə-fəsadına (məsələn, demokratik dövlət adlandırdığımız Fransa) uyub terrorçu Ermənistan dövlətini müdafiə etməlidir. Ermənistana qarşı qlobal təhlükəsizliyi pozan terrorçu dövlət kimi BMT Nizamnaməsinin VII fəslində əksini tapmış 39-42-ci maddələr tətbiq edilməlidir".