• 4 Dekabr 2020
logo
Azərbaycan Prezidenti: “Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq”

Azərbaycan Prezidenti: “Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq”

“Bizim iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı gündəliyimiz var və bu proses uğurla davam edir. Hətta baxmayaraq ki, bu il ümumi daxili məhsulumuz aşağı düşür - çox ciddi deyil, indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, bizdə artım var. Bu, onu göstərir ki, bizim şaxələndirmə proqramımız çox uğurla icra olunur”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib.

Azərbaycan Prezidenti bildirib ki, sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə ki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdi.

“Əlbəttə ki, əsas məsələyə gəlincə, biz indi Azərbaycanın öz ərazilərini azad etdiyini görürük. Biz, ilk olaraq, on minlərlə hektar torpağı su ilə təchiz edəcək çox mühüm su anbarını azad etdik. Ermənistan faktiki olaraq bizə qarşı ekoloji terror törədib. Onlar Tərtər çayının qabağını bağlayırdılar və beləliklə, yüz minlərlə hektar torpaq su ilə təchiz olunmurdu. Onlar bunu yayda, insanların ehtiyacı olanda bağlayırdılar və qışda açırdılar, bu isə daşqına səbəb olurdu. Beləliklə, Ermənistanın terrorçu xisləti hər addımdadır. Biz əraziləri geri qaytarandan sonra, - bu, müxtəlif məhsullar becərmək, mal-qara saxlamaq üçün çox münbit torpaqlardır, - əlbəttə ki, bu, kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək. Biz ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq. Əlbəttə, düşünürük ki, insan kapitalına investisiyalar bizə inkişaf üçün yaxşı imkanlar yaradacaq. Çünki bir gün neft və qaz tükənəcək, baxmayaraq ki, bizim ehtiyatlarımız çox böyükdür. Biz böyük həcmdə təbii qaz ixrac etməyə yenicə başlamışıq və neft istehsalı sahəsi qarşıdakı onilliklərdə, ümumilikdə, sabit olacaq. Lakin, əlbəttə ki, qeyri-neft sektoru prioritetdir.

Yaponiya şirkətlərinə gəlincə, onlar burada enerji sahəsində çox fəaldırlar. Yaponiya banklarından alınan kreditlərlə biz Bakıda iki böyük elektrik stansiyası tikmişik. Onların gücü 800 meqavata yaxındır. Beləliklə, bu elektrik stansiyaları istehlakımızın və ixracımızın əhəmiyyətli hissəsini təmin edir. Yeri gəlmişkən, biz həm də elektrik enerjisini ixrac edirik. Biz Yaponiya şirkətlərini hazırda prioritetlərdən biri olan bərpaedilən enerji sahəsində görmək istəyirik. Biz artıq bəzi investorlarla ilkin razılaşmalar imzalamışıq. Beləliklə, əminik ki, çox ümidverici olan və xüsusilə Abşeron yarımadasında günəş və çoxlu külək sayəsində potensialı olan bu sahədə və bir çox başqa sahələrdə əməkdaşlıq olacaq. Bu gün Yaponiya şirkətləri ilə avadanlıq, maşınqayırma, texnologiya, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlığımız var. Biz Yaponiya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindən məmnunuq”, - deyə Prezident İlham Əliyev əlavə edib.