• 29 Mart 2024
logo
Azərbaycan Prezidenti: “Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri cəlb etməsi faktı sirr deyil”

Azərbaycan Prezidenti: “Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri cəlb etməsi faktı sirr deyil”

”İlk növbədə, mən bildirmək istərdim ki, Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri cəlb etməsi faktı sirr deyil. Hətta Ermənistanın baş naziri bunu etiraf edib. Lakin o bildirib ki, onlar köklü ermənilərdir. Birincisi, heç kim bilmir onlar köklü ermənilərdir, ya yox. Bizdə məlumat var ki, başqa millətlərin nümayəndələri hazırda Ermənistan tərəfdən döyüşür”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibədə “Döyüş meydanından danışarkən, Ermənistanın Liviyada, Suriyada yaşayan erməniləri cəlb etdiyinə dair məlumatlar var. Eyni zamanda, QHT, dəqiq desək, Suriya İnsan Haqlarının Müşahidəsi Qrupu iddia edir ki, Suriyadan çox sayda etnik türkmən döyüşçü hazırda Sizin qüvvələrinizlə birlikdə döyüş meydanındadır. Bu, doğrudur, ya yox” sualına cavabında bildirib.

Prezident deyib ki, iİkincisi, əgər insan etnik ermənidirsə və başqa ölkənin vətəndaşıdırsa, bu, o demək deyil ki, o, muzdlu deyil: “Döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan, Kanada pasportu olan insanlar var. Bizdə Fransa, ABŞ vətəndaşlarının, erməni əsilli, lakin bu ölkələrin vətəndaşları olan şəxslərin, keçmiş sovet ölkələrinin vətəndaşlarının, Yaxın Şərq ölkələrinin vətəndaşları ilə birlikdə bizə qarşı döyüşməsinə dair dəlillər var”. Prezident İlham Əliyev bildirib ki, Ermənistan birinci Qarabağ müharibəsində muzdlulardan istifadə edirdi: “Bu, sirr deyil. Onlardan bəziləri Azərbaycan tərəfindən zərərsizləşdirilib və ermənilər onların şərəfinə böyük abidələr ucaldıblar, beynəlxalq terrorçuların şərəfinə abidələr. Bu, Ermənistanın terrorçu dövlət olduğunu göstərir.

Azərbaycana gəlincə, birincisi, Suriya İnsan Haqlarının Müşahidəsi Qrupu adlandırılan QHT etibarlı təşkilat deyil. Biz onların Suriyadakı müharibə ilə bağlı yaydığı çox sayda feyk xəbərləri bilirik. Bu, siyasi motivasiyalı olan “QHT”yə etibar, etimad yoxdur. Birincisi, biz kimin maliyyələşdirdiyini yoxlamalı, sonra bu şayiələrin arxasında kimin durduğunu öyrənməliyik. İkincisi, bizə heç bir ölkə tərəfindən bir dəlil belə təqdim olunmayıb. Yalnız şayiələr, yalnız əsassız bəyanatlar. Mən sübut tələb etdim. Dedim yaxşı, biz artıq 20 gündən çoxdur ki, münaqişənin aktiv fazasındayıq, sübutlar haradadır? Bizə dəlil təqdim edin. Heç bir sübut yoxdur. Ona görə də, bu şayiələrə son qoyulmalıdır. Azərbaycan özü döyüşür. Bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur. Bizim kifayət qədər insanlarımız, nizami ordumuzda kifayət qədər əsgər və zabitlərimiz var. Əhalimizin sayı 10 milyon nəfərdir. Əgər bizim əlavə döyüşçüyə ehtiyacımız olsa, səfərbərlik elan edərik, cəlb edərik. Beləliklə, buna ehtiyac yoxdur. Bu, tamamilə yanlış məlumatdır”.

Prezident “Sizin dəfələrlə dediyiniz kimi, heç bir mücahid, hətta heç bir türkmən yoxdur” sualına cavabında deyib ki, xeyr, başqa ölkələrdən gəlmiş Azərbaycan əsilli insanlar ola bilər: “Biz bunu istisna etmirik. Çünki bizdə çox sayda könüllülər var. İnsanlar könüllü şəkildə öz ölkələrini müdafiə etmək istəyə bilər. Biz istisna edə bilmərik ki, başqa ölkələrdən Azərbaycan əsilli insanlar gəlir. Lakin bu, təqdim olunduğu kimi deyil ki, Azərbaycan döyüşmək üçün terrorçuları dəvət edib. Bu, yanlış məlumatdır”.

Prezident deyib ki, lakin biz xaricdə yaşayan azərbaycanlılardan gəlib tarixi Vətəni uğrunda döyüşmək üçün çox sayda müraciət, çox sayda məktub alırıq: “Lakin bizim mövqeyimiz belədir ki, buna ehtiyacımız yoxdur. Döyüş meydanında kifayət qədər insanımız var”.