• 1 Dekabr 2020
logo
Prezident: "Bir çox ölkələrin mətbuatı birtərəfli qaydada Ermənistanın tərəfini tutur"

Prezident: "Bir çox ölkələrin mətbuatı birtərəfli qaydada Ermənistanın tərəfini tutur"

"Qardaş Türkiyə ilk saatlardan bizə öz dəstəyini göstərib. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan, mənim əziz qardaşım ilk saatlardan bildirib ki, Türkiyə Azərbaycanın yanındadır. Türkiyənin digər yüksək vəzifəli şəxsləri də buna oxşar bəyanatlar veriblər. Türkiyə xalqı bizə öz dəstəyini göstərir".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə mətbuatında bu münaqişə geniş işıqlandırılır: "Azərbaycanın haqq işi Türkiyə mətbuatı vasitəsilə dünyaya çatdırılır. Bunun da çox böyük önəmi var. Çünki əfsuslar olsun ki, bir çox ölkələrin mətbuatı birtərəfli qaydada Ermənistanın tərəfini tutur. Bu, böyük ədalətsizlikdir. Bu, saxtakarlıqdır. Bu, hadisələrin təhrifi deməkdir. Azərbaycanı işğalçı, yaxud da ki, təcavüzkar dövlət kimi təqdim etmək cəhdləri, əlbəttə, heç bir əsasa malik deyil. Ona görə, Türkiyə mətbuatının ilk günlərdən burada olması və döyüş bölgələrindən reportajların verilməsi dünyada da bu məsələ ilə bağlı düzgün məlumatın olmasına xidmət göstərir".