• 1 Dekabr 2020
logo
Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir - Politoloq

Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir - Politoloq

Müasir dünyamızda beynəlxalq münasibətlər sistemində təəssüf ki, hələ də beynəlxalq hüququn işlək mexanizmə sahib olmadığını görürük. İllər ərzində Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi də bu işləməyən mexanizmin və beynəlxalq təşkilatların qəbul edtiyi qərar və qətnamələrin icra edilməməsinin acı nəticəsi idi. Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir və işğalçı qoşunların həmin ərazilərdən, eləcə də ATƏT-in Minsk Qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilir:

“Təəssüf ki, Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il ərzində kağız üzərində qaldığını gördük. Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartdı, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu. Bu azmış kimi təəssüf ki, ATƏT-in Minsk Qrupunun həm-sədr ölkələri başda olmaqla, BMT, beynəlxalq birlik və dünya ictimaiyyəti tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi. Dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan illərdi lazımi təzyiq almayan və beləliklə də cəzasızlıq sindromu yaşayan işğalçı və terroru dövlət siyasəti həddinə gətirən Ermənistan daha da azğınlaşır, qudurur, özünü beynəlxalq hüquqdan xəbərsiz aparırdı.

Buna baxmayaraq öz prinsipial mövqeyindən və siyasi iradəsindən dönməyən Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə Ermənistana sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulamışdı. Ən paradoksal məqam odur ki, Təhlükəsizlik Şurasının qətnamələri son vaxtlar tamamilə BMT-nin və həmsədr ölkələrin yadından çıxıb. Belə ki, müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda onlar həmin sənədlərə toxunmur. Başqa sözlə desək, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən BMT-dən başqa hamı danışır.

27 ildən sonra Azərbaycan ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl və Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün tarixi ədaləti bərpa edərək Dağlıq Qarabağı işğal tapdağından azad etmək yolunda istər səngərin, istər siyasi arenanın, istərsə də informasiya müharibəsinin Ali Baş Komandanı olmaqla bütün dünyaya tarixi və hüquqi ədaləti bərpa etdiyini sübut edir. Çünki cənab Prezident İlham Əliyev bir daha sözünün imzası qədər əhəmiyyətli olduğunu, ədalət deyilən məfhumun varlığını əyani olaraq bütün dünyaya göstərir. Bu gün Azərbaycan ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir. İndiki dövrdə də istər indi döyüş meydanında qələbələr qazanmağımız, istərsə də bu günlər ərzində bütün ölkələrlə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz Prezident İlham Əliyevin siyasi xadim kimi müdrik fəaliyyəti, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsi, xalqın ona inamının nəticəsidir. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevi ən əziz, ən doğma insanı bilir, hər gün xalqa etdiyi müraciətlə onu evlərinin, ocaqlarının ən arzuolunan insanı kimi səbirsizlə gözləyir”.