• 20 Aprel 2024
logo
Azərbaycan BMT qətnamələrinin icrasına özü başlamaq məcburiyyətində qaldı - Politoloq

Azərbaycan BMT qətnamələrinin icrasına özü başlamaq məcburiyyətində qaldı - Politoloq

Ermənistan beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartdı, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu.

Bunu Trend-ə AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini siyasi elmlər doktoru Ramilə Dadaşova deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir. Bu sənəddə işğalçı qoşunların həmin ərazilərdən, eləcə də ATƏT-in Minsk Qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq, Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilir. Lakin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldığını vurğulayan R.Dadaşova Azərbaycanın özünün həmin qətnmələrin icrası istiqamətində işlərə başlamaq məcburiyyətində qaldığını söyləyib:

"Beynəlxalq hüquq, yaradılan beynəlxalq qurumlar, beynəlxalq hüquq sənədləri nə üçün reallaşdırılmır? Əgər reallaşdırılmayacaqdırsa, nə üçün bu sənədlər qəbul edilir, qurumlar yaradılır. Ermənistan terrorçu dövlətdir. Başqasının ərazisini terror yolu ilə işğal edib və bu işğal üsulunu davam etdirir. Nə üçün Ermənistanın yardım istədiyi dövlətlər onun beynəlxalq hüquq normalarını, qlobal təhlükəsizliyi pozduğunu dilə gətirmirlər? Bütün bu konvesiyaların və beynəlxalq hüquqi sənədlərin reallaşdırılmasına bu gün terrorçu Ermənistan dövləti etiraz edir, öz ərazi bütövlüyünü bərpa etmək üçün əks hücuma keçən Azərbaycan Ordusu ilə vuruşmaqdan daha çox mülki əhaliyə qarşı terror aktları törədir, qadağan olunmuş silahlardan istifadə edərək müharibə bölgəsindən çox uzaqda yerləşən iri şəhərlərə, mülki əhaliyə, mülki obyektlərə, həyati əhəmiyyətli obyektlərə hücumlar edir, raketlər atır. Bu hadisələr isə XXI əsrdə baş verir".