• 4 Dekabr 2020
logo
Bu gün qazanılan uğurlar bir-iki günün yox, illərdir aparılan uzaqgörən siyasətin nəticəsidir - Deputat

Bu gün qazanılan uğurlar bir-iki günün yox, illərdir aparılan uzaqgörən siyasətin nəticəsidir - Deputat

Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğalçıları torpaqlarımızdan qovması nəticəsində demək olar ki, hər gün yeni-yeni ərazilər azad olunur, həmin ərazilərdə yenidən Azərbaycan bayrağı dalğalandırılır.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, artıq bir sıra ərazilərimiz, o cümlədən Cəbrayıl rayonu, Xudafərin körpüsü üzərində də Azərbaycan bayrağı qaldırılıb. Əlbəttə, burada Xudafərin körpüsünü xüsusilə qeyd etmək lazımdır. Çünki bu, hərbi baxımdan strateji uğur, tarixi ədalətin bərpası, xalqımızın öz mədəniyyət incilərinə sahib çıxması ilə yanaşı, həm də İranla Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, bölgənin sosial-iqtisadi inişafına mühüm təkan verəcək hadisədir”.

O qeyd edib ki, ümumiyyətlə, bu gün əldə etdiyimiz tarixi uğurlar bir-iki günün məhsulu deyil: “İllərdir ki, cənab Prezident bugünkü uğurlarımız üçün uzaqgörən siyasət yeridir və bu gün biz bunun müsbət nəticələrini görürük. Elə 4 il əvvəl rəsmi Tehranla imzalanmış razılaşma da bu müdrik siyasətin tərkib hissəsidir. 2016-cı ilin fevralında Tehranda imzalanmış və həmin ilin iyununda Milli Məclisdə ratifikasiya olunmuş Saziş Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə yol açdı.

Ancaq Bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyənlər o zaman bunu, az qala, “İran-Ermənistan əməkdaşlığı”na şərait yaradılması kimi qələmə verir və hakimiyyətə qarşı əsassız ittihamlar irəli sürürdülər. O zaman bəzi siyasi qüvvələr iddia edirdi ki, saziş nəticəsində Araz çayı üzərində inşa olunan körpülər işğalçı Ermənistanla İran arasında kommunikasiyanı gücləndirəcək. Ancaq sazişdə göstərilirdi ki, tərəflər BMT TŞ-nın məlum 4 qətnaməsinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alaraq müqaviləni imzalayıblar. Bu isə o deməkdir ki, imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan beynəlxalq sənəddir”.

Deputat onu da vurğulayıb ki, Azərbaycan artıq elə bir inkişaf mərhələsindədir ki, onun siyasi rəhbərliyinin atdığı addımlar yalnız bu gün üçün yox, gələcək üçün də düşünülmüş addımlardır:

“Əlbəttə, vaxtilə bu sazişi düzgün analiz edə bilməyənlər gələcəkdə torpaqlarımızın azad olunacağını nəzərə almırdılar. Ancaq zaman onu göstərdi ki, cənab prezidentin həm siyasi, həm də hərbi sahədə istedadı dayaz düşüncəli “siyasətçilər”i növbəti dəfə yanıltdı. Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi. 4 il öncə imzalanan saziş işğalçı Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı.

Məsələyə bu günün reallığından, yəni həmin ərazilərin işğaldan azad olunması prizmasından baxdıqda, aydın görmək olur ki, bu addımla həm də qarşıdan gələn dövrdə həmin bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək mühüm bir layihə həyata keçirildi. İnşa edilmiş su elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycan işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemlərini həll edəcək, bölgənin qısa müddətdə bərpası və inkişaf etdirilməsi mümkün olacaq”.