• 29 Mart 2024
logo
Erməni işğalçılarının törətdikləri vəhşiliklər ərəbdilli ölkələrin mətbuatında

Erməni işğalçılarının törətdikləri vəhşiliklər ərəbdilli ölkələrin mətbuatında

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev ərəbdilli televiziya və radio kanalları vasitəsilə Azərbaycan həqiqətlərini, son zamanlar cəbhə bölgəsində və respublikamızın digər bölgələrində ermənilərin törətdikləri təxribatlar barədə məlumatları dünya ictimaiyyətinə çatdırmaqda davam edir. Oktyabrın 3-də BBC Arabic televiziyasının “Xəbərlər” verlişində yayımlanan ilk müsahibədə Elnur Mustafayev erməni hərbi qüvvələrinin təxribat xarakterli hücumlarından söhbət açıb, bununla yanaşı sentyabr ayının 27-də Ermənistan tərəfinin Naftalan şəhərini ağır silahlardan atəşə tutması nəticəsində bir ailənin tam şəkildə həlak olması və mülkü vətəndaşlara dəymiş zərərlər haqqında ətraflı məlumat verib.

Elnur Mustafayev oktyabr ayının 4-də BBC Arabic televiziyasının “Xəbərlər” proqramına və BBC Arabic radiosuna müsahibə verərək ermənilərin Gəncə şəhərini raket və ağır silahlarla atəşə tutması, hücum nəticəsində bir mülkü vətandaşın həlak olması, çox sayda yaralıların olması, Gəncə şəhərinin infrastrukturuna ciddi ziyan dəyməsi və bir neçə tarixi-mədəni abidələrin dağılması haqqında məlumatları ərəb dünyasına çatdırıb. Azərbaycanlı şərqşünas müsahibədə, həmçinin Ermənistan tərəfinin hərbi təxribata əl atdığını, mülki vətəndaşları hədəfə aldığını və bu yolla münaqişənin sərhədlərini genişləndirmək istəklərini diqqətə çatdırıb.
Şərqşünas alim oktyabr ayının 7-də yenidən BBC Arabic televiziyasının “Xəbərlər” proqramına müsahibə verərək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın müxtəlif şəhərlərini atəşə tutması, atəş nəticəsində mülki vətəndaşlara maddi və mənəvi zərərlərin dəyməsi, həmçinin Ermənistanın beynəlxalq ictimaiyyətdə Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan informasiyaları yayması haqqında ətraflı danışıb.

Oktyabrın 8-də BBC Arabic radiosuna müsahibəsində Elnur Mustafayev Ermənistanın Azərbaycanın qədim ərazisi olan Dağlıq Qarabağı və yeddi ətraf rayonu işğal etməsi, erməni işğalı nəticəsində bir milyondan çox əhalinin ölkə ərazisində qaçqın və məcburi köçkünə çevrilməsi, həmçinin son hadisələrlə bağlı, Ermənistanın Azərbaycan şəhərlərini raket və ağır silahlardan atəşə tutması, hücum nəticəsində şəhərlərə və mülki vətəndaşlara dəymiş ziyanlarla bağlı ətraflı məlumat verib.

Şərqşünas alim oktyabrın 9-da ABŞ dövlətinə məxsus, ərəb dilində fəaliyyət göstərən “Hurra” televiziya kanalında, Bakı vaxtı ilə 22:30-dan canlı yayımlanan “Axşam xəbərləri” verilişində Ermənistandan dəvət olunmuş qonaqların da iştirak etdikləri teledebatda iştirak edib. E.Mustafayev tarixə və beynəlxalq hüquqa əsaslanan faktlar gətirməklə Ermənistanı təmsil edən opponentini üstələyib. Bununla yanaşı, Elnur Mustafayev debat zamanı müharibənin Ermənistan ərazisində deyil, bütün hüquqi və beynəlxalq qərarların təsdiq etdiyi Azərbaycan ərazisində getdiyini, həmçinin Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə BMT-nin Azərbaycan lehinə 4 qətnamə çıxardığını, bəyanatlarda Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərini dərhal tərk etməsi məsələsi tələb edildiyini, işğal nəticəsində bir milyondan çox dinc azərbaycanlı əhalinin qaçqın düşdüyünü, bundan əlavə erməni hərbi birləşmələrinin 26 fevral 1992-ci ildə azərbaycanlılara qarşı Xocalı soyqırımını həyata keçirdiyini və regionda sülhün yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması ilə mümkün olacağını geniş ərəbdilli izləyici kütləsinə çatdırıb.

Alim oktyabrın 10-da ərəb dünyasının kifayət qədər nüfuzlu TV kanallarından biri, Livan Respublikasına məxsus “Məyadin” televiziya kanalına da müsahibə verib. Elnur Mustafayev öz müsahibəsində Azərbaycanın şanlı ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıqlar və erməni işğalından azad olunmuş ərazilər haqqında məlumat verib. Bununla yanaşı, Şərqşünaslıq İnstitutunun əməkdaşı müsahibədə Azərbaycanın qədim ərazisi olan Qarabağın Ermənistan dövləti tərəfindən işğal edildiyini, işğal nəticəsində bir milyondan çox azərbaycanlı əhalinin qaçqın düşdüyünü və münaqişə ilə bağlı digər məsələləri ətraflı şəkildə qeyd edib.
Eyni gündə Elnur Mustafayev BBC Arabic kanalında yayımlanan “Axşam xəbərləri” verilişində Ermənistan və Rusiyadan qonaqların iştirakı ilə 25 dəqiqə çəkən teledebatda iştirak edib. Azərbaycanlı şərqşünas tarixə və beynəlxalq hüquq prinsiplərinə əsaslanan faktları qeyd etməklə öz üstünlüyünü nümayiş etdirib. Elnur Mustafayev öz çıxışında müharibənin Ermənistan ərazisində deyil, Azərbaycan ərazisində getdiyini, müharibə başlandığı gündən etibarən Azərbaycanın şanlı ordusunun döyüş meydanında qazandığı uğurları, Ermənistan dövlətinin atəşkəsdən istifadə edərək hər bir vəchlə öz mənfur niyyətlərini həyata keçirmələrini izləyicilərə çatdırıb. O, həmçinin beynəlxalq təşkilatların və bütün dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, münaqişənin həllinin yalnız erməni hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarını tərk etməsi ilə mümkün olacağını qeyd edib. Debatda Ermənistanı təmsil edən qonağın əsassız iddiaları aparıcı tərəfindən də etirazla qarşılanıb.

Şərqşünas alim oktyabrın 11-də BBC Arabic kanalında səhər saat 09:00-da yayımlanan “Xəbərlər” verilişinə də müsahibə verib. Elnur Mustafayev müsahibədə Ermənistan hərbi qüvvələrinin Gəncə şəhərini raket və ağır silahlardan atəşə tutması və hücum nəticəsində 9 sivil vətəndaşın həlak olması, içərisində qadın, uşaq olmaqla 36 nəfərin yaralanması haqqında məlumatları ərəb dünyasına çatdırıb. O, Ermənistan tərəfinin humanitar atəşkəsi pozduğunu, hərbi təxribatlara əl atmaqla digər dövlətləri müharibəyə cəlb etmək niyyətlərini və digər məsələləri qeyd edib.

Elnur Mustafayev həmin gün BBC Arabic-in 15:00 “Xəbərlər”ində də efirə qoşulub. O, ermənilərin raket və ağır silahlardan açdığı atəş nəticəsində Gəncə şəhərinə dəyən mənəvi və maddi zərərlər haqqında ətraflı məlumat verib. Elnur Mustafayev öz müsahibəsində Ermənistan dövlətinin əl atdığı hərbi təxribat və terror haqqında məlumatları ərəb dünyasına çatdırıb.

Həmin gün İraqın Nücəba TV kanalı da Elnur Mustafayevlə müsahibəni izləyicilərinə çatdırıb. Şərqşünaslıq İnstitutunun əməkdaşı fürsətdən istifadə edərək İraq xalqına, o cümlədən İraqda yaşayan türkmənlərə Azərbaycan xalqı adından dəstəklərinə görə öz minnətdarlığını bildirib. Daha sonra Elnur Mustafayev İraq xalqına Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri ətraflı şəkildə çatdırıb.

Oktyabrın 11-də Elnur Mustafayev Bakı vaxtı ilə 22:00-da mərkəzi Londonda yerləşən “əl-Arabi” kanalında Rusiya və Ermənistandan dəvət olunmuş qonaqlarla birlikdə teledebatda da iştirak edib. Azərbaycanlı alim debat zamanı Rusiya və Ermənistandan dəvət olunmuş ekspertlərin əsassız danışıqlarına cavab olaraq, tarixi və diplomatik faktları qeyd etməklə geniş ərəbdilli izləyici kütləsini maarifləndirib. Bununla yanaşı, o, Qarabağın beynəlxalq qərarlar çərçivəsində Azərbaycana məxsus olduğunu, həmçinin tarixi faktların da bu ərazilərin Azərbaycanın qədim torpaqları olduğunu, ermənilərin bu ərazilərə Gülüstan və Türkmənçay müqaviləsi əsasında gəldiyini, müharibə başlandığı gündən etibarən Azərbaycan ordusunun uğurlar əldə etdiyini və münaqişə ilə bağlı digər məsələləri ətraflı şəkildə qeyd edib.