• 20 Noyabr 2019
logo
add image
Rəşad haqq dünyasında,  Bizsə nahaqq dünyasındayıq...

Rəşad haqq dünyasında,  Bizsə nahaqq dünyasındayıq...

Ötən ayın 24-də, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin "MiQ-29" uçağının pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin adı qəza anından bugünədək dillərdən düşmür. Adı kimi rəşadətli pilotumuzun əziz xatirəsi həmişə qəlbimizdə olacaq! İnşallah Tanrı qatında da yeri ucadır!
Bir hərbçini itirmək yalnız onun ailə üzvləri üçün deyil, ən azı bir o qədər də dövlətimiz üçün ağır itkidir! Üstəlik, o hərbçi polkovnik-leytenantıdır! O hərbçi pilotdur! O hərbçi pro¬fessional və vətənpərvər soydaşımızdır! - Bax, belə xüsusi məqamlarla ifadə olunan bir it¬kinin dövlət üçün nə qədər ağır itki olduğunu başa düşmək, əslində, insandan dərin ağıl, fitri istedad tələb etmir. Belə bir itkinin kədərini bölüşüb azaltmaq əvəzinə, itki(lər)dən belə öz siyasi məqsədlərinə uyğun şəkildə yaralanmaq cəhdi... belə fikrə düşənlərin insani faciəsidir!
Baxın, əgər bir siyasi partiya, qurum, qrup və ya şəxs rəsmi məlumatı şübhə altına alır, həlak olan pilotun ağsaqqal ailə üzvünün çağırışını virtual daş-qalağa tutur, ekspertlər rəy verincə qeyri-ciddi sayır, hər hansı bir vətəndaşın onların sözünə qarşı dediklərini trolluq hesab edirsə... bu dəftərə yazılası, hesaba-kitaba alınası iş olmur da olmur. Belə siyasi mübarizə aparmazlar! İctimai fikri belə "qidalanadırmazlar"!
Rəsmi məlumat yayılıb - vətəndaş öz milli dövlətinin görəvləndirdiyi qurumun, şəxsin açıqladığı mövqeni qəbul etmirsə, buyursun, qəbul etməməyinin ciddi arqumentlərini ortaya qoysun, elə deyilmi? Rəsmi mövqeni şübhə altına alanlara bu mövzuda diqqətimi cəlb edən iki mövqeni çatdırmaq istərdim. (Mən bu günlərdə paytatxdan xeyli uzaqdayam, amma internet imkanı yaranınca gündəmi izləməyə çalışıram. Və məhz bu iki mövqe (münsaibət), rəsmi açıqlamanı daha yaxşı şərh edir, deyə düşünürəm.) Əlbəttə, başqa şərhlər, açıqlamalar da olmamış deyil və dövlətçilik şüuru ilə uzlaşan bütün açıqlamaların müəlliflərinə dağlar qoynundan təmiz dağ havasında, ozan-aşıq havacatında, epos təfəkküründə alqışlar!
Beləliklə, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram və "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəylinin mövzuya dair konsturiktiv fikirlərini ardıcıllıqla özətləməyə çalışaq:
1) “Pilotun katapult anını gecikdirməsi ehtimalını ilk gündən irəli sürmüşdüm. Təcrübəli pilot üçün təyyarəni xilas etmək şərəf məsələsidir. Döyüş maşını uğrunda sonacan mübarizə aparmış şərəfli zabit Rəşad Atakişiyevə Allahdan rəhmət diləyirəm. Qəzanın səbəbinə gəlincə, komisiyanın rəyini şübhə altına almaq üçün əsasım yoxdur. Quşlarla təyyarələrin toqquşması hadisələri nadir hal deyil.
...Uzağa getməyək, bir neçə gün əvvəl quşların mühərrikə düşməsindən “Ural Avialiniyaları” kampaniyasının təyyarəsi qəza halında qarğıdalı sahəsinə eniş etmişdir. Bəzən isə quşlar pilot kabinəsinə çırpılırlar. Baxmayaraq ki, quş adi halda kiçik və yumşaq cisimdir, təyyarənin yüksək sürətinə görə bəzən pilotlara ciddi xəsarətlər yetirir. Keçən il analoji hadisə İsveç hərbi təyyarəsi ilə baş vermişdi. Pilot xəsarət alsa da, katapult edə bilmişdi. MN-nin komissiyasının rəyini şübhə altına almaq hər kəsin haqqıdır. Bunu kim nə niyyətlə şübhə altına alırsa, özü bilər. Ancaq ümumən yüksək sürətlə hərəkət edən təyyarəyə quşun çırpılmasına və bunun nəticəsində pilotun xəsarət ala bilməsinə lağ-lağı etmək sadəcə avamlıq və avaraçılıq deyil, aqressiv nadanlıqdır. Bunu etməyin. Çox da ki, dünyaya çoxdan məlum olan şeyləri indi eşidirsiniz. İnsan (toplumu) bilmədiyi şeylərə güləndə, özünü gülünc edir”...
2) “...Azərbaycan Müdafiə Nazirliyinin MİQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi barədə məlumatından dərhal sonra radikal düşərgənin hərşeyşünas siyasiləri yenə də müxtəlif fantastik iddialarını irəli sürdü. Həm də xüsusi həyasızlıqla... Hər zaman olduğu kimi dövlətin, xalqın maraqlarını nəzərə almadan, işğalçı ilə qarşı-qarşıya dayanan Sulahlı Qüvvələrimizə böhtan atmaqla... Onların iddialarından fərqli olaraq, təyyarə qəzası ilə bağlı faktlar Müdafiə Nazirliyinin məlumatında yer alan məqamların tamamilə həqiqəti əks etdirdiyini sübuta yetirir.
...Belə hadisələr zamanı təkcə MİQ-29-lar deyil, bu təyyarələrdən daha modern pilotlu uçuş aparatları da qəzaya uğrayır.
...Bu ilin may ayında ABŞ-ın Yaponiyadakı İvakuni hərbi bazasından uçan F-35 qırıcı təyyarısi quş dəstəsilə toqquşaraq qəzaya uğrayıb.
İyun ayında Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus Jaguar qırıcı-bombardmançı təyyarəsi uçuşa başladıqdan bir neçə saniyə sonra quş dəstəsi ilə toqquşub.
Bu il ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarəsi ilə oxşar insident Nyu-Meksika ştatında yerləşən Holloman poliqonunda baş verib. F-16 eniş zamanı qartalla toqquşaraq ciddi zərər görüb.
Floridada ABŞ HHQ-nə məxsus bombardmançı təyyarənin quş dəstəsi ilə toqquşması nəticəsində isə üç təlim bombası yerə düşüb. Xoşbəxtlikdən hər biri 11 kq.-dan ibarət təlim bombaları yaşayış olmayan ərazilərə düşdüyü üçün insan tələfatı və dağıntı olmayıb.
Bu il İsveçə məxsus Jas 39 Gripen qırıcısı ölkənin cənubunda keçirilən təlim zamanı quş dəstəsi ilə toqquşib, nəticədə pilot həlak olub.
Onu da qeyd edək ki, ABŞ-ın əsasən hərbi araşdırmalar və xəbərlər üzrə ixtisaslaşmış “Marine Corps Times” qəzetinin verdiyi xəbərə görə, təkcə 2018-ci ildə dünyada hərbi və mülki təyyarələrin quş dəstəsi ilə toqquşması nəticəsində 14500-də artıq qəza və insident baş verib.
Şübhəsiz, istənilən şəxsin də belə məlumatları əldə etmək imkanı var. Hər şey niyyətdən və qafadan asılıdır”.
Pilotumuzun ruhunu incidəcək hərəkətlərdən çəkinməliyik! Ən doğrusunu göydə Tanrı, yerdə dövlət baba bilir.
Əkbər QOŞALI