• 14 May 2025
logo
Ermənistan kapitulyasiya ərəfəsində

Ermənistan kapitulyasiya ərəfəsində

Hərbi texnikası, canlı qüvvəsi məhv edilən, rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarından sonra pərən-pərən düşən işğalçı Ermənistanın hərbi birləşmələrinin müqavimət qabiliyyəti tamamilə tükənib. Düşmən ordusu Füzuli şəhərini və rayonun bir sıra kəndlərini itirdikdən sonra iflic vəziyyətə düşüb, şəxsi heyət arasında ruh düşkünlüyü, komandanlığa etimadsızlıq son həddə çatıb. Artıq nəinki əsgərlər, hətta zabitlər belə hərbi texnikanı, silahlarını, nəqliyyat vasitələrini döyüş meydanında qoyub qaçır, döyüşə girməkdən imtina edirlər. Ermənistan ordusunun yüksək rütbəli zabitlərinin, hərbi polisin həyata keçirdiyi cəza tədbirləri də heç bir nəticə vermir. Xankəndində ayrı-ayrı hərbi birləşmələr, həmçinin hətbçilərlə polislər arasında silahlı qarşıdurma hallarının sayı artır. Ərzaq, tibbi personal və ləvazimatların çatışmazlığı ölüm hallarının sayını daha da artırıb. Yaralıların Ermənistana aparılması üçün şəxsi nəqliyyat vasitələrindən istifadə edilir. Belə nəqliyyat vasitələrində yaralılara ilkin tibbi yardım göstərmək mümkün olmadığı üçün işğalçı ordunun əsgərləri elə xəstəxana yolundaca cəhənnəmə vasil olurlar.

Ermənistandan Qarabağa zorla gətirilən ehtiyat qüvvələr isə ilk imkandaca mövqelərini qoyub qaçır, fərariliyin qarşısının alınmasına çalışan hərbi və mülki polis əməkdaşlarına silahlı müqavimət göstərirlər.

Azərbaycan Ordusunun ölümcül, sarsıdıcı zərbələri altında əzilən işğalçı ölkənin silahlı qüvvələri bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir.

Ermənistan Müdafiə nazirliyinin sözçüsü Ovannisyan və digər rəsmilər döyüşdən imtina edən erməni gənclərini qorxaqlıqda ittiham edir, Anna Akopyanın çağırışı ilə yaradılan qadın hərbi dəstələrini nümunə gətirir, onları “kişi olmağa” çağırırlar. Amma hətta belə psixoloji təsir vasitələri də fərariliyin qarşısını ala bilmir. Bu gün Ermənistan gənclərini ölkədə saxlayan yeganə səbəb COVİD-19 pandemiyası səbəbindən Rusiya istisna olmaqla digər ölkələrə gediş-gəlişin məhdudlaşdırılması, həmçinin 50 yaşınadək şəxslərin çıxışına qoyulan qeyri-rəsmi qadağadır

Cəbhədə ardıcıl məğlubiyyət iqtisadi durumun ağır olduğu və əhalinin ciddi sosial problemlər yaşadığı Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Məğlubiyyatdən başını itirmiş Paşinyan hökumətinin ölkə iqtisadiyyatına əlavə maliyyə resurslarının cəlb edilməsi istiqamətindəki yalvarışları da heç bir nəticə vermir. Bütün beynəlxalq maliyyə institutlarının qapıları Nikolun üzünə qapanıb. İndi Paşinyanın zənglərinə verilən bir cavab var: Bu nömrəyə zəng çatmır...

Ermənistan iqtisadiyyatının defolt vəziyyəti və müharibədəki acınacaqlı məğlubiyyət özünü beynəlxalq reytinq agentliklərinin hesabatlarında da büruzə verməyə başlayıb. Oktyabrın 6-da Fitch reytinq agentliyi Ermənistanın kredit reytinqini minumum həddə endirib. Buna səbəb COVİD-19 pandemiyasının Ermənistan iqtisadiyyatına vurduğu 1,53 milyard dollarlıq zərər, həmçinin müharibədəki ardlıcıl məğlubiyyətlərin ölkə iqtisadiyyatının onsuz da acınacaqlı olan durumunu faciəvi həddə çatdırmasıdır.

Bu səbəbdən paytaxt İrəvanda yaşayan xarici iş adamları da bizneslərini Ermənistandan kənara çıxarır, ailələri ilə birlikdə öz vətənlərinə qayıdırlar.

Ömrünün 6 ilini İrəvanda keçiriən və buradakı İT şirkətlərindən birinin səhmdarlarından olan İsveç vətəndaşı Daniel Surflyu artıq bire neçə gündür ki, ailəsi ilə birlikdə öz vətəninə qayıdıb. Daniel İsveç mediasına müsahibəsində Ermənistanda həyatın demək olar ki, dayandığını bildirir. Surflyunun sözlərinə görə, Ermənistan ordusundakı insan itkiləri səbəbindən onun şirkətində çalışan mütəxəssislərin əksəriyyətini zorla hərbi xidmətə göndəriblər. Daniel Surflyu paytaxt İrəvanda əhval-ruhiyyənin depressiv olduğunu, insanların öz evlərindən nadir hallarda çıxdıqlarını deyir.

Şəxsi heyətdə ciddi itkilər Ermənistan vətəndaşlarının hiddətini daha da artırır, artıq valideynlər öz övladlarını orduya buraxmırlar və müxtəlif vasitələrlə hərbi xidmətdən yayındırırlar.

Övladlarının Azərbaycan torpaqlarında işğalçı olrdunun əsgəri kimi məhv edilmələrini istəməyən erməni anaları Paşinyan hökumətindən əllərini tamamilə üzdükləri üçün oktyabrın 17-də Rusiyanın İrəvandakı səfirliyinin qarşısında mitinq keçiriblər və Moskvadan imdad dilədiklərini bildiriblər.

Qeyd edim ki, son günlər Ermənistandakı çağırış məntəqələri övladlarını Azərbaycan torpaqlarına ölməyə göndərmək istəməyən valideynlərin kütləvi müdaxiləsi səbəbindən öz funksiyalarını yerinə yetirə bilmir və iflic vəziyyətinə düşüblər.

Ölkədəki və ordudakı acınacaqlı durum Paşinyan hakimiyyətinə reallıqla barışmaqdan başqa çıxış yolu saxlamayıb. Ermənistanın baş naziri müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imlanlarından istifadə etməklə, ənəsinə uyğun “daban yalamaqla” Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa çalışır.

Ermənistan hakimiyyəti Azərbaycan Prezidentinin bütün şərtlərini qəbul etdiyi, işğal altında olan əraziləri tərk etməyə hazır olduğu barədə mesajlar ötürür.

Bu isə sübuta yetirir ki, Paşinyan hakimiyyəti kapitulyasiya ərəfəsindədir və yeganə çıxış yolunu Azərbaycanla istənilən şərt altında razılaşmaya getməkdə görür.

Elçin Mirzəbəyli