• 20 Oktyabr 2020
logo
Dövlət başçısı: “Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması strateji nöqteyi-nəzərdən bizə növbəti üstünlüklər verir”

Dövlət başçısı: “Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması strateji nöqteyi-nəzərdən bizə növbəti üstünlüklər verir”

“Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik. Ondan əvvəl Cəbrayıl şəhəri işğalçılardan azad edildi. Ondan əvvəl Hadrut işğalçılardan azad edildi. Xocavənd və Cəbrayıl rayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndləri işğaldan azad edildi. Məhz ondan sonra biz Füzuli şəhərini işğalçılardan azad edə bilmişik”.

Bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Prezidentin düşmənin son mərhələdə öz silahlarını qoyub qaçdığını bildirib: “Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar da... Bu gün məndə olan məlumatlara görə, hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan böyük bir ordudur. Bu gün tarixi bir gündür. 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq. Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini birlikdə yazırıq. Həmrəylik göstərərək, qarşılıqlı dəstək göstərərək, birlik göstərərək bu şanlı tarixi bu gün biz yazırıq. Biz xoşbəxtik ki, biz bu anları yaşayırıq”.