• 27 Oktyabr 2020
logo
Azərbaycan Prezidenti: “Rədd ol torpağımızdan, dayanaq”

Azərbaycan Prezidenti: “Rədd ol torpağımızdan, dayanaq”

“Qarabağ Ermənistandır deyən Ermənistanın Baş naziri, nə oldu, indi demirsən Qarabağ Ermənistandır? Gəl Füzuliyə, sən orada bizim torpağımızı istismar edirdin. Gəl Cəbrayıla, gəl Hadruta, gəl başqa azad edilmiş yerlərə. De Qarabağ Ermənistandır. Oturmusan İrəvanda oradan bəyanatlar verirsən. Dünya liderlərinin zəhləsini tökürsən. Adam qalmayıb ki, zəng eləməyəsən. Niyə demirsən Qarabağ Ermənistandır? Qorxursan, qorxacaqsan. Bəs, Azərbaycan xalqını təhqir edəndə, “Qarabağ Ermənistandır və nöqtə” deyəndə niyə belə cəsarətli idin? Kimə güvənirdin, kimə arxalanırdın? Bilmirdinmi ki, gün gələcək, bu əməllərə görə cavab verəcəksən? Bu gün gəlibdir və gəlir”.

Bunu Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün xalqa müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, Şuşaya Livandan, başqa ölkələrdən erməniləri gətirib məskunlaşdırmaq hərbi cinayətdir, Cenevrə Konvensiyasına ziddir: “Nümayişkaranə bunu edirlər, televiziyada göstərirlər. Necə ki, ermənilər bizim qədim torpaqlarda indi gəliblər yaşamağa, işləməyə. İndi baxım görüm kim gələcək Şuşaya məskunlaşmağa? Cəbrayıla yeni yol çəkirdin Ermənistandan. Nə üçün? Ki, o bölgəni, Araz boyu bölgəmizi qanunsuz yollarla zəbt edib ondan sonra orada erməniləri məskunlaşdırmaq. Bizi fakt qarşısında qoymaq istəyirdi. Ermənistanda əhali az olduğu üçün xaricdən erməniləri müxtəlif yollarla, o cümlədən onları aldadaraq gətirib orada məskunlaşdırmaq nə məqsəd daşıyırdı? Ki, bizim tarixi torpaqlarımızı əbədi işğal altında saxlamaq, əbədi işğalı təmin etmək və bizim torpaqlarımızı erməniləşdirmək. Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur, Suqovuşandır. Başqa bizim tarixi adlarımızı da bərpa edəcəyik. Şuşaya dırnaqarası qurumun parlamentini köçürürdün bəs, get köçür görüm necə köçürdəcəksən? O saxta, quldur dəstə başçısının dırnaqarası andiçmə mərasimi keçirildiyi yer nə gündədir? Darmadağın eləmişik oranı, darmadağın. 7 şərt qoyurdun bizim qarşımızda, ultimatumla danışırdın. Bir görüm, baxım, hansı şərti qoyursan? Nə oldu bəs? Onun-bunun ətəyindən yapışıb, yıxılıb onun-bunun ayağının altına imdad diləyirsən ki, Azərbaycanı durdurun. Azərbaycana deyin ki, dayansın. Çıx torpağımızdan dayanaq. Rədd ol torpağımızdan, dayanaq. Mən bunu demişəm, gizlətmirəm, Azərbaycan xalqı da bunu bilir. Beynəlxalq aləm də bunu deyir. Hər gün bunu deyirəm. Çıx, de ki, sabah burdan çıxıram, dayanırıq. Bizə qan tökmək lazım deyil, bizə torpaq lazımdır. İstənilən yolla bu torpağı biz alacağıq. Hər kəs bunu bilsin və artıq son günlərin tarixi bunu göstərir".