• 21 Aprel 2021
logo
Azərbaycan Prezidenti: “Biz bu atəşkəsə razı olmaya da bilərdik”

Azərbaycan Prezidenti: “Biz bu atəşkəsə razı olmaya da bilərdik”

“Evləri dağılmış insanların problemlərini biz həll edərik. Onlar heç narahat olmasınlar. Özü də qısa müddət ərzində. Yadımdadır, 2016-cı ilin aprel ayında Ermənistan bizə hücum edəndə bizdə təqribən 1000-dən çox ev dağılmışdı və mən o evlərin sahibləri ilə görüşlər əsnasında demişdim ki, narahat olmayın, biz bütün bu evləri bərpa edəcəyik. Ondan təqribən 8 ay sonra yenə onların yanına, Ağdam və digər cəbhəyanı bölgələrə getdim, evlərinin açarlarını onlara təqdim etdim”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, iİlyarım əvvəl Şamaxı şəhərində zəlzələ olub, minlərlə ev dağılıb: “Getdim oraya dedim ki, narahat olmayın, bütün evlər bərpa ediləcək. Onu da etdik. Bir neçə ev qalıb, onları da bərpa edəcəyik. Bizdə təqribən 10 il bundan əvvəl daşqın oldu, böyük bir ərazi su altında qaldı. Təxminən 5 mindən çox ev uçub dağılmışdı. Hamısı dövlət tərəfindən bərpa edildi. Mənim yanaşmam belədir ki, əgər sənin 100 kvadratmetrlik evin var idisə, sən 120-150 kvadratmetrlik ev alacaqsan. Əgər sənin evin daxma idisə, sən gözəl təmirli yeni ev alacaqsan. Ona görə mülkiyyətini, evlərini itirmiş insanlara yardım ediləcək. Ondan başqa, bizim kəndlərdə bir çoxları ev heyvanlarını da itirdilər. Bu, onlar üçün qazanc mənbəyidir. Mən artıq tapşırıq verdim, hesablamalar aparılır, kim nə qədər ev heyvanı itirib o da veriləcək. Biz bu məsələni mütləq həll edəcəyik və Azərbaycan xalqı da bilir ki, o hansısa sığorta şirkətinə gedib müraciət etməyəcək, onu get-gələ salmayacaqlar, hansısa məmur ona problem yaratmayacaq, çünki bu, mənim şəxsi nəzarətimdədir. Bunu hər kəs bilir və mənim tapşırıqlarımı yerinə yetirəcəklər”.

Azərbaycan Prezidenti deyib ki, bu hadisə Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bir daha göstərir: “Deyir ki, evim də batsın, malım da batsın, təki Qarabağ alınsın və biz hamımız bu amalla yaşayırıq, hamımız. Biz bu nisgili, bu həsrəti 30 ildir, yaşayırıq, 30 il. Buna son qoyulmalı idi, yoxsa yox? Buna son qoyuruq və qoyacağıq.

Ona görə bu məsələ ilə bağlı indiki mərhələdə yalnız irəli getməliyik. Biz Ermənistana şans verdik. Biz bu atəşkəsə razı olmaya da bilərdik. Deyərdik ki, biz razı deyilik. Kim bizi məcbur edə bilərdi?! Heç kim. Biz bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar ölməsinlər. Onlar da yazıqdırlar. Onları da qovurlar. İndi bizim Müdafiə Nazirliyi videokadrlar yayıb, zəncirlə bağlayırlar erməni əsgərlərini, zəncirlə, dəmirə bağlayırlar, bir-birinin ayağına bağlayırlar ki, qaçmasınlar. Neçə dənə belə meyit çıxdı. Dəhşətdir, bunlar adam deyil. Bir də son günlərdə erməni əsgərlərinin arxasınca cəza taborları gəlir. Əgər kimsə geri qaçarsa, o, orada vurulur, yəni, belə vəhşilik, belə faşizm.

Biz bu nisgillə yaşadığımız üçün istəyirik ki, oraya qayıdaq, ancaq sülh yolu ilə. Ona görə Ermənistana şans verdik, atəşkəsi qoru, onu pozma, masa arxasına otur, bu məsələni həll et, torpaqlarımızı bizə ver. Sənin torpağın bizə lazım deyil. Bizim Ermənistan torpağında gözümüz yoxdur. Sizə də söylədim, oradakı ermənilər harada yaşayıblar, orada da yaşayacaqlar, bizim onlarla heç bir problemimiz yoxdur. Yəni, bu mərhələ üçün bizim siyasətimiz bundan ibarətdir sona qədər”.

Dövlət başçısı əlavə edib ki, o ki qaldı artıq müharibə başa çatandan sonra, əlbəttə ki, nəinki bölgə, dünya dəyişəcək.

“Artıq dəyişir. Hər kəs bizim gücümüzü gördü. Bizimlə hesablaşmaq səviyyəsi daha da artacaq. Onsuz da müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir, o daha da artacaq. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır. Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Çünki bizim niyyətimiz öz maraqlarımızı təmin etməkdir.

Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik. Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq”.