• 22 Aprel 2021
logo
Bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasəti ifşa edildi - Deputat

Bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasəti ifşa edildi - Deputat

Ermənistanın əvvəlki dövrdə olduğu kimi erməni lobbisinin və xarici havadarlarının, saxtakar KİV-lərin və jurnalistlərin köməyi ilə Dağlıq Qarabağ münaqişəsi haqqında dünyada informasiya vakuumu yaratmağa, öz yalan, riyakar və ikiüzlü siyasətini beynəlxalq ictimaiyyətə sırımağa uğursuz cəhdlər göstərir.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev vurğulayıb ki, 2020-ci ilin iyul təxribatından əvvəl və sonra Azəbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətinin ifşa etdi, düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirdi:

“Cənab Prezident İlham Əliyev dünyanın aparıcı informasiya agentliklərinə, televiziya kanallarına hər gün bir neçə müsahibə verir, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır və erməni riyakarlığını, yalanlarını açıb göstərir.

Bu baxımdan da təsadüfi deyil ki, Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində qeyd edir ki, ermənilərin “fəaliyyətinin hədəfində Azərbaycan dayanır. Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yalanlar yaymaq və beləliklə, ölkəmizin imicinə zərbə vurmaq məqsədləri daim onların gündəliyində olan məsələlərdir.

Son döyüşlərlə əlaqədar da erməni diaspor təşkilatları və onların havadarları, dünya erməniliyi Azərbaycana qarşı mətbuat savaşına başlamışdır. Bunun nəticəsidir ki, bu gün dünya mətbuatında bir çox hallarda təhrif edilmiş məlumatlar yer alır”.

Buna baxmayaraq, Prezident İlham Əliyevin uğurlu hücum diplomatiyası artıq öz işini görmüşdür. Düşmənin əsl hiyləgər, nankor, xəyanətkar və böhtançı mahiyyətini dünya indi daha yaxşı anlayır. Bəşəri dəyərlərə sadiq, multikultural və sosial rifah həyatı quran, bütün dünyaya açıq olan Azərbaycana böyük hörmət və etimad var.

Azərbaycan ordusu döyüş meydanında işğalçı Ermənistan ordusuna ağır zərbələr endirib və onun bütün hərbi sədlərini darmadağın edib. Yağı düşmən ordumuzun qarşısında heç iki gün də duruş gətirə bilmədi. Amma təklif gələndə ki, humanitar atəşkəs olsun, danışıqlara başlanılsın, buna razılıq verildi.

Azərbaycan bir daha bütün dünyaya göstərdi ki, düşməni döyüş meydanında məğlub edir, amma yenə də Ermənistana son şans verir. Amma nəticədə nə gördük. Razılığın qüvvəyə minməsi anından başlayaraq yenə də dinc azərbaycanlıları toplardan, raketlərdən atəşə tutdular. Hətta ən alçaq əməllərini növbəti dəfə təkrar edərək gecə yatmış insanları məqsədli şəkildə qətlə yetirdilər.

Cənab Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində dedi ki, bildiyiniz kimi, atəşkəsdən sonra “gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayət törədilmişdir. Gəncə şəhəri bombardman edilmişdir. Şəhər “Toçka-U” raketləri ilə atəşə məruz qalmışdır və bunun nəticəsində mülki vətəndaşlar həlak olmuş və yaralanmışlar. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri və islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər. Çünki artıq hər şey göz qabağındadır”.

Ermənistanın dövlət siyasəti işğalçılıq, əraziləri zəbt etmək, həmin ərazilərin əsl sahiblərini isə məhv etməkdən ibarətdir. Ermənistanın son üç dövlət başçısının fəaliyyətinə nəzərə salmaq kifayətdir. Belə ki, Gəncdə qətilam törədilməsinə əmr vermiş Nikol Paşinyandan əvvəlki Ermənistanın prezidenti cinayətkar Serj Sarkisyan demişdi ki, “biz 1992-ci ildə azərbacanlılara qarşı gecə yarısı Xocalıları məhv etməklə həm də dinc əhalini qırmağa hazır olduğumuzu göstərdik, halbuki azərbaycanlılar bunu ağıllarına belə gətirmirdilər. Amma biz Xocalıda insanları qırdıq və onların haq-ədalətə olan inamlarını sındırdıq”.

Ondan əvvəlki Ermənistanın cinayətkar prezidenti Robert Koçaryan isə deyirdi ki, “ermənilərlə azərbaycanlılar bir-birlərinə genetik cəhətdən uyğun deyil”.

Bu, rasist-faşist ideologiyasının əsasında dayanan tezisdir. Bunların hamısı təpədən dırnağa kimi faşist ideologiyası ilə silahlanıblar. Onlar insanlıqdan, xeyirxahlıqdan, bəşəri dəyərlərdən məhrum iblisdilər. Ermənistanın Azərbaycan torpaqlarında verdiyi qurbanlar isə sırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır. Ermənilərin faşist əməllərini dünya görməlidir.

Prezident İlham Əliyev bu müsahibəsində xalqa da, orduya da, dünyaya da mühüm mesaj verdi: “Ona görə biz indi artıq o bölgələrin inkişaf planları üzərində işləməliyik, müvafiq göstərişlər artıq verilib. Planlama hazırlanacaq ki, o bölgələrə Azərbaycan əhalisi qayıtsın və maksimum qısa müddət ərzində artıq onlar oraya yerləşsinlər”.

Düşmən də, onun havadarları da nəhayət anlamalıdır ki, Azərbaycan Ordusu doğma torpaqlarımızı azad edəcək. Azərbaycan xalqı torpaqlarının azad olunmasında israrlıdır və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Amma biz bunu qan tökülmədən etmək istəyirdik.

Azərbaycan xalqı Dağlıq Qarabağa qayıdacaq və özü ilə sülh, əmin-amanlıq və iqtisadi tərəqqi gətirəcəkdir. İşğaldan azad olunacaq bütün torpaqlarda gözəl şəhərlər, qəsəbələr, məktəblər, mədəniyyət evləri tikiləcək, yaraşıqlı parklar salınacaq, bir sözlə, xoşbəxt və firavan həyat bərpa olunacaqdır. O günə, Şuşaya doğru irəli, qəhrəman Azərbaycan əsgəri!”.