• 22 Aprel 2021
logo
Avropa İttifaqı mülki obyektlərin hədəfə alınmasını pislədi

Avropa İttifaqı mülki obyektlərin hədəfə alınmasını pislədi

Məlum olduğu kimi Avropa İttifaqı (Aİ) ölkələrinin Xarici İşlər nazirlərinin Lüksenburqda keçirilən toplantısında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranan hərbi münaqişə müzakirə olunub.

Münaqişə ilə bağlı Avropa İttifaqı adından yayılan bəyanatda deyilir: “Avropa İttifaqı oktyabrın 10-da Ermənistanla Azərbaycan arasında atəşin dayandırıması humanitar məqsədli razılaşmanı alqışlayır. Avropa İttifaqı tərəfləri razılaşmaya ciddi şəkildə əməl etməyə çağırır, həmçinin bütün iştirakçıları, o cümlədən xarici tərəfləri yeni itkilərə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə dəvət edir. Bununla bağlı biz hərbi əməliyyatların, o cümlədən mülki obyektlərə qarşı davam etməsi, mülki vətəndaşlar arasında itkilərin olmasından çox narahatıq və tərəfləri yerlərdə razılaşmaya tam şəkildə əməl etməyə çağırırıq.

Avropa İttifaqı tərəfləri təxirə salınmadan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə, heç bir ön şərt qoyulmadan, razılaşdırılmış prinsiplər əsasında substansiv danşıqlara başlamağa çağırır.

Avropa İttifaqı ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin danışıqlar yolu ilə siyasi həllinin tapılması istiqamətində işini dəstəkləməyə və regionda davamlı sühün əldə edilməsi üçün göstərilən səylərdə iştirakını davam etdirəcək”.

Göründüyü kimi Avropa İttifaqının bəyanatında, əsasən mülki vətəndaşların arasında ölüm hallarının baş verməsi və mülki obyektlərin hədəf seçilməsi ilə bağlı daha böyük narahatlıq dilə gətirilib ki, bu da birmənalı şəkildə Ermənistan tərəfindən həyata keçirilən müharibə cinayətlərinə qarşı Aİ-nin mövqeyini ifadə edir.