• 22 İyul 2024
logo
Aydın Hüseynov: Humanitar atəşkəsi pozaraq Gəncəni raket atəşinə tutan Ermənistan beynəlxalq cinayət törədib

Aydın Hüseynov: Humanitar atəşkəsi pozaraq Gəncəni raket atəşinə tutan Ermənistan beynəlxalq cinayət törədib

Ermənistan rəhbərliyi Moskva danışıqları nəticəsində əldə olunmuş humanitar atəşkəs razılaşmasını açıq şəkildə pozaraq Azərbaycanın ikinci ən böyük şəhərini raket atəşinə tutub. Hücumlar nəticəsində uşaqlar, qadınlar, qocalar daxil olmaqla 9 nəfər həlak olub, 40-a yaxın insan yaralanıb. Bu, Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti beynəlxalq cinayətidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Ermənistanın mülki əhalini, yaşayış obyektlərini hədəfə almasının, münaqişə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə raket zərbələri endirməsinin beynəlxalq hüququn kobud şəkildə pozulması demək olduğunu vurğulayan deputat bildirib: “Eyni zamanda, düşmən ölkə mülki insanlara qarşı kasetli və fosforlu bombalardan istifadə etməklə beynəlxalq qanunları saymadığını nümayiş etdirir. Belə olan halda, beynəlxalq təşkilatlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə birbaşa məsuliyyət daşıyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri susmamalıdır. Beynəlxalq təşkilatlar Ermənistanın məsuliyyətsiz və cinayət xarakterli əməllərinə münasibət bildirməli, terrorçu ölkəyə qarşı sanksiyalar tətbiq etməlidir. Dünya Ermənistanın bu cür cinayət əməllərinə susduqca, regionda gərginlik davam edəcək”.

Deputat diqqətə çatdırıb ki, humanitar atəşkəsin təmin olunmasını həyata keçirən Rusiya Ermənistandan Gəncə hücumlarına görə hesabat tələb etməlidir. “Əgər rəsmi Moskva bu atəşkəsin təmin olunmasına görə təşəbbüs göstəribsə, Gəncədə törətdiyi təxribatdan sonra Ermənistanı cəzalandırmalıdır. Azərbaycan atəşkəsə əməl etdiyini ilk saatlardan nümayiş etdirsə də, Ermənistan təcavüzkar xislətinə uyğun davrandı və Moskva razılaşmasını pozdu”.

Aydın Hüseynov Azərbaycan Ordusunun və dövlətimizin gücünə, qüdrətinə inamını ifadə edərək bildirib ki, biz işğalla heç vaxt barışmayacağıq. Azərbaycan öz ərazi bütövlüyü uğrunda sonadək mübarizə aparacaq. Qarabağ Azərbaycandır!