• 21 Aprel 2021
logo
Hüquqşünas alim: Ermənilərin mülki əhaliyə, strateji, sosial obyektlərə atəş açması beynəlxalq cinayətdir

Hüquqşünas alim: Ermənilərin mülki əhaliyə, strateji, sosial obyektlərə atəş açması beynəlxalq cinayətdir

Erməni hərbçilərinin mülki əhaliyə, Mingəçevir Su Elektrik Stansiyasına, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tibilisi-Ceyhan kimi strateji və digər sosial obyektlərə atəş açması beynəlxalq cinayət əməli sayılır.

Bunu hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov deyib.

Onun sözlərinə görə, işğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektlərini atəşə tutması nəticəsində 154 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 31 nəfər həlak olub, 900-dən çox yaşayış evinə, həmçinin, 133 mülki obyektə, o cümlədən Bərdə şəhər mərkəzi xəstəxanasına, Ağcabədi rayonunda yerləşən bir neçə yaşayış evinə, Tərtər şəhərində Xalça-toxuculuq fabrikinə, Ağdam rayonu, Təzəkənd kəndində inşa edilmiş modul tipli məktəb binasına, Tərtər rayonu, Şıxarx qəsəbəsi 1 saylı tam orta məktəbin binasına, Tərtər şəhəri 2 saylı məktəb-liseyin binasına, Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisində yerləşən “MKT İstehsal Kommersiya” MMC-nin Pambıq zavoduna, Tərtər rayonu Qapanlı kəndində tibb məntəqəsinə külli miqdarda ziyan vurulub, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

H.Qurbanov qeyd edib ki, 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda 4 Cenevrə Konvensiyası qəbul edilib ki, həmin konvensiyalar silahlı münaqişələr zamanı yaralı, xəstə hərbçilərin vəziyyətinin yaxşılaşdırılması, müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlıdır:

"Cenevrə konvensiyasının 18-ci maddəsində qeyd olunur ki, heç bir halda münaqişə tərəfləri mülki insanların toplandığı yerə mərmi atmamalı, artilleriya atəşinə tutmamalıdır. Təcavüzkar Ermənistan heç bir beynəlxaq hüquq norma və prinsiplərinə əməl etməyərək Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozur, dinc əhaliyə, mülki obyektlərə və təsərrüfatlara atəş açmaqla külli miqdarda ziyan vurmağa davam edir. Onların hədəf kimi seçdiyi ərazilər əsasən əhalinin sıx yerləşdiyi ərazilərdir (rayon və kənd mərkəzləri, xəstəxanalar, məktəb və uşaq bağçaları və s.)".

Hüquqşünas alim qeyd edib ki, Ermənistanın 1987-1988-ci illərdən başlayaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe və atdığı hər bir addım bu dinc vasitələri kobudcasına pozmağa, beynəlxalq hüquqla qadağan edilmiş zor tətbiq etməyə əsaslanır. Ermənistan tərəfi indiyə kimi münaqişənin dinc vasitələrlə həlli istiqamətində heç bir real addım atmayıb, bu istiqamətdə görüntü, imitasiya yaratmağa çalışıb. BMT Nizamnaməsinin 38-ci maddəsinə əsasən isə hər hansı münaqişədə qarşıduran tərəflər mübahisəni danışıqlar, vasitəçilik, barışdırma, arbitraj, məhkəmə əməliyyatları və s. müraciət yolu ilə və ya özlərinin seçdikləri başqa dinc vasitələrlə həll etməlidirlər:

"Beynəlxalq mübahisələrin sülh yolu ilə, heç bir təhdidsiz və zor işlətmədən həlli müasir beynəlxalq hüququn mühüm prinsiplərindən birinə çevrilib. Beynəlxalq mübahisələrin həlli üçün müharibə və digər zor vasitələrinə müraciət etmək isə hüquqazidd hərəkətdir. BMT-nin Nizamnaməsinə əsasən, təşkilatın üzvü olan dövlətlər öz aralarında baş verən böyük və kiçik beynəlxalq mübahisə və münaqişələri beynəlxalq sülh, təhlükəsizlik və ədalət üçün qorxu törətmədən, tərəflərin və üçüncü dövlətlərin tələb və mənafelərini obyektiv surətdə nəzərə almaq əsasında, yalnız sülh yolu ilə həll etməlidirlər. Hazırda bütün dövlətlərin icbari vəzifəsinə çevrilmiş bu prinsip 1970-ci ildə BMT Baş Məclisinin qəbul etdiyi "Beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə"də əksini tapıb.