• 23 Aprel 2021
logo
Hərbi ekspert: Ermənistanda əsl cəhənnəm bir həftədən sonra olacaq

Hərbi ekspert: Ermənistanda əsl cəhənnəm bir həftədən sonra olacaq

Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirməyən erməni ordusu mülki əhalinin yaşadığı əraziləri atəşə tutmaqla hərbi cinayətlərini davam etdirir.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Rəhman İsgəndərov deyib.

Ekspert bildirib ki, Ermənistan məğlubiyyətə uğradığından Azərbaycan əhalisi arasında bir panika yaratmaq istəyir: "Onlar mülki şəxsləri atəşə tutur ki, döyüşən ordunun arxasındakı xalq qaçsın. Amma şükür Allaha ki, bu gün bizim xalqımız, ölkəmiz, dövlətimiz, Prezidentimiz və Ordumuz birləşib. Ermənistanın bu cəhdi də uğursuz alındı.

Digər tərəfdən, Paşinyan artıq əhaliyə müraciət edib ki, öz paltarınızla, yeməyinizlə birlikdə döyüşə gəlin. Bu da onu göstərir ki, Ermənistanın hətta atəşkəs dövründə öz ordusunu təmin etməyə, saxlamağa vəsaiti yoxdur. Ordudan tərxis olunan əsgər apardığı paltarı yenidən geyinib orduya qayıtmalı olur. Artır Ermənistanın ordunu paltarla da təmin etməyə gücü qalmayıb. Ona görə də, ermənilər Dağlıq Qarabağa döyüşməyə mülki formalarda gəlir".

Ekspert deyib ki, Ermənistanın fəlakətli günləri hələ qarşıdadır: "Dağlıq Qarabağı tərk edən qaçan, işğal altındakı əraziləri boşaldan erməni ailələr ki var, onlar hamısı Ermənistana tərəf qaçır. Bu da Ermənistan dövlətinə əlavə yükdür. Həmin ailələr yerləşdirilməli, yemək, pul verilməlidir, kommunal xərcləri ödənilməlidir və sair. Artıq bir həftə sonra Ermənistanın cəhənnəmli günləri başlayacaq".

R. İsgəndərov qeyd edib ki. Azərbaycan Silahlı Qüvvələrinin gücü Ermənistan ordusunun gücündən müqayisə edilməyəcək qədər çoxdur: "Bizim çağırışçılar hərbi xidmətə yollanarkən hərbi dərslər keçir, təlimlərə cəlb edilir, hərbi sursatla bağlı tam biliklər əldə edir, kifayət qədər hərbi biliyə malik olurlar. Bunun üçün külli miqdarda vəsait xərclənir. Amma Ermənistanda çağırışçılar bu təlimləri keçmirlər. Hətta bu gün Ermənistan ordusuna çağırılanların əksəriyyətinin ordu anlayışı yoxdur. Orduda xidmət etməyən şəxslər bu gün birbaşa döyüşə göndərilir. Ona görə də onlar Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmir".

Hərbi ekspert Ermənistan ordusunda ciddi ərzaq qıtlığının da yarandığını bildirib. O qeyd edib ki, Dağlıq Qarabağdakı hərbçilərə silah-sursat və ərzaq daşınan yollar Azərbaycan Ordusunun nəzarətinə keçdiyindən hərbçilər arasında ciddi ərzaq və silah qıtlığı yaranıb: "Əsas yollar Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Qarabağa gələn əsas təminat yollarını bizim igid əsgərlərimiz nəzarətdə saxlayır. Artıq onların 130-150 avtomobili sıradan çıxarılıb. Həmin texnika da Ermənistan hərbçilərinə silah və ərzaq daşımaqla məşğul idi. Erməni ordusundakı sürücülər də bu faktları görür və əksəriyyəti avtomobil idarə etməkdən imtina edirlər. Bilirlər ki, onlar yola çıxan kimi Azərbaycan əsgəri tərəfindən vurulacaq. Ona görə də ərzaq və silah daşımaqdan imtina edirlər. Bu səbəbdən də Ermənistan silahlı qüvvələrinin ərzaq və silah ehtiyatı tükənir".