• 21 Aprel 2021
logo
Oqtay Əsədov: Məğlubiyyəti ilə barışmayan düşmən yeni təxribatlara əl atır

Oqtay Əsədov: Məğlubiyyəti ilə barışmayan düşmən yeni təxribatlara əl atır

Azərbaycan Ordusunun düşmənin növbəti hərbi təxribatına cavab olaraq, sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları uğurla davam edir. Cəbhədən qələbə xəbərləri gəlməkdədir. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Oqtay Əsədov deyib.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Twitter" səhifəsində "Bu gün Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!" paylaşımından bir gün sonra "Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" paylaşımı hər bir azərbaycanlının illərlə gözlədiyi, həsrətində olduğu sözlər idi:

"Eyni zamanda Cənab Prezident Madagizin tarixi adını bərpa etdiyini, kəndin əvvəlki kimi Suqovuşan adlandırıldığını elan etdi.

Məğlubiyyəti ilə barışmayan düşmən isə yeni təxribatlara əl atır. Belə ki, Ermənistanın son günlər Tərtər, Bərdə, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə, Mingəçevirə, Goranboya, Göygölə, Xızı və Abşeron rayonlarına intensiv raket hücumları mülki insanları öldürmək məqsədi ilə bu ölkənin həyata keçirdiyi dövlət terrorudur.

Dünya ictimaiyyəti isə Ermənistanın bu cinayətlərinə də hərzamankı kimi laqeyd münasibət bəsləyir. Terrorçunu adı ilə çağırmağın, ona “dur” deməyin vaxtıdır. Ermənistan bu addımı ilə dinc əhalimizin qorxacağını, təşvişə düşəcəyini güman edirsə, yanılır.

Bununla yanaşı, Ermənistanın siyasi dairələrinin cəbhədə atəşkəsin bərpası ilə bağlı dünya dövlətlərinin liderlərinə zəngləri, yalvarışları da ara vermir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətində söylədiyi kimi, “Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün!”

Eşq olsun Azərbaycan Ordusuna! Var olsun Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır!".