• 3 İyul 2025
logo
Xaricdə yaşayan azərbaycanlılar beynəlxalq ictimaiyyəti məlumatlandırır

Xaricdə yaşayan azərbaycanlılar beynəlxalq ictimaiyyəti məlumatlandırır

İordaniya Haşimilər Krallığı, Oman Sultanlığı və Əlcəzair Xalq Demokratik Respublikasındakı Azərbaycan diasporu bu ölkədə yaşayan azərbaycanlıların adından Ermənistanın son hərbi təxribatlarını pisləyən bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, bəyanatda Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının Ermənistanın bir daha işğalçı dövlət olması təsdiqlədiyi bildirilir. Sənəddə, həmçinin deyilir: “Otuz ilə yaxındır ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməyən işğalçı dövlətin münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmadığı, əksinə, yeni ərazilər iddiasında olduğu da vurğulanır. Dünya ictimaiyyətini Cənubi Qafqaz regionunda sülhə və sabitliyə ciddi təhlükə olan Ermənistanın bu işğalçı siyasətinə son qoymağa çağırırıq.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı Krallığı, Pakistan İslam Respublikasında yaşayan azərbaycanlılar da Azərbaycan dövlətinin və Ordusunun yanında olduqlarını bəyan edərək yaşadıqları ölkələrin yerli ictimaiyyətini haqlı mübarizəsində ölkəmizin mövqeyini dəstəkləməyə və işğalçı Ermənistanın təcavüzkarlıq siyasətini pisləməyə çağırıblar.

Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqaçı-alim Seymur Nəsirovun bu ölkənin aparıcı qəzetlərdən biri olan "Almasryalyoum" qəzetinin saytında Azərbaycanın ərazi bütövlüyü uğrunda Ermənistana qarşı apardığı haqlı müharibənin səbəbləri haqqında yazısı dərc olunub.

Türkiyənin Bilkent Universitetinin Nanotexnologiya Araşdırmaları Mərkəzinin fəxri professoru Əmirullah Məmmədov “Facebook” sosial şəbəkə hesabındakı paylaşımında Azərbaycana dəstəyini nümayiş etdirib: “Bu, Azərbaycanın Vətən müharibəsidir. Mübarizəmizdə haqlıyıq və qalib gələcəyik”.

Latviya Seyminin üzvü, ölkənin ATƏT Parlament Assambleyasındakı nümayəndələrindən biri, deputat Romans Naudins “Facebook” sosial şəbəkə hesabındakı paylaşımında ermənilərin Azərbaycanın işğal altında olan ərazilərindəki məscidlərimizi təhqir etmələrini göstərən şəkil paylaşaraq yazıb: “Erməni “siyasətçiləri” Azərbaycanın hazırda mübarizə apardığı işğal altında olan torpaqlarındakı məscidlərinə belə münasibət göstərirlər. “Erməni siyasətçiləri” ifadəsini xüsusi vurğulayıram, çünki çünki yalnız siyasətçilərin mövqeyi sayəsində mədəni və tarixi abidələrə bu cür münasibət göstərilə bilər...”.