• 22 Aprel 2021
logo
Deputat: Azərbaycan ordusunun cəbhədəki uğurları Ermənistanda böyük qorxu və panika yaradıb

Deputat: Azərbaycan ordusunun cəbhədəki uğurları Ermənistanda böyük qorxu və panika yaradıb

Azərbaycan Prezidenti İlham Əliyev ötən gün xalqa müraciətində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətiyyətli və prinsipal mövqeyini bir daha vurğuladı və bununla da Ermənistana və onun havadarlarına öz mesajını vermiş oldu.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, qüdrətli Azərbaycan ordusunun sentyabrın 27-də ermənilərin təxribatına cavab olaraq əks-hücumlara başlaması düşməni çıxılmaz vəziyyətə salıb: “Azərbaycan ordusunun ağır zərbələri nəticəsində düşmən həm canlı qüvvə, həm də hərbi texnika baxımından böyük itkilərə məruz qalıb. Artıq uzun illər ərzində işğal altında qalan torpaqlarımızın bir hissəsi azad edilib və Azərbaycan böyük zəfərə bir az da yaxınlaşıb.

Azərbaycan ordusunun cəbhədəki uğurları Ermənistanda böyük qorxu və panika yaradıb. Ermənistanın baş naziri Nikol Paşinyan çıxılmaz duruma düşüb. Artıq Ermənmistan daxilində Paşinyana qarşı nifrət baş qaldırıb və ermənilər onu düzgün siyasət aparmamaqda, Ermənistanı uçuruma sürükləməkdə ittiham edir. Hətta döyüşlərdə öldürülən erməni əsgərlərin valideynləri övladlarının ölümündə Paşinyanı günahkar görürlər, onu övladlarını bilə-bilə ölümə göndərməkdə ittiham edirlər.

Paşinyan cəbhədəki uğursuzluqları ilə yanaşı, döyüşlərdə öldürülən əsgərlərin yaxınları qarşısında da cavab verməlidir. Bütün bunlar Paşinyanı olduqca çətin duruma salıb, sanki tələyə düşmüş quş kimi çırpına-çırpına qalıb, şüursuz hərkətlər edir, Azərbaycanın mülki əhalisini və mülki obyektləri atəşə tutmaqla vəziyyəti dəyişmək üçün uğursuz cəhdlər edir. Paşinyan, həmçinin imdad yerini beynəlxalq təşkilatlarda axtarır, dünya liderlərinə yalvararaq kömək istəyir.

Cənab Prezident İlham Əliyev xalqa müraciətində bu məsələyə toxunaraq qeyd etdi: “Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu”.

İndi bir sıra beynəlxalq təşkilatlar, dünya liderləri əl-ayağa düşüb Ermənistanı müdafiə etməyə çalışırlar, danışıqalar prosesini, atəşkəsi bərpa etməyə çağırş edirlər. Halbuki, 30 ildir ki, torpaqlarımızı işğal altında saxlayan, 27 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, işğal edilmiş ərazilərimizdə tarixi və mədəniyyət abidələrini dağıdan, təhqir edən Ermənistana ərköyün övlad kimi bir söz demirdilər.

Lakin artıq gecdir, Azərbaycan kifayət qədər səbr göstərdi, 30 il dözdü, münaqişənin sülh yolu ilə həll edilməsinə ümid etdi. Lakin düşüncəsiz Paşinyanın “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatı danışıqlara olan bütün ümidləri yerə vurdu. Bu gün Azərbaycan haqq yolundadır, öz doğma torpaqlarını işğaldan azad edir. Danışıqlar prosesini, atəşkəs rejimini bərpa etmək istəyənlər Azərbaycana deyil, Ermənistana təzyiq göstərməlidirlər. Atəşkəsin bərpa olunmasını istəyirlərsə, Ermənistanı Azərbaycan torpaqlarından çıxmağa məcbur etsinlər”.