• 21 Aprel 2021
logo
İranlı ekspert: Ermənistan insanlığa qarşı cinayətdə heç bir sərhəd tanımadığını sübut etdi

İranlı ekspert: Ermənistan insanlığa qarşı cinayətdə heç bir sərhəd tanımadığını sübut etdi

Ermənistan tərəfi Azərbaycanın mülki şəxslər və obyektlərini atəşə tutmaqla qanunları pozmaq və insanlığa qarşı cinayət törətməkdə heç bir sərhəd tanımadığını sübuta yetirdi.

Bunu Trend-ə açıqlamasında iranlı siyasi ekspert Təvəkkül Lotfi deyib.

T.Lotfinin sözlərinə görə, Ermənistan bu hərəkətləri ilə son günlər qorxu və iztirab içində olan erməniləri fikrini yayındırmaq üçün müharibəni genişləndirmək və müharibənin istiqamətini cəbhə bölgəsindən cəbhə arxasındakı şəhərlərə yaymağa çalışır.

“Yaşayış massivlərini və mülki şəxslərə atəş açmaq və onları öldürmək insan haqları və ilk bəşəri prinsipləri tapdalamaqdır. Ermənistan isə təcavüzkar xislətini çılpaqlığı ilə əks etdirməyə başlayıb” - deyə o qeyd edib.

İranlı ekspert deyib ki, Ermənistan beynəlxalq hüquq, beynəlxalq münasibətlər, Cenevrə konvensiyası və digər beynəlxalq prinsipləri açıq-aşkar pozub. Təcavüzkar Ermənistan Azərbaycan ordusu ilə birbaşa qarşılaşmaqdan çəkinir və mülki əhalini atəşə tutur.

Lotfi əlavə edib ki, Azərbaycan ordusunun işğal olunan əraziləri ardıcıl şəkildə geri alması Ermənistan və onun rəhbərliyini böyük çaşqınlığa uğradıb.

Lotfi bildirib ki, buna görə Ermənistanın Azərbaycanın şəhərləri, kəndləri, xüsusilə Gəncə şəhərinə hücumu heç şübhəsiz beynəlxalq ictimaiyyət tərəfindən qınağa çevriləcəkdir.

“Bu isə Azərbaycanın haqlılığına dair daha bir güclü faktdır. Nəticədə Azərbaycan gənclərinin polad iradəsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində daha da güclənəcək və torpaqların işğaldan azad olunması üçün ruh yüksəkliyini artıracaq” -deyə o qeyd edib.