Fransa Prezidenti Emmanuel Makronun açıqlamasında yer alan əsassız mülahizələr nə bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri, nə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi mandatına uyğun gəlmir.
Bu sözləri “Modern.az" saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Millət vəkili qeyd edib ki, Fransa Prezidenti “Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsinə imkan vermək olmaz” deməklə həm də ölkəsinin BMT TŞ-dəki səsinə sayğısızlıq nümayiş etdirir: “Çünki Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin tam və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə səs verən ölkələrdən biri də Fransadır. Makranun açıqlamasından belə anlaşılır ki, Fransa öz öhdəliklərinə əməl etməyi bacarmayan, imzasını inkar edən məsuliyyətsiz bir dövlətdir. Belə olduğu təqdirdə isə Fransanın BMT TŞ-nın daimi üzvü kimi fəaliyyətini davam etdirməsi bütün dünya üçün təhlükə mənbəyidir və bu ölkə məsuliyyətsiz davranışları ilə istənilən vaxt beynəlxalq sülhü təhlükə altına qoya bilər”.
Azər Kərimli Makronun açıqlamasında yer alan mülahizələrlə bağlı paralellər də aparıb: “Təsəvvür edin ki, eyni mövqeni Azərbaycan, yaxud dünyanın başqa bir ölkəsi sərgiləyir və bildirir ki, Fransanın Korsikaya nəzarət etməsinə imkan vermək olmaz. Yaxud Almaniya 70 ildən sonra Avropanın “parlament paytaxtı” olan Strasburqu tələb edir”.
Millət vəkili qeyd edib ki, öz ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyini təmin etmək Azərbaycan dövlətinin müstəsna hüququdur: “BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir. Azərbaycan da bu hüquqdan istifadə edərək, işğalçının sülhə məcbur edilməsi istiqamətində müvafiq addımlar atır”.
Azər Kərimli vaxtilə BMT Nizamnaməsinin hazırlanmasında həmin dövrdə Fransa müqavimət hərəkatının və müvəqqəti hökumətin rəhbəri Şarl de Qollun da yaxından iştirak etdiyini bildirib: “Nə yaxşı ki, BMT Nizamnaməsini Emmanuel Makronlar deyil, Şarl de Qollar yazıb. Əks təqdirdə biz bu gün Fransanın siyasəti kimi simasız bir sənədə istinad etmək məcburiyyətində qalacaqdıq”.