• 20 Aprel 2021
logo
Yaponiyada Ermənistanın Azərbaycana qarşı son təxribatları barədə xüsusi veriliş yayımlanıb

Yaponiyada Ermənistanın Azərbaycana qarşı son təxribatları barədə xüsusi veriliş yayımlanıb

Oktyabrın 1-də Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Ermənistanın Azərbaycana qarşı son təxribatları barədə xüsusi veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, verilişin aparıcılar Kazuyasu İşida və Yasuhiro İşibaşi yapon tamaşaçılara son günlər Ermənistanla Azərbaycan arasında gərginləşən və bütün dünyanın diqqətini özünə cəlb edən qanlı toqquşma barədə məlumat veriblər.

Təqribən 1 saat 10 dəqiqə davam edən və onlayn formatda keçirilən verilişin qonaqları Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev hadisənin tarixi və səbəbləri barədə ətraflı danışıblar. Tamaşaçılar ermənilərin XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarına köçürülməsi, Qərbi Azərbaycana və Dağlıq Qarabağ regionuna yerləşən gəlmələrin buradakı azərbaycanlıları sıxışdıraraq ərazidən çıxarması, XX əsrin əvvəllərində baş verən rus inqilablarından sonra ermənilərin artıq sayca üstünlük təşkil etdiyi həmin ərazilərdə Ermənistan Respublikasının və Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, İrəvan xanlığının paytaxtı olmuş eyniadlı şəhərin Xalq Cümhuriyyəti tərəfindən Ermənistana Azərbaycan torpaqlarına bir daha iddia etməmək şərti ilə verilməsi barədə ətraflı məlumatlandırıblar.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən sonra onların bu ərazilərdə yaşayan yerli azərbaycanlılara və digər xalqlara qarşı soyqırımları törətdiyi xüsusi qeyd edilib. Ötən əsrin sonlarında keçmiş SSRİ dağılarkən ermənilərin yaranan qarışıqlıqdan istifadə edərək, xarici havadarlarının dəstəyi ilə Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonu işğal etdiyi vurğulanıb. Qeyd edilib ki, həmin ərazilərdə yaşamış azərbaycanlılar və digər xalqların nümayəndələri öz ata-baba yurdlarından ya didərgin salınıb, ya da qətlə yetirilib. Münaqişənin məhz işğal altında olan Azərbaycan torpaqlarında davam etdiyi verilişdə xüsusi vurğulanıb.

Bildirilib ki, münaqişənin həlli məqsədilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun cəhdlərinə baxmayaraq, Ermənistan rəhbərliyinin tutduğu qeyri-konstruktiv mövqe nəticəsində uzun müddət davam edən danışıqlarda heç bir nəticə əldə edilməyib. Bununla yanaşı, 1994-cü ildə tərəflər arasında atəşkəs barədə razılıq əldə olunsa da, Dağlıq Qarabağda və Ermənistan ərazisindəki ordu hissələri daim Azərbaycana qarşı təxribatlar törədib, mülki əhalini atəşə tutub. Azərbaycan rəhbərliyinin bu təxribatların dayandırılması barədə etdiyi xəbərdarlıqlara baxmayaraq, ermənilər bu hərəkətlərindən əl çəkməyiblər.

Son olaraq sentyabrın 27-də Ermənistan ordusunun dinc əhaliyə, mülki obyektlərə atəş açması Azərbaycanın səbir kasasını daşdırıb və ölkə rəhbərliyi orduya əks-hücuma keçmək barədə göstəriş verib. Münaqişənin belə gərginləşməsinin əsas səbəbkarı Ermənistan rəhbərliyidir. Baş verənlərə görə məhz bu ölkənin hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.

Veriliş boyunca aparıcıların və tamaşaçıların suallarının cavablandıran qonaqlar onları bəzi informasiya vasitələrinin baş verən hadisələri obyektiv qiymətləndiməməsinə, ermənilər və onların havadarları tərəfindən dövriyyə buraxılan feyk xəbərlərə qarşı diqqətli olmağa da çağırılıblar. Qeyd edilib ki, bu məsələdə Azərbaycanın işi haqdır və Ordumuz torpaqlarımızı düşmən tapdağından tam azad edənədək mübarizə davam edəcək.

Veriliş boyu yapon tamaşaçılara hadisələrin obyektiv əks olunduğu videogörüntülər, fotolar və xəritələr də təqdim edilib.