• 10 İyul 2025
logo
Bəxtiyar Əliyev: Beynəlxalq aləmdən gələn təzyiqlər Ermənistanı çıxılmaz vəziyyətə salıb

Bəxtiyar Əliyev: Beynəlxalq aləmdən gələn təzyiqlər Ermənistanı çıxılmaz vəziyyətə salıb

Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatına əks-hücumla cavab verən ordumuz tərəfindən düşmənə sarsıdıcı zərbələr endirilibdir.

Müdafiə Nazirliyinin məlumatına görə: “Sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, altı komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tank əleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin bir S-300 zenit-raket qurğusu sıradan çıxarılıb”.

Çoxsaylı itkilər, strateji yüksəkliklərin, işğal altındakı ərazilərin ordumuz tərəfindən nəzarətə götürülməsi və beynəlxalq aləmdən gələn təzyiqlər Ermənistanı çıxılmaz vəziyyətə salıbdır. Hər yerdən kömək istəyən iğalçı Ermənistan bu dəfə kömək ala bilmədi. Ona görə də erməni xislətilə yenə də şantaj, böhtan və qarayaxma kampaniyasına üstünlük verdi. Feyk xəbərləri geniş tirajlamasına baxmayaraq düşmən dərhal ifşa edilir, həqiqət sübutlarla dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

Ermənistana dəstək verən bəzi dairələr öz çirkin əməllərinə bəraət qazandırmaq, münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədilə Türkiyə Respublikasının ünvanına həyasızcasına növbəti böhtanlar yağdırırlar. Türkiyənin ədalətli mövqeyini onun münaqişədə iştirakı kimi təqdim etməyə cəhd edirlər. Bununla bağlı bildirmək istəyirik ki, münaqişə ilə vasitəçi kimi məşğul olan Minsk Qrupu yalnız üç həmsədr ölkədən-Amerika, Rusiya və Fransadan ibarət deyil. Minsk Qrupun 11 üzvü var və onlardan biri də Türkiyədir. Hesab edirik ki, Ermənistan və ermənipərəst qüvvələr bilərəkdən bu faktı beynəlxalq ictimaiyyətdən gizlətməyə cəhd edərək çaşqınlıq yaratmaq istəyirlər. Türkiyə isə məsələyə ədalətlə, obyektiv yanaşaraq Minsk Qrupu ölkələrinin də səs verdiyi BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasına cəhd edir. Həmin qətnamələrdə deyilir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi toxunulmazdır, ermənistanın işğalçı qüvvələri dərhal və qeyd-şərtsiz işğal etdikləri Azərbaycan Respublikasının bölgələrindən çıxarılmalıdır. Minsk Qrupu üzvü olan hər bir ölkə vicdanla bu qərarın icrasına səy göstərməlidir. Ona görə də Türkiyəni deyil, bu prosesə seyrçi qalan, beynəlxalq hüququn kobudcasına pozulmasına, Ermənistan tərəfindən ayaqlar altına atılmasına və güc tətbiq etməsinə mənəvi məsuliyyət daşıyan dövlətlər tənqid edilməlidirlər. Türkiyə də, Azərbaycan da beynəlxalq hüquqa, insan haqlarına təkcə sözdə deyil, həm də əməldə sadiqlik nümayiş etdirirlər.

İşğalçı Ermənistana sanksiya tətbiq etmək əvəzinə Türkiyəni qaralamaq insan haqlarına, beynəlxalq hüquqa həqarətdir və əxlaqsızlıqdır.

Parisdə 1980-ci illərdə terror törədərək onlarla insanı qətlə yetirən, 1990-cı illərdə isə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında peyda olaraq yüzlərlə azərbaycanlı uşaqları, qadınları, qocaları xüsusi amansızlıqla qətlə yetirən Livandan olan ASALA üzvü Monte Melkomyanın ora necə gəlib çıxmasına Fransa rəsmiləri aydınlıq gətirməlidir. Bu, onların vicdanında silinməz iz salmış “qara ləkədir”. Hələ ki, gec deyil Xocalı soyqırımına məruz qalmış dinc insanlar qarşısındakı günahlarınızı yumaq üçün işğalçı Ermənistana yerini göstərin, 750000 min məcburi köçkünün insan haqlarının bərpasına dəstək verin.

Ermənistan Livandan olan muzdlu, terrorçu Monte Melkonyanı milli qəhrəman elan etməklə, ona abidələr ucaltmaqla, adına küçələr verməklə terrora dəstəyini nümayiş etdirmiş oldu. Bu, yüzlərlə faktdan yalnız biridir. Bütün bunlar bir daha göstərir ki, Ermənistan Livandan, Suriyadan və başqa yerlərdən terrorçuları Dağlıq Qarabağa gətirir və dinc insanları qətlə yetirirlər. Bu, faşizmdir! Bütün dünya ayağa qalxmalı və erməni faşizminə yox deməlidir! Yalnız bundan sonra bölgədə əbədi sülhə və tərəqqiyə nail olmaq olar.

Bəxtiyar Əliyev,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri