• 26 Oktyabr 2020
logo
Oqtay Əsədov: Heç bir fakta söykənməyən bəyanatları Nikol Paşinyanı növbəti dəfə çıxılmaz duruma saldı

Oqtay Əsədov: Heç bir fakta söykənməyən bəyanatları Nikol Paşinyanı növbəti dəfə çıxılmaz duruma saldı

Ordu quruculuğu Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətində həmişə birinci yerdə olub. Dövlətimizin başçısı ordumuz üçün nə lazımdırsa, onun ediləcəyini həmişə vurğulayıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söylədiyi kimi: “Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir”.

Bunu Milli Məclisin deputatı Oqtay Əsədov deyib. Onun sözlərinə görə, sentyabrın 27-dən güclü, iradəli Azərbaycan Ordusu bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatına başlayıb:

"Ordumuz təcavüzkar Ermənistanın növbəti hücumunun qarşısının alınması üçün müvafiq tədbirlər görüb və görməkdədir. Əks-hücum əməliyyatı ilə artıq bir neçə yaşayış məntəqəmiz işğaldan azad edilib, Ağdərə və Murovdağ istiqamətində mühüm yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Keçirilən hərbi əməliyyatlar indi dünya mətbuatının diqqət mərkəzindədir. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiya telekanalları da münaqişə ilə bağlı geniş diskussiyalar təşkil edir, tok-şoular keçirir. Bu gün Azərbaycan həm də informasiya blokadasını yarmalı, erməni yalanlarını alt-üst etməlidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bugünlərdə “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibəsi ilə Ermənistanın, o cümlədən Rusiyadakı erməni lobbisinin ictimaiyyəti aldatmaq cəhdlərinin üstündən birdəfəlik xətt çəkdi. Dövlətimizin başçısının müsahibəsində yüksək dəqiqlik, ardıcıllıq, məntiqlilik və əminlik vardı. Aparıcının “Türkiyənin hərbi əməliyyatlarda rolu”, “Türkiyənin F-16 qırıcısının Ermənistana məxsus hərbi təyyarəni “vurması”, “Suriyadan gətirilən muzdlular Azərbaycan tərəfindən döyüşür” kimi suallara ətraflı aydınlıq gətirən dövlətimizin başçısı bütün bunların Ermənistan tərəfinin yaydığı “feyk” xəbərlər olduğunu bildirdi. Dövlətimizin başçısının “Biz təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin” açıqlaması isə təkcə Ermənistana deyil, bütün dünya erməni lobbisinə ünvanlanmış sərt bəyanat oldu".

O.Əsədov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın proqramda verdiyi açıqlamalar, heç bir fakta söykənməyən bəyanatları onu növbəti dəfə çıxılmaz duruma saldı:

"Ermənistanın baş naziri sərsəm fikirləri ilə özünü yenə biabır etdi. Onun dünya ictimaiyyətini növbəti dəfə yalanları ilə çaşdırmaq cəhdi uğursuz oldu. Bunu rusiyalı ekspertlərin “60 dəqiqə” proqramından sonra Azərbaycan və Ermənistan liderlərinin çıxışları ilə bağlı fikirlərindən də görmək olar. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev “Rossiya-1” telekanalında növbəti dəfə Nikol Paşinyanın yalanlarını ifşa etdi, onu siyasi arenada məğlub etdi.

Paşinyan bundan əvvəl də - BBC-nin “Hard Talk” proqramında da, “Aşqabad dəyirmi masa”sında da, “Münhen debatı”nda da Azərbaycan Prezidentinin peşəkar, səlis, tutarlı, cavabları qarşısında sönük çıxışı ilə siyasi cəhətdən qeyri-yetkin olduğunu göstərmişdir.

Bir sözlə, Azərbaycan Prezidenti “60 dəqiqə” proqramında Ermənistan baş nazirinin Rusiya və dünya ictimaiyyətini aldatmaq məqsədi ilə yaydığı təxribatçı və yalan məlumatlara tutarlı cavab verdi. Bu, həm də Ordumuzun Dağlıq Qarabağda apardığı haqq-ədalət mübarizəsinin tərkib hissəsi sayılmalıdır".