• 22 Oktyabr 2020
logo
Elmira Axundova: Bütün beynəlxalq təşkilatlar, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Elmira Axundova: Bütün beynəlxalq təşkilatlar, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağın Azərbaycana məxsus olması beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələrdə birmənalı olaraq təsdiqlənib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Azərbaycanın Ukraynadakı Səfirliyindən bildirilib ki, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova bu fikirlərini “Ukraina-24” telekanalının xəbərlər proqramında ifadə edib.

Səfir qeyd edib ki, yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirən, döyüş əməliyyatlarını beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyalarının tələblərinə riayət etməklə aparan Azərbaycan Ordusundan fərqli olaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki obyektlərini və yaşayış məntəqələrini atəşə tuturlar. Bundan əlavə, Ermənistan öz hərbi obyektlərini və döyüş texnikasını qəsdən erməni yaşayış məntəqələrinin bilavasitə yaxınlığında yerləşdirir. Azərbaycan Müdafiə Nazirliyi işğal olunmuş rayonların erməni əhalisinə müraciət edərək onların Ermənistan silahlı qüvvələrinin hərbi obyektlərindən uzaq dayanmalarını xahiş edib.

Elmira Axundova daha sonra deyib: “Cəbhədə vəziyyət məsələsinə gəldikdə, Azərbaycan silahlı qüvvələri işğal olunmuş əraziləri azad edərək, əlverişli strateji yüksəklikləri tutaraq, Ermənistandan Dağlıq Qarabağa hərbi texnika və sursat gətirilə biləcək əsas yolları nəzarət altına almaqla irəliləməkdə davam edir”.
Səfir qeyd edib ki, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi və siyasi təxribatları müntəzəm xarakter alıb. O deyib: “İyulun ortalarında baş vermiş hadisələri yada salın. O vaxt Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətinin artilleriya atəşinə tutulması nəticəsində bizim hərbi qulluqçular və bir dinc sakin həlak oldu. Heç kəs üçün sirr deyil ki, birinci atəş açan Ermənistan, birinci həlak olanlar isə azərbaycanlı hərbi qulluqçular olub.

Diplomat vurğulayıb: “Ermənistanın təxribatları Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə deyib ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyük zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, onda hansı danışıqlardan söhbət gedə bilər?! Azərbaycan Prezidenti xalqa müraciətində deyib: “Ermənistanın rəhbərliyi dəfələrlə bəyan edir ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Bu da danışıqlar prosesinə vurulan böyük zərbədir”.

Səfir Elmira Axundova Azərbaycanın haqlı mövqeyini müdafiə edən ukraynalı deputatlara, jurnalistlərə, politoloqlara təşəkkürünü bildirib.
"Bir məsələni anlamalısınız ki, Azərbaycanda torpaqların azad olunması üçün Böyük Vətən müharibəsi gedir”, deyə səfir əlavə edib.