• 20 Oktyabr 2020
logo
Azərbaycan Prezidentinin Ermənistanın son təxribatları ilə bağlı fikirləri xarici mediada

Azərbaycan Prezidentinin Ermənistanın son təxribatları ilə bağlı fikirləri xarici mediada

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündəki çıxışı İspaniyanın böyük oxuyucu kütləsinə malik “La Vanguardıa” qəzetinin (1881-ci ildə Barselona şəhərində təsis edilib) elektron versiyasında geniş işıqlandırılıb.

Məqalədə dövlət başçısı İlham Əliyevin çıxışına istinad olunaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarını tam şəkildə tərk edənədək hərbi əməliyyatların davam edəcəyi bildirilir.

Məqalədə Prezident İlham Əliyevin çıxışından sitatlar gətirilir : “Bizim bir şərtimiz var, Ermənistan silahlı qüvvələri torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək. Biz sülh istəyirik, biz məsələnin həllini istəyirik”.

Ölkə başçısının “Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və buna tam haqqı çatır” fikirləri məqalədə xüsusi olaraq vurğulanır.

Bildirilir ki, artıq dördüncü gündür davam edən döyüşlərin əsas məqsədi tarixi ədaləti bərpa etməkdir. Dağlıq Qarabağ Azərbaycanın doğma, əzəli, tarixi torpağıdır. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində strateji yüksəkliklər, habelə uzun müddət Ermənistanın işğalı altında olan bir sıra ərazilər işğaldan azad edilib. İşğal edilmiş ərazilərimizdə şiddətli döyüşlər gedir və biz itkilər veririk, amma bu dava haqq davasıdır.

Məqalədə Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə 1994-cü ildən etibarən aparılan danışıqların səmərəsizliyini tənqid etdiyi diqqətə çatdırılır: “Bizə ümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbir edin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın”.

Yazıda, həmçinin Prezident İlham Əliyevin çıxışına istinad edilərək, erməni xalqının Azərbaycanın düşməni olmadığı, Azərbaycanın çoxmillətli dövlət olduğu, ölkə ərazisində minlərlə erməninin yaşadığı diqqətə çatdırılır. Bildirilir ki, heç kim onlara qarşı ayrı-seçkilik etmir, onlar Azərbaycan Respublikasının vətəndaşlarıdırlar.