• 1 Noyabr 2020
logo
Hərbi vəzifəlilərin yola salınması davam etdirilir

Hərbi vəzifəlilərin yola salınması davam etdirilir

Azərbaycanda qismən səfərbərlik elan olunması əhali arasında böyük ruh yüksəkliyi yaradıb. Ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarında iştirak etmək, vətənin müdafiəsində döyüşən əsgər və zabitlərimizin yanında olmaq üçün hamı bir nəfər kimi çağırış məntəqələrinə üz tutur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində hərbi vəzifəlilərin yola salınması prosesi davam etdirilir.

Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon bölməsinin qarşısındayıq. Burada çağırışa gələn hər kəsdə sözün əsl mənasında döyüş ruhu hiss olunur.

Azərbaycan Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiq edilmiş plana uyğun olaraq qismən səfərbərliyə cəlb edilmiş vətəndaşlarımız səhər saatlarından başlayaraq çağırış məntəqəsinə gəlməyə başlayıblar. Çağırışçılar arasında hətta hərbi formasını geyərək hazır şəkildə gələnlər də var.

- Bəzi insanlar “tarix yazmağa gedirik” deyirlər. Lakin Qarabağın tarixi yüz illər öncə yazılıb. Ora bizim babalarımızın torpağıdır. İndi kimlərsə müxtəlif yalanlar uydurub, gəlib bizim torpaqlarda oturublar. İnşallah biz gedib onların layiqli cəzasını verib, doğma torpaqlarımızı işğaldan azad edəcəyik.

- İnşallah gedib torpaqlarımızı işğaldan azad edib qayıdacağıq. Buna görə sevincliyəm. Mən də torpaqlarımızın tez bir vaxtda işğaldan azad edilməsini istəyirəm.

- Mən Aprel döyüşlərində də olmuşam. O zaman bizə torpaqlarımızın hamısını işğaldan azad etmək nəsib olmadı. Ancaq bu dəfə, inşallah, bu arzumuz həyata keçəcək.

- Bizlər nə qədər ki varıq, bu vətən yenilməzdir. Biz son damla qanımıza qədər bu torpaq üçün vuruşacağıq. Erməni sevinməsin ki, o torpaqları alıb orada otura bilər.

Övladlarını vətənin müdafiəsinə yola salan valideynlər isə sözün həqiqi mənasında əzm, qürur, inam və sevgi nümayiş etdirirdilər. Bəzi valideynlər hətta övladları ilkin mərhələdə çağırılmadığı üçün könüllü olaraq onlarla birlikdə çağırış məntəqəsinə gəlib, qeydiyyata düşmələri üçün xahiş edirlər.

- Bu gün mən öz oğlumla gəlmişəm. Mən özüm də Qarabağ müharibəsi veteranıyam. Şükürlər olsun ki, bu günü səbirsizliklə gözlədik və axır ki, gördük. Ali Baş Komandanın əmri ilə artıq hamı irəli doğru gedir. Bu, böyük bir nailiyyətdir.

- Mən çox ruh yüksəkliyi ilə oğlumu, iki bacım oğlumu gətirmişəm. Mənim özüm də yazılmışam, amma hələ ki çağırmayıblar. Biz Ali Baş Komandana ümidliyik. Onun hər bir sözünə inanırıq. Biz qələbə arzulayırıq.

- Mən qardaşım oğlunu yola salıram. İnşallah, qələbə ilə qayıdacaqlar. Azərbaycanın güclü ordusuna inanırıq, güvənirik ki, qələbə ilə qayıdacaqlar. Bütün torpaqlarımızı alacaqlar, xoş sədalarla evlərinə dönəcəklər.

- Bütün Azərbaycan balaları hamısı sağ-salamat gedib qayıtsınlar. Bizim heç kimin torpağında gözümüz yoxdur. Biz öz torpağımızı istəyirik.

- Valideyn olaraq övladımı və bacımın balasını yola saldım. Hər ikisi həkim idi. Amma özləri orada döyüşməyi üstün tutdular. Sənin, mənim balam yoxdur. Hamısı mənimdir, bizimdir. Torpaq da bizimdir, vətən də bizimdir, oğullar da bizimdir.

- Öncə demək istəyirəm ki, Allah şəhidlərimizə rəhmət eləsin. Əsgərlərimizə isə uğur arzulayıram. Arzu edirəm ki, tezliklə üçrəngli bayrağımız Qarabağda, Ağdamda, Şuşada dalğalansın.

Toplanış tədbirindən sonra isə çağırışçılar avtobuslara mindirilərək, alqış sədaları altında təyin olunan hərbi hissələrə yola salınıblar. Allah amanında, igidlər!